Gürcüstanda transqenderlər necə yaşayır " />

“Evdən çıxandan sonra geri salamat qayıdıb-qayıtmayacağını heç vaxt bilmirsən”

Gürcüstanda transqenderlər necə yaşayır

bianka04 (1)

Gürcüstanda yaşayan transgenderlərin ilk araşdırmasını  2012-ci ilə “Qadın təşəbbüsünü müdafiə qrupu” keçirib. Araşdırma göstərib ki, Gürcüstanda yaşayan transgenderlər bütün sahələrdə ayrı-seçkiliyə uğrayırlar. Bu adamların hüquqları daima pozulur: onlara iş verməkdən imtina edirlər, ictimai yerlərdə – küçələrdə, nəqliyyatda, dövlət müəssislərində problemlər yaşayırlar, daima fiziki zorakılıq obyektinə çevrilirlər.

Ötən illər ərzində, demək olar ki, heç nə dəyişməyib. Bu gün də transgenderlərin böyük bir hissəsi ayrı-seçkilik şərtləri altında yaşayır, dözülməz yoxsulluq keçirir və sağ qalmaq üçün fahişəliyə əl atmaq məcburiyyətində qalır.

Son üç ildə Gürcüstanda iki transgender qətlə yetirilib, birinisə öz evində şübhəli şəraitdə qaz sızması nəticəsində ölü vəziyyətdə aşkarlayıblar. Patrul polisinə tez-tez yardım almaq xahişi ilə zənglər gəlir – transgenderlər hücumdan sonra hüquq-mühafizə orqanlarına müraciət edirlər. Hüquq müdafiəçiləri bəyan edirlər ki, gurultulu olaylardan heç biri hakimiyyətdən adekvat reaksiya almayıb və əslində səlahiyyət sahibləri gizli də olsa, ölkədə transfobiya ab-havasını dəstəkləyir. Buna siyasətçi və dövlət nümayəndələrinin qomofof və transfob bəyanatlarını da əlavə etmək olar. Onlar, adətən, məlum mövzudan öz xeyirləri üçün istifadə etməklə elektoratın rəğbətini qazanmağa çalışır. Bəzən hətta yüksək seksual və cinsi biliyi ilə fərqlənməyən  və çətin ki “transgenderliy”in mahiyyətinə varmağı bacaran cəmiyyəti zorakılığa çağırmağı belə özlərinə ayıb bilmirlər.

• Feminizmin əlifbası

• Homofobiya ilə mübarizə və ailənin saflığı naminə. Tbilisidə 17 may tarixini necə qeyd etdilər?

• Oğurlanmış talelər

 

Fəsil 1: Fatimə

Respondentimi “Makdonalds”ın ikinci mərtəbəsində gözləyirəm. Elə gözlədiyim dəqiqələrdə müsahibəmizin necə keçməsi barədə düşünürəm.

İyirmi beş noyabr. Qadınlara qarşı zorakılıqla mübarizə günü. Gürcü feministləri Rustavelidə nümayiş keçirirlər. Pəncərədən əlində bu məzmunda transparant tutmuş bir qız görürəm: “Qadınları qətlə yetirməyə son qoyun!”

Masama kürən saqqallı yaraşıqlı bir oğlan yaxınlaşır, əynində dəbli gödəkçə, cins şalvar var.

“Mən Fatimə Romanovayam, – o özünü təqdim elədi. – Daxili kimliyim belə adlanır”.

Onunla qələbəlik kafedə oturmuşuq, qəhvə içə-içə söhbət edirik. Orda olan adamlardan yalnız mən əslində qadınla danışdığımı bilirəm.

Fatimə qadın transgenderdir. Hərçənd başqa qadınlardan fərqli olaraq, əynində kişi paltarı var, üzü tüklüdür və elə kişi kimi görünür.

