Ötən il hər altıncı uşaq rəsmi nikahdan kənar doğulub. Bu nə deməkdir?" />

Azərbaycanda nikahdankənar uşaqlar

Ötən il hər altıncı uşaq rəsmi nikahdan kənar doğulub. Bu nə deməkdir?

Azərbaycanda uşağın dünyaya gəlmə yolu evlilikdən “keçir”: adətlərə uyğun elçilik, nişan, nikah mərasimi, kredit bahasına da olsa təntənəli toy. Amma faktiki bütün bu mərhələləri keçməyənlər də var.

2016-cı ildə Azərbaycanda 26 mindən çox uşağı rəsmi nikahda olmayan qadınlar dünyaya gətirib.

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı (Dövlət Statistika Komitəsinin məlumatına görə)

Diridoğulan uşaqların ümumi sayına nisbətən, faizlə (Dövlət Statistika Komitəsinin məlumatına görə)

Bu rəqəmlərin arxasında nələrin durduğunu aydınlaşdırmağa çalışacağıq.

Zemfira

30 yaşlı Zemfira Ağayevanın [ad şərtidir – red.] 3 övladı var. Danışdıqca sanki film izləyirsən. Gözəl simalı qadın ara-bır gözünün yaşını silir, amma çox da narahat görünmür. Bəlkə də qayğı çəkməyə alışqan olduğu üçündür.

Söhbət arasında həyətdə oynayan uşaqlarına da sakit səslə təpinir.

İlk övladını 17 yaşında dünyaya gətirib. Özündən 15 yaş böyük kişi ilə nikahsız yaşayıb. 7 aylıq hamilə olanda kişi onu tərk edib, uşaq doğulandan sonra isə yenidən qayıdıb. 1 il bir yerdə olublar və ata yenidən yox olub. Bu dəfə həmişəlik.

Uşağın atasını axtaranda isə məlum olub ki, adam evlidir. Uşağa heç soyadını da verməyib və uşaq indi anasının soyadını daşıyır.

Zemfira başqa biri ilə tanış olub. Budəfəki namizəd onun əvvəlki həyatını bilib, qəbul edəcəyini deyib. Birinci uşağını anasının qəyyumluğuna verərək ikinci bərabərliyinə başlayıb. Bu dəfə də rəsmi nikahsız. Çünki oğlanın anası qızın keçmişinə görə rəsmi nikaha qətiyyən razılaşmayıb.

Bir-birinin ardınca 2 oğlu doğulub. Bərabər ər-arvad kimi yaşasalar da nikah rəsmiləşdirilməyib. Uşaqlara isə doğum haqqında şəhadətnamə illər sonra, məktəb ərəfəsində alınıb. Ata uşaqlara soyadını verib.

“Uşaqlara da, mənə də yaxşı baxırdı. Anası rəsmi nikah istəməmişdi, o da hər dəfə bəhanə gətirirdi. Uşaqlara və mənə baxdığına görə razılaşırdım. Birinci uşağım ara-sıra bizə gəlirdi, mən onu görməyə anamın yanına gedirdim. Biz ev tikdirib köçəndən sonra hər şey dəyişdi, məni döyürdü, uşaqlara baxmırdı.

Bu arada anam da öldü, qardaşım birinci uşağımı internata verdi. İndi onun harada olduğunu mənə demirlər, 2 ildir görmürəm, ailəm məni silib.

Bir dəfə də yoldaşım məni dükandan halva aldığıma görə möhkəm döydü, uşaqları da götürüb evdən çıxdım, sığınacağa gəldim. İkinci dəfədir ki, sığınacağa gəlirəm”.

Zemfira indi həm birinci uşağını axtarır, həm də digər iki uşağının gələcəyini düşünür. Rəsmi nikah tələb etmir. Yeganə istəyi evə qayıtmaqdır. İki uşağa baxacaq durumu yoxdur.

Ailənin onu qəbul etməməsinin də ayrıca hekayəsi var. Birinci dəfə hamilə olub atası evinə qayıdanda 9-cu sinifdə oxuyan qardaşı intihar edib. Ailə qardaşının bu hərəkətini Zemfiranın nikahsız, evli adamla bərabər olub hamilə qalmasında görür, onu günahlandırır.

