Rəsmi Yerevan Belarus və Qazaxıstan prezidentlərinin addımları və bəyanatlarından narazıdır və real tərəfdaş münasibətlərinin qurulmasına təkid edir " />

Ermənistanla KTMT hərbi bloku arasında qalmaqal yaranmaqdadır

Rəsmi Yerevan Belarus və Qazaxıstan prezidentlərinin addımları və bəyanatlarından narazıdır və real tərəfdaş münasibətlərinin qurulmasına təkid edir

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Belarus və Qazaxıstan prezidentlərindən izahat tələb edir. Rəsmi Yerevan tərəfdaş ölkə rəhbərliklərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katibin təyinatı məsələsinin müzakirəsi zamanı sərgilədiyi davranışlarından narazıdır.

Ön tarixçə

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinin Astanada keçirilən sammitində yeni baş katib vəzifəsinə namizəd məsələsi müzakirə olunurdu. Bu vəzifəni bu yaxınlara qədər Ermənistanın nümayəndəsi Yuri Xaçaturov tutub. Amma Xaçaturov tutduğu vəzifədən azad edilib. Ermənistan özü nümayəndəsini geri çağırıb.

Bununla belə, Ermənistan baş katib postunu itirmək niyyətində deyil. Təşkilatın reqlamentinə əsasən, baş katib mandatı hələ bir il müddətində onda qalmalıdır.

Rəsmi Yerevan Yuri Xaçaturovun geri çağırılması ilə bağlı qərarı onun “1 mart” işi üzrə müttəhim qismində cəlb edilməsinə görə çıxarıb. Yuri Xaçaturova qarşı “konstitusiya quruluşunun devrilməsi” maddəsi ilə cinayət işi bu ilin iyul ayında açılıb. O, pul girovu müqabilində azad edilib.

1 mart 2008-ci il tarixində Yerevanın küçələrində nümayiş dağıdılarkən hərbi silah tətbiq edilib, on nəfər həlak olub. Bu zaman Yuri Xaçaturov Silahlı Qüvvələrin Yerevan qarnizonuna komandanlıq edib və istintaqın versiyasına görə, nümayişçilərin dağıdılmasına rəhbərlik edib.

Ermənistan tərəfinin narazılığına nə səbəb olub

Yeni baş katib vəzifəsinə namizədliyin müzakirə olunduğu iclasdan sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, bu vəzifəni Belarusun nümayəndəsi tutmalıdır.

“Bütün rəhbərlər [KTMT] deyiblər ki, bizə Belarus tərəfindən fəaliyyətdə olan baş katib lazımdır”, – Nazarbayev belə deyib.

Biz qədər sonra həm də məlum olub ki, Belarus prezidenti Aleksandr Lukaşenko Astanada sammitin gedişatını Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovla müzakirə edib.

• Ermənistan özünün KTMT-dəki nümayəndəsini vəzifədən geri çağırıb 

Ermənistanın keçmiş prezidenti Koçaryanı nəyə görə həbs ediblər və niyə buraxıblar 

Rusiya Ermənistana silah satmaqda davam edəcək

Ermənistanın reaksiyası  

Nikol Paşinyan ilk növbədə Aleksandr Lukaşenkonun Azərbaycanın səfiri ilə görüşündən narazılığını bildirib. Rəsmi Yerevan hesab edir ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsələlərini təşkilata üzv olmayan ölkənin səfiri ilə müzakirə etməməli idi:

“Bu, təxminən ona oxşayır ki, misal üçün, mən təşkilata üzv olmayan hər hansı ölkənin səfirini dəvət edib, bağlı qapılar arxasında keçən iclas barədə ona danışım. Mənə təəccüblüdür ki, 30 il ərzində dövlət rəhbəri vəzifəsini tutan insan bu addımı özünə rəva bilir”.

Paşinyan Nursultan Nazarbayevin bəyanatına da sərt reaksiya verib. O cümlədən bildirib ki, Ermənistan tərəfi KTMT-nin baş katibi postuna öz nümayəndəsinin təyin edilməsinə təkid edəcək:

“Bizim razılaşmalarımıza zidd olan bəyanatlarla Qazaxıstanın prezidenti Nursultan Nazarbayev də çıxış edib, o, bağlı qapılar arxasında keçən iclasdan sonra Belarus nümayəndəsinin KTMT-nin yeni baş naziri postuna təyin ediləcəyi barədə bildirib. Heç kimin bu cür bəyanatlarla çıxış etmək hüququ yoxdur, çünki KTMT-də qərarlar konsensus prinsipi ilə qəbul edilir, biz isə (Ermənistan tərəfi) bu məsələ ilə bağlı öz mövqeyimizi artıq bildirmişik”.

Yeni qarşılıqlı münasibət qaydaları

Artıq səsləndirilən bəyanatlardan başqa, Nikol Paşinyan qeyd edib ki, beynəlxalq tərəfdaşlar Ermənistanla digər münasibətlərə artıq alışmalıdır, yəni real tərəfdaş münasibətlərinə:

“Mən düşünürəm ki, bütün beynəlxalq tərəfdaşlar unutmamalıdır ki, Ermənistanla onların artıq alışdığı münasibətlər olmayacaq. Biz dinməz dinləyici rolunda olmayacağıq”.

Moskvadan reaksiya hələ də yoxdur

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiyanın egidası altında fəaliyyətdə olan regional beynəlxalq təşkilatdır. Onun üzvləri Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandır.

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın bəyanatları Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra səsləndirilib. Amma Moskvanın bu məsələ ilə bağlı rəsmi mövqeyi hələ ki, bildirilməyib.

Əvvəlcə rəsmi Moskva Xaçaturovun ünvanına ittihamlara kəskin reaksiya verib. Orada hesab ediblər ki, Ermənistan əvvəlcə Yuri Xaçaturovu baş katib postundan geri çağırmalı və ancaq bundan sonra ona qarşı cinayət təqibinə başlamalı idi. Yaranmış vəziyyət isə qurumun nüfuzuna xələl yetirib.

Erməni politoloqların fikrincə, bu amil məsələnin həllinə neqativ təsir edə bilər. Eyni zamanda onlar hesab edir ki, Ermənistan üçün təşkilatda baş katib postunu özündə saxlamaq çox vacibdir.

Facebook Comments

More on JAMnews