“Mən Konçita Vurstam, – zarafata salıb deyir. – Özünü qadın kimi hiss etmək üçün nə dona, nə də pomadaya ehtiyac var. Epilyasiyadan da, digər qadın prosedurlarından da zəhləm gedir – mənə görə, bu, bədən üzərində zorakılıqdır”.

Həmişə belə olmayıb. 2013-cü ilin yayında Fatimə özünün gender eyniliyi barədə məhz qadın geyimi ilə bəyan edib. Yeni üslubunu valideynləri qəbul etməyib, bu səbəbdən evi tərk etmək məcburiyyətində qalıb.

Fatimənin feminist həyatı küçədə qəddarcasına döyülməklə başa çatıb.

“Yəqin düşünürsünüz ki, o olay üzündən bu gün kişi kimi görünürəm.  Əlbəttə ki, özümü bu cür daha təhlükəsiz hiss edirəm. Hərçənd əsas səbəb cəmiyyətin diktə etdiyi qaydalara etiraz etməyimdir. Hesab edirəm ki, qadın da saqqal saxlaya və bununla belə gözəl görünə bilər”.

Biz Zizi barədə danışdıq. Zizi Tbilisi xəstəxanalarından birində qırx günlük komadan sonra dünyasını dəyişən qadın transgenderdir. Komaya küçədə qəddarcasına döyüldükdən sonra düşüb.

“Evdən çıxandan sonra geri salamat qayıdıb-qayıtmayacağını heç vaxt bilmirsən”, – Fatimə deyir.

Fatimə bildirir ki, o, qadına çevrilməyib, o, qadın doğulub. Hərçənd tranzisiya mərhələsini ağrılı keçirib.

“Cəmiyyət səni kişi cinsiyyət üzvü ilə doğulduğun üçün kişi adlandırırsa, sənsə özünü, əksinə, qadın kimi hiss edirsənsə, bu zaman şübhəsiz ki, adamı təlaş bürüyür. Özünün əcaib birisi olduğunu düşünürsən. Yeniyetməlik dövründə beynində minlərlə fikir dolaşır. Bəlkə kilsəyə müraciət edəsən? Ya da özünü öldürəsən? Keçid dövründə bədənim məni, mənsə başqalarını xüsusilə qıcıqlandırırdım. İntihara da əl atmışam, bədənimi eybəcər hala salmağa da cəhd etmişəm. Dostlarımla, valideynlərimlə bitib-tükənməyən münaqişələrim olub. Qısası, dəhşətli illər idi”, – Fatimə xatırlayır.

Bu gün o, qadın təşkilatının üzvüdür. Onu tez-tez transgenderlərin hüquqlarını müdafiə edən nümayişlərdə görmək olar. O, həmçinin tibbi təşkilatlardan birinin sosial işçisidir, axşamlar kafedə ofisiant işləyir. Valideynləri ilə, münasibətini, nəhayət, yoluna qoyub, dostları da var.

Pasportunda heç xatırlamaq istəmədiyi əvvəlki adı yazılıb, hərçənd adını rəsmi şəkildə dəyişmək üzərində düşünməyib.

“Sənəddə nə yazıldığının heç bir önəmi yoxdur. Pasportdan təkcə bankda və dövlət xidmətlərinə üz tutduğum zaman istifadə edirəm. Amma hər kəs üçün yenə də Fatiməyəm. Ya da Antoşka. Antoşka sosial adımdır, mənə bu cür də müraciət edirlər. Pasportda yazılan adsa təkcə özünü sənəd tələb olunan yerlərdə xatırladır”.

Yeniyetməlik dövründə cinsi dəyişmək barədə fikirləri beyninə soxsa da, bu gün artıq öz bədəninə öyrəşib və necə deyərlər, kişi vücudu ilə yaşamağı öyrənib.

“Yeniyetməlik dövründə cinsiyyət üzvüm məni intihar həddinə çatdırırdı, amma artıq tədricən öyrəşmişəm. Bəlkə də bu, alışqanlıq deyil, sadəcə özünü qorumaq instinktidir. İlk növbədə mən özümü olduğum kimi qəbul etməliyəm”, – Fatimə deyir.

