“Yaşıl inqilab” müəllifi cəmi bir ay əvvəl bunları hazırlamağa başlasa da, artıq çox sayda əməkdaşlıq təklifi alıb " />

Fotosessiya: Bambukdan hazırlanan ekoborucuqlar – plastikə alternativ

“Yaşıl inqilab” müəllifi cəmi bir ay əvvəl bunları hazırlamağa başlasa da, artıq çox sayda əməkdaşlıq təklifi alıb

Gevorq Qasparyan bambuk gövdəsindən borucuqları plastik borucuqlara alternativ olaraq düşünüb. O, plastik istifadəsinə qarşı mübarizəsini “yaşıl inqilab” adlandırır.

Ümumdünya Təbiət Fondunun (WWF) tədqiqatına əsasən, 2030-cu ildə plastik tullantıların həcmi 40 faiz artacaq. Onların nəzarətsiz yandırılmasından əmələ gələn maddələr xərçəng xəstəliyi hallarının artmasına və yüzlərlə heyvan növünün yox olmasına səbəb ola bilər. Fond bütün ölkələrin hökumətlərini plastik məhsulların istehsalını azaltmağa və tullantıların təhlükəsiz  məhvi üçün lazımi tədbirlər görməyə çağırıb.

Gevorq Ermənistanın ən cənubunda Sünik vilayətinin Qafan şəhərində yaşayır. Onun 33 yaşı var, şəbəkə administratorudur, amma kompüter arxasında oturmağı sevmir. Özünü təbiət adamı hesab edir və bu yerlərin ən gizli guşələrinə gözüyumuli bələddir.

İşdən sonra həm Ermənistandan, həm də digər ölkələrdən olan turistlər üçün gəzintilər və çadır düşərgələri təşkil edir, onları Sünikin meşələrində və dağlarında gəzdirir.

“Ekoborucuqlar ideyasını mənim ekoloq dostlarımdan biri verdi. Mən bitkiləri öyrənməyə başladım – vilayətimizin meşələrində bitən mindən çox bitkini. Bambukun üzərində dayandım. Elmi ədəbiyyatda yazılanlardan nəticə çıxardıqda, zəhərli deyil, kökləri qaraciyər üçün xeyirlidir, tibdə müalicvi bitki kimi istifadə olunur, toxumları yeməlidir. Mən də bambuk toplamağa və sınaq nümunələri hazırlamağa başladım”, – Gevorq danışır.

O əmindir ki, bambuk borucuqlar sağlamlıq üçün təhlükəsizdir, buna görə də uşaqlar da ondan istifadə edə bilər. Bildirir ki, bambuk borucuqlarının naxoş qoxusu və ya dadı yoxdur, onlar möhkəmdir və onları dəfələrlə istifadə etmək mümkündür.

Gevorq adətən meşəyə sübh tezdən gedir. Kürəyində səhər yeməyi və bambuk yığmaq üçün alətləri olan çantası ilə. Hansı istiqamətə gedəcəyindən asılı olaraq 15-20 kilometrlik məsafəni piyada, velosipedlə və ya maşınla qət edir.

Bambuka Qafan meşələrinin yüksəkliklərində rast gəlmək olur. Amma ən yaxşı yüksək rütubətli yerlədə bitir, buna görə də bambuku su hövzələrinin yanında axtarmaq ən doğrusudur.

Gevorqun bambuk toplayıb, şəhərə qayıtmaq üçün cəmi bir neçə saatı olur – işə gecikməyi heç sevmir.

Təqribən bir ay əvvəl o, hazırladığı borucuqlar haqda Facebook sosial şəbəkəsində məlumat yayıb və artıq Ermənistan və xaricdən əməkdaşlıqla bağlı çox sayda təklif alıb. Bu sifarişlər ekoloji şirkətlərdən, kafelərdən və sadəcə ideya ilə maraqlanan insanlardan gəlir.

 “Biz Gevorqun hazırladığı borucuqlardan qastronomik studiyamızda istifadə edirik. Birincisi, biz plastik əleyhinəyik, ikincisi istisnasız yerli məhsul istifadə edirik. Bu ideya bizim üçün açılış oldu. Borucuqların görünüşü əladır, onlardan istifadə eləmək xoş və rahatdır” – Arm Food Lab eksperimental mətbəx studiyasının banisi Ani Harutunyan deyir.

Ekoborucuqların hazırlanması çox vaxt tələb eləmir. Gevork bambukun yaşıl gövdələrini bir neçə dəqiqəyə borucuğa çevirir. Sonra onları yumaq, qurutmaq və xüsusi sobada termal emaldan keçirmək lazımdır. Bütün texnoloji proses bundan ibarətdir.

“Bambuk yazdan payıza qədər bitir. Və bu müddət ərzində bir illik material toplamaq və hazırlamaq lazımdır. Mən həmçinin bambukun yaşıl gövdəsindən yumşaq ekoborucuqlar da hazırlamağı sınaqdan çıxarmışam, amma onlar 2-3 gündən sonra deformasiyaya uğrayır. Bu möhkəm borucuqları isə uzun müddət, aylarla istifadə eləmək mümkündür. Bir bambukdan böyük, orta və kiçik ölçüdə orta hesabla 5 ekoborucuq əldə etmək mümkündür. Mən hələlik biznes haqda düşünmürəm, hələ ki, yaşıl inqilab etməyə çalışıram”, – Gevorq deyir.

Amma sifarişlərin çox olması ekoborucuqların müəllifini Qafanda ən azı gələcəkdə istehsalat yaratmaq haqda düşünməyə vadar edir.

“İndi mən hər şeyi tək eləyirəm. Hərdən ailəm kömək edir. Əgər maraq davam etsə, ekspertlərlə məsləhətləşəcəyəm, bəlkə bambuk yetişdirməyə başladıq. Bəlkə ailə biznesinin əsasını qoyarıq, ya da dostlarla birlikdə işi böyüdərik, iş yerləri açarıq, brend yaradarıq. Mən optimistəm”, – Gevorq deyir.


More on JAMnews