JAMnews-un icmalında turnirin 10 ən parlaq məqamı " />

Futbol üzrə 2018-ci il Dünya Çempionatı nə ilə yadda qalacaq? Foto və hekayələr

JAMnews-un icmalında turnirin 10 ən parlaq məqamı

Bütün dunyada yüz milyonlarla azarkeşin izlədiyi Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı başa çatıb. Futbolsevərlər və ekspertlər razılaşırlar ki, birincilik son illərin ən parlaq hadisəsi olub.

Böyük Avropa ölkələrinin əksəriyyətinin rəhbəri (yığma komandası finala çıxan Fransanın prezidenti Emmanuel Makron yeganə istisna olub) Rusiyaya futbol üzrə Dünya Çempionatını izləməyə gəlməyib.

Onlar bunu çempionatın ölkədə hakimiyyəti konstitusiyaya zidd olaraq əldə saxlayan Vladimir Putinin reytinqinin yüksəldilməsinə xidmət etməsi ilə arqumentləşdiriblər.

Qərb siyasətçilərinin futbol üzrə Dünya Çempionatını total şəkildə iqnor etməsi ilk dəfə baş verir.

JAMnews Reuters-in fotolarının köməyi ilə çempionatın ən parlaq məqamlarını xatırlayır.

Dünya Çempionatının püşkatmasının nəticəsinə görə turnirin ikinci günü artıq iki favoritin oyunu baş tutub. Avropa çempionu Portuqaliya yığması dünyanın ən güclü komandalarından biri olan İspaniya ilə qarşılaşıb.

Oyun azarkeşlərin hətta ən optimist gözləntilərini də üstələyib. Komandaların hər biri üç qol vurub, bu qollardan bəziləri çox gözəl alınıb, Kriştianu Ronaldu het-trikə imza atıb, yekun hesab isə son dəqiqəyə qədər aydın olmayıb, sonda isə  portuqallar hesabı bərabərləşdirə biliblər.

Fotoda: Kriştianu Ronaldu hakim Sezar Arturo Ramosla mübahisə edir, Uruqvay-Portuqaliya oyunu, 30 iyun 2018-ci il, Çoçi şəhəri. REUTERS/Toru Hanai

Ekspertlərin ilkin proqnozlarına əsasən almanlar turnirin əsas favoritlərindən hesab edilir. Ötən Dünya Çempionatında məhz onlar qalib olmuşdular. Bununla belə, təcrübəli Almaniya yığması pley-offa çıxa bilməyib. Artıq birinci mərhələdə onlar sensasiyalı şəkildə Meksikaya məğlub olublar. İkincidə isveçlərə çətinliklə qalib gəliblər, özlərinin çempionatdakı son oyunlarında isə yaponlar üzərində qələbə çala bilməyiblər.

Fotoda: Azarkeşlər Almaniya-Meksiya oyunu zamanı, 2018-ci il iyunun 17-də Berlində Branderburq darvazası qarşısına toplaşıb. REUTERS/Hannibal Hanschke

Xorvatiya həmişə Avropanın yaxşı komandalarından biri sayılıb, amma böyük turnirlərdə heç vaxt favorit rolunda çıxış etməyib. Xorvatiya yığmasının tarixi boyu ən böyük nailiyyəti 20 il əvvəl qazandığı Dünya Çempionatının bürünc medalı olub.

Qrup mərhələsinin bütün oyunlarını əminliklə qazanan xorvatlar pley-offa çıxıb, Danimarka, Rusiya və İngiltərə yığmalarını da məğlub edərək öz tarixləri boyu ilk dəfə dünya birinciliyinin finalına çıxıblar.

Fotoda: Azarkeşlər Zaqrebdə Xorvatiya-İngiltərə yarımfinal oyununu izləyir, 11 iyul 2018. REUTERS/Antonio Bronic

Pley-off mərhələsinin ən baxımlı oyunu Fransa və Argentina yığmalarının görüşdüyü 1/8 final oyunu olub. Bu oyunda gah bir, gah digər komanda liderlik edib, hər iki komanda gözəl qollar vurub və hücum futbolu nümayiş etdirib. Dəqiqə başı kadra düşən Əfsanəvi argentinalı oyunçu Dieqo Maradona öz həmyerlilərinə hədsiz emosional halda azarkeşlik edib. Yekun hesab 4-3 fransızların xeyrinə olub.