 

bianka02 (1)

bianka03 (1)

Bianka Shigurova

Fəsil 2: Bu, Amanda və daha kimsə  

Saat 10-da sirkin yanında (Tbilisidə seks-işçilərin yığışdığı yer, JAMnews) üç qadın transgender dayanıb. Bu, Amanda və adını çəkmək istəməyən daha bir qadın. Əyinlərində qısa ətəkli, dekolte don və “bəzəkli corablar” var.

“Əzizim, soyuq deyil, biz ki sənin kimi “xalis təbii” deyilik, – Bu zarafat edir, Eter Kakuliyanı (özünəməxsus tembrə malik gürcü müğənnisi, JAMnews) yamsıladığı aşkardır.

Eləbu vaxt taksi saxlayır və sürücü pəncərədən söyüş söyür. Bu, cavabında maşına təpik vurmaq istəyir, amma taksi ildırım sürətilə yerindən tərpənib, körpü tərəfdə gözdən itir.

“Gördüyün hələ jurnaldır, kino irəlidədir, – Bu deyir. – Bəzən beş-altı oğlan birdən üstünə düşür, təpikləyir, müdafiə olunmaq məcburiyyətində qalırsan. Sonra onların “qardaşlığ”ı dağılanda, içərisindən biri gəlib üzr istəyir, deyir: “Qızlar, dostlarımın yanında səsimi çıxara bilmədim, indi təkəm, mənimlə gedərsiz?”

Bunu hər axşam sirkin yanında görmək olar. Gündüzlər kişi geyimində olur, mehmanxanalardan birinin barında işləyir.

Amandanısa heç vaxt kişi paltarında görə bilməzsən. Deyir, bu üzdən heç cür iş tapa bilmir. Öz mahiyyətini dərk etdiyi gündən maksimum qadına oxşamağa çalşışır. Hətta parikdən imtina edib,  saçlarını uzadıb. Amanda seks-işçidir. Peşəkar barmen kurslarını bitirib, hərçənd bardan çox “pleşka”da (geylər, biseksuallar və transgenderlərdən ibarət seks-işçilərin yığıldığı yer) zaman keçirib.

Sirkin yanında toplaşanların çoxu sizə deyəcək ki, burda başqa seçimləri olmadıqlarından dayanıblar. Qadın transgenderlər yemək, mənzil kirayəsi, kommunal xərclər və digər zəruri ehtiyaclarını ödəmək üçün yalnız bu yolla pul qazana bilirlər.

“Bir az da özümüzə qulluq üçün qalır, vəssalam. Cərrahi əməliyyat üçün lazım olan pulu bu yolla qazanmaq mümkün deyil”, – Amanda deyir.

Amanda işləmək arzusundadır, amma artıq bir neçə ildir ki, bütün qapılar üzünə bağlanıb.

“Onlar məndən özüm olmamağı tələb edirlər. Psixoloji təzyiq adi hal alıb – küçələrdə daimi təhqirlər, söyüşlər və təpiklər. Tez-tez patrul çağırmaq məcburiyyətində qalırıq. İş barədə artıq heç fikirləşmirəm. Sonuncu dəfə Vaja Pşavelada restoranlardan birində işləmək təklifimi rədd elədilər, dedilər guya mənim ucbatımdan müştərilərini itirə bilərlər. Evdən atama görə getmişəm, kirayə tutduğum mənzilin haqqınısa “pleşka”da qazanıram. Burda həmişə özünə seks-partnyor tapa bilərsən, amma əgər davamlı və sabit münasibət axtarırsansa, qadın transgender bunu yalnız arzulaya bilər”, – Amanda deyir.

Fəsil 3: Bart

“Qanunvericilikdə transgenderlərin hüququ barədə heç bir maddə yoxdur”, – Bart deyir.

