700-dən çox sübut və bir neçə cild – 10 ilə yaxındır ki, Strasburq məhkəməsində olan iş həlledici fazaya girir" />

“Gürcüstan Rusiyaya qarşı” – Strasburq məhkəməsində avqust müharibəsi ilə bağlı proses yekunlaşır

700-dən çox sübut və bir neçə cild – 10 ilə yaxındır ki, Strasburq məhkəməsində olan iş həlledici fazaya girir

 Gürcü qadınlar Sxinvali yaxınlığındakı doğma kəndlərini ağlayaraq tərk edir. 12 avqust 2008-ci il. Foto: REUTERS/Qleb Qaraniç 

“Gürcüstan Rusiyaya qarşı – iş №2” – Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsində dinləməsi mayın 23-də baş tutan iş bu cür adlanır. Bu iş 2008-ci il avqust müharibəsi zamanı və sonrakı dövrdə  Gürcüstana və Gürcüstan vətəndaşlarına qarşı törədilmiş haqsızlıqlarla bağlıdır. Bu gün Avropa Məhkəməsində 10 ildir ki, araşdırılan bu işlə bağlı son iclas baş tutacaq. Bundan sonra bir neçə ay ərzində məhkəmə hökm çıxaracaq.

Azadlıq Radiosu xəbər verir ki, Gürcüstan Ədliyyə Nazirliyinin bəyanatına görə, Gürcüstan tərəfi tutarlı sübutlar təqdim edib, bu da işin uğurlu yekununa ümid etməyə əsas verir.

Strasburq Məhkəməsində Gürcüstanın mövqeyi

Gürcüstan Rusiyaya qarşı iddianı Strasburq Məhkəməsinə 2008-ci il avqustun 11-də göndərib. Yarım il sonra – 2009-cu il fevralın 6-da iddiaya dəqiqləşdirmə və bir sıra təfərrüat əlavə olunub. 2011-ci il dekabrın 13-də açıqlanan qərarla Strasburq Məhkəməsi Gürcüstanın iddiasını rəsmən icraata qəbul edib.

Gürcüstan avqust müharibəsi işi üzrə Rusiyanı Avropa Konvensiyasının 8-ci maddəsini pozmaqda günahlandırır. Gürcüstan hesab edir ki, Rusiya müharibə zamanı və sonrakı dövrdə Gürcüstan vətəndaşlarının yaşamaq haqqını pozub, onları işgəncəyə məruz qoyub, insani ləyaqətini alçaldıb, azadlıq və təhlükəsizlik hüquqlarını, şəxsi və ailə həyatının müdafiəsi hüququnu, ədalətin qorunması hüququnu, əmlak hüququnu, təhsil və azad hərəkət hüququnu pozub.

Gürcüstanın mövqeyi: müharibə zamanı və sonraklı dövrdə Gürcüstan vətəndaşlarına münasibətdə kütləvi hüquq pozuntularının məsuliyyəti bütövlükdə Rusiyanın üzərinə düşür, çünki Rusiya yurisdiksiyası münaqişə regionlarında da tətbiq edilir. Bu yanaşmanı Gürcüstan bir neçə sübutla qüvvətləndirib:

  • Rusiya de-fakto hakimiyyətlərin hərbi hazırlığında iştirak edir;
  • Rusiya de-fakto respublikalarda yüksək vəzifəli şəxsləri təyin edir;
  • Rusiya bu regionlara maliyyə və iqtyisadi yardım həyata keçirir;
  • Rusiya bu regionların sakinlərinə Rusiya pasportlarını paylamaqla məşğul olub və onlar üçün vizasız rejim tətbiq edib;
  • Bu regionlarda Rusiya qanunvericiliyi tətbiq edilir;
  • Bu ərazilərdə Rusiya ordusu yerləşdirilib;
  • Tanınmamış Cənubi Osetiya ərazisində Rusiya Silahlı Qüvvələrinin təlimləri keçirilir, bu cür təlimlər hərbi planlara uyğun olaraq avqust müharibəsindən çox əvvəl də keçirilirdi;
  • Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.