Qanun nə deyir?

Ailə Məcəlləsinə görə, uşaq dünyaya gəldikdən sonra onun mənşəyi müəyyən edilir. Uşağın bioloji atasının adı doğum haqqında şəhadətnaməyə yazıldığı andan uşaq müəyyən hüquqlara malik olur. Şəhadətnaməni uşaq anadan olanda xəstəxanada verilən sənəd əsasında müvafiq icra hakimiyyəti verir. Bu sənəd olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Ana ilə nikahda olmayan şəxsin atalığı uşağın ata və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Atalıq müəyyən olunduqda, həmin uşaq rəsmi nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyır. Amma ata uşağı qəbul etmirsə, o, ananın və ya qəyyumunun adında qalırsa, iş məhkəməyə daşınır.

 

Qonşular nə deyər?

Patriarxal Azərbaycan cəmiyyəti üçün ailədə nikahdan kənar uşağın doğulması nəinki arzuedilməzdir, qətiyyən yolverilməzdir. Qadının növbəti evlilik şansını itirməsi, ömrünün axırına qədər ictimai qınağa məruz qalması ilə yanaşı, uşaq da “bicbala” damğası ilə damğalanır. Buna görə heç də hər qadının nikahda olmadan uşaq dünyaya gətirməyə cəsarəti çatmaz. Şüurlu şəkildə “özü üçün” övlad dünyaya gətirmək, onu təkbaşına böyütmək və tərbiyə etmək qərarı çox nadir hadisədir.

Statistikaya baxdıqda düşünmək olar ki, Azərbaycanda 26 mindən çox qadın vətəndaş nikahı qurmağa cəsarət edib. Amma onların böyük əksəriyyətini bütün adət-ənənələr əsasında – elçilik, nişan, toy – qurulan, amma dövlət qeydiyyatının iqnor olunduğu ailələr təşkil edir.

Rəsmilər nə deyir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova qeyri-rəsmi nikahdan doğulan uşaqları 2 qrupda təsnifləşdirir: “Birinci qrup ailə quran, lakin münasibətlərini kağız üzərində rəsmiləşdirməyən ailələrdir. Bu cür ailələr normal münasibətlər çərçivəsində yaşayır, övladlarından imtina etmirlər.

İkinci qrup isə müəyyən müddət bir yerdə yaşadıqdan sonra yollarını ayırır. Bu cür cütlüklərin övladlarında psixoloji problemlər daha çox müşahidə edilir. Maddi problemlər də yaranır. Tək ananın qazancıyla övlad təmin etmək olmur».

Bu da başqa bir problemdir – Veysəlovanın sözlərinə görə, Azərbaycanda tənha anaların sayı 9 min nəfərə yaxındır və onların əksəriyyəti özünü və övladını dolandırmaq iqtidarında deyil. Bir çox ailələrdə qadının bir ömür maddi cəhətdən atasından və ya ərindən asılı olduğu patriarxal həyat tərzinin hökm sürməsi onlara təhsil alıb, iş tapmağa mane olur.

Nikahsız doğulan uşaqların sayının artmasında azad münasibətlərin təsirinə gəlincə, komitə rəsmisi Avropa ilə Azərbaycanı müqayisə edir: “Avropa qeyri-rəsmi münasibətlərə daha çox üstünlük verir, lakin Avropada heç kəs birgə yaşayış məsuliyyətindən boyun qaçırmır, qanunlar çox sərtdir. Azərbaycanda azad münasibətlər ailə modelimizi əvəzləyə bilməyəcək. Bizdə daha çox təhsilsiz, məlumatsız cütlüklər bu cür münasibətlərə maraq göstərir”. Hələlik isə komitə problemin həllini maarifləndirmədə və rəsmi nikah olmadan dini nikah kəsən mollaların cəzalandırılmasında görür. Bu sahədə bir qədər irəliləyiş var, çünki az əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu yolla qanunları “yan keçən” din xadimlərinin çox sərt cəzalandırılacağını vəd etdi.