Bart qırx üç yaşlı kişidir. Qısa saçlı, kobud səsli və xuliqan görünüşlü.

Sentyabrın on altısında, ad günündə adını rəsmi şəkildə dəyişməklə özünə hədiyyə edib. Artıq iki ildir ki, pasport qrafasında “cins”inin dəyişilməsi uğrunda ağır məhkəmə davası aparır. Hazırda pasportda yazılanlar onun üçün başağrısına çevrilib, çünki tez-tez çətin vəziyyətdə qalır. Yaxınlarda bankda problem yaşanmışdı, orda ona pasportda cinsinin düzgün yazılmadığını sübut edirlərmiş

Onunla Azadlıq meydanında, “Ağ səs” hərəkatının ofisində görüşdük. Ofisdə “Azad universitet”in tələbələri qonaq idilər. Transgenderlərin həyatları ilə bağlı sorğu keçirirdilər. Bir xeyli sual verdilər.

“Nə zaman kişi transgender olduğunuzu anladınız?” – Onlardan biri soruşdu.

“Bu mənim üçün heç vaxt kəşf olmayıb. Mən həmişə kim olduğumu bilmişəm. Sadəcə bunun necə adlandırıldığını bilmirdim”, – Bart cavab verir.

Sovet Gürcüstanında, ənənəvi ailədə böyüyən uşaq gender haqqında nə bilərdi ki?

“Atam on doqquzuncu əsrdə “batıb qalıb”, çoxlu bacı-qardaşım var, onlar da mühafizəkar düşüncəli adamlardır. Məsələn, mənim övladımın beyninə yeritməyə çalışırdılar ki, Uitni Hyüston narkoman olduğu üçün pisdir”.

Bartın üç övladı var: biri biolojidir, digər ikisini övladlığa götürüb.

“Uşaqlara necə xəbər verdiniz?” – Digər tələbə Bartdan soruşur.

2006-cı ildə “İnklyuziv” (o zamanlar Gürcüstanda yeganə LGBT qeyri-hökumət təşkilatı) fəaliyyət göstərəndə, Bart öz bioloji övladını təşkilata gətirib, ona hər şeyi açıqlamağı qərara alır.

Bu, olduqca mühüm və riskli qərar idi. On dörd yaşlı Tiko dünyaya babasının stereotipləri ilə baxırdı (Bart, demək olar ki, evdə olmurdu). Bartı anası kimi qəbul edirdi və transgenderlər haqqında heç bir təsəvvürə malik deyildi.

Tikoya özü barədə danışdığı gün indinin özündə belə həyatının ən mühüm anı olaraq qalır.

“Məhz həmin gün aydınlaşdırdım ki, uşaqlar yeniliyi böyüklərdən qat-qat sağlam şüurla qəbul edirlər. Tiko çox ağladı, sonra qucaqlayıb dedi ki, məni olduğum kimi sevir və sevməkdə də davam edəcək. Bu olaydan sonra o, təkcə mənim övladım deyil, həm də ən yaxın dostumdur”.

Bart ənənəvi Tbilisi ailəsində doğulub. Uşaqlığını indi üzündə təbəssüm xatırlayır.

“Anam səhər tezdən işə gedirdi. Bağçaya geyinəcəyim paltarı stulun başına qoyardı, məni bağçaya atam aparardı. O, həmişə anamla dalaşırdı, çünki hər saman stulun başında şalvar “aşkarlayardı”. Yalnız sonralar aydın oldu ki, mən xəlvətcə donu şalvarla dəyişirəm”, – Bart xatırlayır.

Həyətdə həmişə oğlan uşaqları ilə oynayıb, məktəb forması əvəzinə idman şalvarı geyinib. Cəmiyyət onu qız kimi qəbul etsə də, nədənsə ətrafdakılar Mate-oğlan adlandırıb. Bir dəfə mühazirəçi çaşıb, onu Lado deyə çağırıb. O, müəllimin səhvini düzəltməyib, bu cür çağırılmaq xoşuna gəlib.