Avropa İnsan Haqları Məhkəməsi ümumilikdə 33 nəfər şahidin ifadəsini dinləyib, Gürcüstan tərəfinin təqdim etdiyi arasında video və foto materialların, radar göstəricilərinin, ekspert rəylərinin, müşahidə kamerası görüntülərinin, seysmik stansiyanın partlayışları təsdiqləyən qeydlərinin, şahid ifadələrinin, peyklərin görüntülərinin, beynəlxalq tyəşkilatların hesabatlarının, telefon danışıqlarının səs yazısının, ərazilərin minadan təmizlənməsi üzrə əməliyyatların hesabatlarının da olduğu 700 sübutla tanış olub.

İşdəki əsas sübut avqustun 12-də Qori şəhərinə atılan “İskəndər” raketinin qəlpələri və bu qəlpələri tədqiq edən ekspertlərin rəyidir. 2008-ci il müharibəsini işıqlandıran holland operator Stan Storimans məhz “iskəndərin” partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olub.

Holland jurnalist Yeroen Akermans həmkarı operator Stan Storimansa kömək etmək istəyir. Storimans 2008-ci il avqusun 12-də Qori şəhərinin “iskəndər” raketləri ilə atəşə tutulduğu zaman həlak olub. Fotoları Qleb Qaraniç çəkib – REUTERS. Qaraniç deyir ki, raket partlaması nəticəsində azı 5 nəfərin həlak olduğunu, azı 4 mülki şəxsin yaralandığını öz gözləri ilə görüb.

Qoridə partlayış zamanı Storimansın yanında olan həmkarı, holland jurnalist Yeroen Akermans Strasburq Məhkəməsinin iclasına gəlib. Akermans həmkarının ölüm şəraitinin araşdırması ilə bağlı sənədli film çəkib. Bu film Gürcüstanın təqdim etdiyi sübutlar sırasındadır.

Avqustun 12-də Qorinin bombardman edilməsi kadrları. Hollandiya televiziyasının operatoru da bu zaman həlak olub.

“Tarixi proses”

“Tarixi proses” – Gürcüstan işini bu cür adlandırırlar. Ədliyyə Nazirliyi bildirir ki, “Gürcüstan Rusiyaya qarşı” işi Avropa İnsan Haqları Məhkəməsi üçün presedentdir, çünki “məhkəmə ilk dəfədir ki, beynəlxalq səviyyədə silahlı münaqişə gedişatında aktiv döyüş əməliyyatları ilə əlaqəli bu dərəcədə irimiqyaslı işə baxır və bu kontekstdə məsələ beynəlxalq humanitar hüquq və insan haqları nöqteyi-nəzərindən çox önəmlidir.

“Diqqətimizi bütün əsas sübutlara cəmləyirik. Bizim tələbimiz ədalətlidir. Başqa cür ola da bilməz, çünki Gürcüstan demokratik dəyərləri olan hüquqi dövlətdir. Bu mübarizə ədalət üçündür və bu mübarizədə güzəşt olmayacaq”, – Gürcüstanın ədliyyə nazirinin müavini Qoça Lortkipanidze “Rustavi -2” telekanalına müsahibəsi zamanı bildirib. Məhz Ədliyyə Nazirliyi iki britaniyalı vəkillə birlikdə Gürcüstanın maraqlarını Strasburq Məhkəməsində təmsil edirlər.

Gürcüstanda bu işlə bağlı müzakirə gedərkən onun regional dəyərini də qeyd edirlər – Ədliyyə Nazirliyinin bəyanatına əsasən, Strasburq Məhkəməsinin qərarı Gürcüstan, Ukrayna və Moldova münaqişələri nöqteyi-nəzərindən böyük rol oynayacaq, “çünki hüquqi normaların qüvvətlənməsinə şərait yaradacaq və bu münaqişələrin siyasi səylərlə nizamlanması bu normalar çərçivəsində həyata keçməlidir”.

İşə Strasburq Məhkəməsinin Böyük Palatasında baxılır. Böyük Palatanın tərkibi 17 ölkənin hakimlərindən ibarətdir ki, onlar arasında Gürcüstan və Rusiyadan olan hakimlər də var. Böyük Palatanın sədri Avropa İnsan Haqları Məhkəməsinin prezidenti Qvido Raymonddur.

Bu, Gürcüstanın Rusiyaya qarşı Strasburq Məhkəməsinə yönləndirdiyi ikinci iddiasıdır. Birinci iddianı Gürcüstan tərəfi 2007-ci ildə – Rusiya 2006-cı ildə Gürcüstanın 2 min nəfər vətəndaşını öz ərazisindən qovandan sonra qaldırmışdı.


More on JAMnews