Evlənmədən boşanma

Bəziləri deyir ki, nikahın rəsmiləşdirilməməsinin səbəblərindən biri də boşanmaların artmasıdır. Daha doğrusu, bu zaman ortaya çıxacaq əmlak bölgüsü. Oğlan tərəfi bu problemi yaranmamışdan həll etməyə çalışır – nikah rəsmiləşdirilmir və problem yoxdur. Məsələn, uzun müddət sığınacaqda qalan 2 uşaq anası Leyla Səfərova (ad, soyad şərtidir) deyir ki, elçilik, nişan, toy mərasimləri adət-ənənəyə əsasən olub. Ancaq nikah rəsmiləşdirlməyib: “Dedilər ki, oğlanın sənədlərində problem var, həll olan kimi nikah bağlanacaq. Toydan 2 ay sonra hamilə qaldım. Qaynanam açıq dedi ki, nikah rəsmiləşdirlməyəcək. Çünki rəsmiləşdirilsə, məni evə qeydiyyata salmalıdırlar, bunu istəmədilər. Əgər ayrılsaq, evdən mənə pay düşməsin deyə. 11 il sonra ayrıldıq, uşaqlar atalarının soyadını daşısa da, ayrılanda mənə heç nə verilmədi. Məhkəmə yolu ilə uşaqlara aliment kəsildi, vəssalam”.

Erkən nikah və ikili həyat

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova:

“Nikahdankənar uşaqların bu qədər çox olmasının səbəblərindən biri də erkən evliliklərdir. Qızlar nikah yaşı tamam olmadan ərə verilir və bu zaman doğulan uşaqlar nikahsız kimi qeydiyyata alınır. Məsələn, 2015-ci ildə rəsmi qeydə alınmamış nikahda olan 15-19 yaşlı qadın tərəfindən 6370 uşaq doğulub. 15 yaşında nikah qeydə alına bilməz.

İkinci səbəb ikili həyatdır. Yəni, kişinin rəsmi ailəsi var, ancaq kənarda başqası ilə bərabər olur və vətəndaş nikahından uşaq dünyaya gəlir.

Üçüncü qrupda cütlük ailə həyatı qurduğu halda nikahı rəsmiləşdirmir”.

Sevda

Növbəti qəhrəmanımız ikinci kateqoriyaya daxil olan kişinin “qurbanıdır”. Hərçənd ki, özü bu ifadəni xoşlamır.

Sevda Əzizova [ad-soyad şərtidir – red.] düz 32 il əvvəl tələbə kimi rayondan Bakıya gəlib. Gəldiyi rayonda ailə ənənəsi, oğlan-qız münasibətləri mühafizəkar olub. Atası su idarəsində mühəndis, anası müəllim işləyib.

“Məktəbi bitirib Bakıya gəldim. Tibb İnstitutuna daxil oldum.

1985-ci ildə Bakıya gəlmişəm, 1986-da bir nəfərlə tanış oldum. Çox yaraşıqlı adam idi. Tanış olanda mənim 19, onun 26 yaşı vardı. İmkanlı ailənin övladı idi, deyirdi ki, tək uşaqdır. İndi “məni aldatdı” desəm, nə olacaq ki? Amma əslində məni aldatdı, sən demə nişanlı imiş. Hamilə olduğumu biləndə dedi ki, ana-atası onu öldürər, çünki elmi rəhbərinin qızı ilə nişanlıdır. Yəni yaxşı gələcək onu gözləyir. O zaman hər şey fərqli idi. İndiki kimi məlumatlı deyildik, evdən də qorxurdum, heç nə deyə bilmirdim.

Mənə münasibəti yaxşı olan ev sahibim bəlkə də bir məsləhət verərdi, amma biləndə ki, hamiləyəm artıq gec idi. Uşaq 7 aylıqdı. Abort mümkün olmadı.

Atam dedi ki, övlad qatili olmaq istəmir, amma məni bir də rayonda görməsin. Anam gizlincə kömək edirdi. Ev sahibim yaşlı rus qadın idi, o da mənə çox kömək oldu”.