Bart yeniyetməlik illərində bədəninə nifrət edib. Əvvəlcə özünü lesbiyan sayıb. Gender eyniliyi ilə seksual meyllənmə arasındakı fərqi bilməyib.

Bu gün gender məsələləri üzrə mütəxəssislər gender eyniliyinin konkret cinsə mənsubluğunun daxili hissi olması ilə razılaşırlar; seksual meylliliksə insanın digər cinsə – kişi, qadın, ya da hər ikisinə birdən şiddətli həvəsidir.

Bart bütün bunları zamanla öyrənib.

“Mayya Sxenetelinin (on səkkizinci əsrdə Mate adını götürmüş, kişi kimi geyinib çar İkinci Ereklinin yanında xidmət edən gürcü xalq qəhrəmanı, JAMnews ) necə “dəyişdiyini” oxuyandan sonra anladım ki, bu dünyada tək deyiləm. Sonra əlimə bir jurnal keçdi, orda transgenderlər haqqında məqalə vardı”.

Beləcə, tədricən özümü tədqiq edib, şəxsi eyniliyimi aydınlaşdırdım.

Bartın valideynləri həmçinin tezliklə “nəyinsə düz getmədiyini” anlayıblar. Ailəsi uzun müddət onu dəyişməyə çalışıb – gah ata kəməri işə düşüb, gah da seksoloq Andro Kandelakinin yanına gediblər.

“On yeddi yaşında sevgilimə qoşulub evdən qaçdım. Bizi tapıb Andro Kandelakinin yanına apardılar. Kabinetə girəndə, masanın üzərində öz gündəliyimi gördüm. Valideynlərim onu otağımdan oğurlamışdılar. O günü heç vaxt unudan deyiləm. Zamanla valideynlərim, nəhayət, məni dəyişə bilməyəcəklərini anlayıb, yaxamdan əl çəkdilər”.

Seksopatoloq Andro Kandelaki indi də bu sahədə işləyir. “Həqiqi transseksuala arayış verir”. Arayış cinsini dəyişmək arzusunda olanlar üçün mütləqdir. Arayış təkcə seksopatoloqun yanına iki il müddətində gedildikdən sonra verilir.

Bart bu gün cinsini dəyişmək barədə az düşünür.

“On yeddi yaşında bəlkə də cərrahi əməliyyata gedərdim, amma indi artıq heç bir önəmi yoxdur. Bir də ki sonradan ereksiya və ya orqazma təsir etsə belə, Gürcüstanda bu əməliyyatın uğurla həyata keçəcəyinə inanmıram”.

Çoxlu sayda problemlərinə baxmayaraq, Bart özünü xoşbəxt sayır. Artıq iyirmi yeddi ildir ki, yaşadığı qadına hələ on yeddi yaşında aşiq olub.

İndi Bart məhkəmənin sonunu gözləyir – o, pasport qrafasında “cins”inin dəyişilməsini gözləyir. Əgər məhkəmə onun tələbini təmin edərsə, bu, görünməmiş bir qərar olacaq, çünki Gürcüstanda hələ heç kəs pasportunda cinsini dəyişməyib.

Bart deyir ki, transgender qadınlara iş tapmaq qat-qat çətindir, çünki cəmiyyət onlara qəddarlıqla yanaşır.

Hərçənd Bartın da işlərində əngəllər olub. O, karyera pilləsində irəli gedə bilməyib, bu səbəbdən polisdə beş illik xidmətdən sonra işdən çıxmaq qərarına gəlib. Artıq bir neçə ildir ki, Kekelidze küçəsində kompyuter ustası işləyir.

Bi işdə də çətinlikləri olub. Məsələn, iş yoldaşları onu mayın on yeddisində (Qomofobiya ilə mübarizə günü. Gürcüstanda bu tarixə çox pis münasibət bəsləyirlər, çünki onu homoseksualizmin təbliğatı kimi qəbul edilər, JAMnews) keçirilən nümayişdə görüblər və bununla bağlı haqq-hesab çürüdüblər.