Fotoda: Argentinalı Markos Rodjo Nigeriya-Argentina oyununda vurduğu ikinci qolun xoşbəxtliyini yaşayır. Sankt-Peterburq, 26 iyun, 2018. REUTERS/Henry Romero

Çempionatın ən başında Rusiya turnirdə təmsil olunan komandalar arasında ən aşağı FİFA reytinqinə sahib idi. Buna görə də, Rusiya yığmasının qrupdan çıxması və ¼  finala qədər gəlib çatması şübhəsiz gözlənilməzdi.

Çempionatın ən güclü komandalarından biri olan İspaniya yığması üzərində qələbə və Xorvatiya yığması ilə ləyaqətli oyun müasir Rusiya futbolu tarixində ən gözəl məqamlardan olub.

Fotoda: İspan Dieqo Kosta rusiyalı Sergey İqnaşeviçlə, İspaniya-Rusiya oyunu, 1 iyul 2018, Moskva. REUTERS/Carl Recine

Bu çempionat hakimlərin qərar qəbul etmək üçün video-təkrardan istifadə edə bildikləri ilk böyük turnir olub. Praktiki olaraq hər bir oyunda arbitrların bu imkandan yararlandığı mübahisəli məqamlar qeydə aalınıb. Ən çox video-təkrarlar oyunun nəticəsini müəyyən edə biləcək penaltilərin təyin olunmasında həlledici amilə çevrilib.

Fotoda: İsveç yığmasının oyunçusu Andreas Qrankvist İsveç-Koreya oyununda vurduğu ilk qolun sevincini yaşayır. 18 iyun 2018. Nijni Novqorod. REUTERS/Matthew Childs 

FIFA bu Dünya Çempionatını ən seksist turnir adlandırıb. Bu, əsasən çempionat oyunlarının yayım rejissorlarının işi ilə bağlıdır, onlar tribunalarda olan kişi azarkeşlərdən daha çox gözəl qadın azarkeşləri göstərməyə üstünlük veriblər.

Bundan başqa dəfələrlə kişi azarkeşlərin çempionatı işıqlandıran qadın reportyorlara qarşı qeyri-etik davranışları da baş verib. Müxtəlif telekanalların canlı yayımında kişi azarkeşlərin qadın jurnalistləri öpməyə və ya onlara toxunmağa çalışdığı epizodlar yer alıb. Bu fanatlardan bəziləri nəticədə öz azarkeş pasportlarından məhrum olublar.

Fotoda: İngiltərə yığmasının  azarkeşləri İngiltərənin Xorvatiya ilə oyunda məğlubiyyətindən sonra Londonda Hyde Parkda, 11 iyul 2018.

İsveçrə yığmasının oyunçularından çoxu Kosova albanlarıdır, buna görə də İsveçrə və Serbiya arasında oyun digərlərinə nisbətən ən başından yüksək gərginliklə müşayiət olunub. Cordan Şakiri və Qranit Caka (hər ikisi kosovolu albandır) serblərin qapısına vurduqları qolların sevincini qartalı andıran jestlə ifadə ediblər (Albaniya bayrağında qartal rəsmi əks olunub).

Daha sonra futbolçular bildiriblər ki, onların jestinin siyasi altmənası olmayıb, amma FİFA yenə də onları cərimələyib.

Fotoda: Serbiya-Braziliya oyunu, 27 iyun 2018, Moskva. REUTERS/Kai Pfaffenbach

Xorvatiya yığmasının Rusiya üzərində qələbəsindən sonra çempionatın dörddə bir finalında xorvat müdafiəçi Domaqoy Vida video çəkib və orada “Ukraynaya eşq olsun” sözlərini ifadə edərək, qələbəni məhz bu ölkəyə həsr etdiyini deyib. Vida uzun müddət Kiyevin “Dinamo” klubunda oynayıb, yəqin ki, onun Rusiya və Ukrayna arasındakı münaqişəyə bu qədər həssas yanaşması da bununla bağlıdır. Xorvatiya Futbol Federasiyası Vida ilə birlikdə həmin videonu hazırlayan məşqçi qərargahının üzvü Oqnen Vukoeviçi uzaqlaşdırıb.


Fotoda: Çempionatın bir neçə oyununun keçirildiyi Soçi şəhərindəki əyləncə parkında Leninin işıqlandırılmış heykəli. REUTERS/Kai Pfaffenbach

Fransa – çempiondur! 

Fotoda: Fransız Bencamin Mendi əlində kubokla futbol üzrə Dünya Çempionatında Fransa yığmasının qələbəsini bayram edir. 15 iyul 2018, Moskva. REUTERS/Kai Pfaffenbach

 

Facebook Comments

More on JAMnews