Sevda xanım uşağını dünyaya gətirib, təhsilini də başa vurub. Bu illər ərzində bir dəfə də olsun doğulduğu rayona getməyib. Qohumlarından ancaq anası ilə görüşüb, o da gizlində. Anası vəfat edəndən sonra ailə ilə bütün bağları qopub.

Tənha ana kimi yaşamaq isə asan olmayıb: “O zaman qanunlar sərt idi, məndən neçə dəfə sahə milisi uşağın atasının kimliyini soruşmuşdu, demirdim, hətta bir dəfəsində dedi ki, guya mənim təcavüzə məruz qaldığımı deyib cinayət işi açacaqlar. Ev sahibim işə qarışdı, qanunları bilirdi, dedi ki, mən istəməsəm, kimsə uşağımın atasını tapa bilməz.

Uşağa öz soyadımı verdim. Nə çətinliklər çəkdiyimi bir özüm bilirəm, bir ev sahibim, bir də Allah. Oxuyub bitirdim. Ən böyük qorxum təyinatdan idi. O vaxt təyinatla rayonlara göndərirdilər. Yanımda atasız uşaqla rayona getmək istəmirdim.

İş elə gətirdi ki, SSRİ dağıldı, təyinat söhbəti olmadı, Bakıda qaldım, işlədim, uşağımı saxladım. Uşaq həkimi ola-ola çörək sexində işlədim. Kim idi məni həkim kimi pulsuz işə götürən? Həm də çörək sexində maaşdan başqa pulsuz çörək, bulka da verirdilər. Çörəkləri saxlayıb bulkanı satırdım.

Sevda xanım bu illərdə bir dəfə də olsun ailəsindən, qohumlarından kömək görməyib, uzun illər kirayələrdə yaşayıb, oğlu Texniki Universiteti bitirib, iş üçün Rusiyaya gedib: “Rusiyaya getməsi təkcə işə görə olmadı. Bir qrupda oxuduğu qızı sevirdi. Qız da bunu. Elçi getdim, qızı vermədilər. Öyrənmişdilər ki, uşağım atasızdı. Bundan sonra oğlum incidi, ürəyi sındı, Rusiyaya getdi.

Pul qazandı, torpaq alıb balaca bir ev tikdirdik. Orda bir özbək qızı ilə tanış oldu, evləndilər, iki uşaqları var. Mən də daha işləmirəm, indi mənə oğlum baxır. Tez-tez gedirəm yanına, o da gəlir ailəsi ilə”.

Sevda xanım söhbət boyunca bir dəfə də onu yarıyolda buraxan kişidən söz açmır. Gözlədiyimizin əksinə, ona qarğış eləmir. “Qismət” deyib durub. Ailə də qurmayıb. Dediyinə görə, elçi düşənlər olub, amma razılaşmayıb:

“Biri vardı, deyirdi ki, uşağı qoy internata evlənək. Elə qovdum ki. “Gəl, səni saxlayım” deyənlər də oldu. Razılaşmadım. Dalımca danışanlar olurdu, bir yerə gedəndə ərlərindən möhkəm-möhkəm tutan qadınları görüb gülürdüm. Guya bunların ərini əlindən alacağam. Elə günlər oldu ki, təkcə sexdən gətirdiyim çörəyi yedik. Amma oğlumu özüm saxladım, heç kəsə möhtac eləmədim.

Oğlum sağ olsun, bir dəfə də məndən heç nə soruşmadı, instituta qəbul olunanda özüm açıb hər şeyi danışdım. Dedim əgər atasını axtarıb tapmaq istəyirsə, adını deyim, soraqlaşıb tapsın. İstəmədi”.

“Bir şey var?” – toydan sonra gəlinə ən çox verilən sualdır. “Bir şey” dedikləri uşaqdır, Azərbaycan ailəsinə çox zaman plansız, amma sənədlə gələn balaca. “Bir şeyin” nişansız və toysuz dünyaya gəlməsi azərbaycanlılar üçün fəlakətdir və heç bir statistika bunu dəyişə bilməz.


More on JAMnews