“Kekelidzedə bir neçə sex var və onlardan birində işləyən ustalar mənə hədə-qorxu gəldilər, “pederast” adlandırdılar, “xəbərdar etdilər” ki, əgər işdən çıxmasam, əməlli-başlı problemlərim olacaq. Üstəlik təkcə mənim deyil, həm də iş yoldaşlarımın. Sonunda Veranın (Tbilisi məhəlləsi) avtoritetləri işə qarışdılar və hadisə qapandı”, – Bart deyir və əlavə edir ki, olayların 90-larda olduğu kimi inkişaf etməsi onun ürəyincə deyil.

“Təslim olmağı ağlından keçirməmisən ki?” – Ondan soruşuram.

“Əsla, – cavab verir, – orda 2006-cı ildən işləyirəm, bu işin hər xırdalığına bələdəm. Əgər özümü müdafiə etməyi bacarmıramsa, onda başqasının dadına necə çata bilərəm?”

Gürcüstanda cinsin dəyişdirilməsi üzrə əməliyyat

Plastik əməliyyat cərrahı İva Kuzanov on səkkiz ildir ki, cinsin dəyişdirilməsi üzrə əməliyyat keçirir və onun klinikası bu cür əməliyyatların həyata keçirildiyi yeganə yerdir.

Beləcə, Kuzanovun təqdim elədiyi rəqəmləri rəsmi statistika kimi qiymətləndirmək olar.

Klinikaya cinsini dəyişdirmək arzusu ilə təkcə on səkkiz transgender müraciət edib, amma nəticə etibarilə cəmi yeddi adam əməliyyat olunub. Onlardan altısı bioloji kişi, birisə bioloji qadın olub.

Kuzanovun sözlərinə görə, arzu edənlərin hamısının bu əməliyyata gəlməməsinin səbəbi onun bahalı olmasıdır. Adətən, transgenderlərin əllərində cinsi dəyişdirmək üzrə əməliyyat üçün lazımi qədər vəsait olmur, bu səbəbdən əməliyyata gələnlər azdır.

Cinsin dəyişdirilməsi üzrə əməliyyat iki mərhələdə keçir. Birinci mərhələdə döş götürülür, ya da əksinə, yaradılır. Bu, beş-yeddi min lariyə başa gəlir. İkinci mərhələ qat-qat bahalıdır, belə ki cinsiyyət üzvlərinin yaradılması on səkkiz-iyirmi min lari qarşılığında həyata keçir.

Kuzanovun klinikasında kişi cinsiyyət üzvünün yaradılması üzrə iki dəfə əməliyyat həyata keçirilib. Bir dəfə transgenderə, ikinci dəfə xərçəng xəstəliyi üzündən cinsiyyət üzvünü itirmiş xəstəyə.

Transgenderlərin çoxu birinici mərhələ ilə kifayətlənib, ikincisindən imtina edirlər.

Fallosun yaradılmasının ənənəvi üsulu qarın nahiyəsinin ön divarındakı toxumalardan istifadədir. Bu toxumalar altı ay ərzində xüsusi emala məruz qalır, sonra onları fallosun əmələ gələcəyi yerə köçürürlər. Bundan sonra silikon protez (əvvəllər qabırğadan istifadə olunurdu) qoyulur və sidik kanalı düzəldilir.

Kuzanov deyir ki, bütün dünada yalnız onun istifadə etdiyi bir üsul da var – “Barmaq yaradıcı material kimi həssaslığa, ereksiyaya, orqazm keçirmə qabiliyyətinə malik kişi cinsiyyət üzvü yaratmağa imkan verir”, – həkim izah edir. “Bu üsul ənənəvi üsuldan qat-qat asan başa gəlir”.


More on JAMnews