İlk oyun 5-0 hesabı ilə Ağdam klubunun xeyrinə bitib " />

Futbol üzrə Çempionlar Liqasında Azərbaycanın “Qarabağ” komandası Gürcüstanın “Samtredia”sını darmadağın edib

İlk oyun 5-0 hesabı ilə Ağdam klubunun xeyrinə bitib

Azərbaycan çempionu “Qarabağ” futbol klubu Avropa Çempionlar Liqasının ilk oyununda 5-0 hesabı ilə Gürzüstanın “Samtredia” komandası üzərində qəti qələbə qazanaraq, praktiki olaraq turnirin növbəti mərhələsində iştirakını təmin edib.

Qarabağ” oyuna şübhəli formada yaxınlaşdı, bütün hazırlıq oyunlarında məğlub oldu, üstəlik bəzilərini böyük hesabla. Amma Azərbaycanın ən populyar komandasının azarkeşləri onun qələbəsinə inanırdı və Bakının Tofiq Bəhramov adına stadionunun tribunalarının demək olar ki, dörddə üçü dolmuşdu.

Oyunun lap əvvəlində “Qarabağ”ın ən böyük fan-klubunun üzvləri ilə insident yaşanmasaydı, tamaşaçılar daha çox ola bilərdi. “İmarət” fan-klubunun üzvlərinə “siyasi məzmunlu” iri plakatı tribunada açmağa icazə verilməyib. Plakat bir həftə öncə Ermənistan qoşunlarının açdığı atəş nəticəsində həlak olan iki yaşlı Zəhra Quliyevaya həsr olunub və üzərində “Siz axıtdığınız hər damla qana görə cavab verəcəksiz” sözləri yazılıb. Amma polis bunun ardınca Avropa Futbol İttifaqının cərimədən tutmuş diskvalifikasiyaya qədər sanksiyalarının gələcəyini ehtimal etdiyi üçün fanatlara bu plakatı açmağı qadağan edib. Etiraz əlaməti olaraq “İmarət” azarkeş klubunun üzvləri tam tərkiblə stadionu tərk ediblər.

 

“İmarət” 1993-cü ildə Qarabağ müharibəsi gedişatında Ağdam şəhərində dağıdılmış stadionun adıdır. Hazırda “Qarabağ” klubunun bazası Aşağı Qarabağda Ağdam rayonunun Azərbaycan tərəfinin nəzarətində olan Quzanlı qəsəbəsində yerləşir, amma komanda beynəlxalq səviyyəli oyunlarını Bakıda keçirir..

Gürcüstan komandasının azarkeşləri də stadionda olmayıb. Bütün stadionda biz ancaq bir Gürcüstan bayrağı gördük, o da mətbuat üçün ayrılmış yarusda asılmışdı. Ola bilər ki, gürcü azarkeşlər iki il əvvəl baş vermiş insidentdən sonra Bakıya gəlməmək qərarı alıblar. Azərbaycan KİV-in yaydığı məlumata görə, o zaman Tbilisi stadionunun tribunalarında siyasi və millətçi şüarlar səsləndirilib, oyundan sonra isə “Dinamo-ultras” fanat klubunun üzvləri azərbaycanlı azarkeşləri döyüblər.

Böyük hesaba baxmayaraq, oyun ümumiyyətlə maraqsız keçib. Hər iki komanda çoxsaylı səhvlərə yol verib, bu da onların mövsümün əvvəlində pis formada olduğunu göstərir. Gürcülərin qapısına iki mübahisəli penalti təyin edən türk hakim də “seçilib”. “Samtredia”nın baş məşqçisi Qia Tsetsadzenin oyundan sonrakı mətbuat konfransında hakimin ədalətsizliyindən şikayətlənməməsi və “biz hakimə görə deyil, “Qarabağ” daha güclü olduğu üçün məğlub olduq” deməsi, ona qarşı rəğbəti artırıb.

Cənubi Qafqaz derbisinin cavab oyunu iyulun 18-də Gürcüstanda baş tutacaq.


More on JAMnews