Rusiyalı məmurlar isə əmin edirlər ki, 2016-cı ildəki “dördgünlük müharibədən” sonra nəticə çıxarıblar və regionda apardıqları siyasəti yenidən nəzərdən keçirməyə hazırlaşırlar " />

Ermənistanda Rusiyanın Azərbaycana silah təminatını dayandıracağına şübhə edirlər

Rusiyalı məmurlar isə əmin edirlər ki, 2016-cı ildəki “dördgünlük müharibədən” sonra nəticə çıxarıblar və regionda apardıqları siyasəti yenidən nəzərdən keçirməyə hazırlaşırlar

Ermənistanlı ekspertlər Rusiya Dövlət Duması nümayəndələrinin Azərbaycanın silahla təminatı siyasətinin yenidən nəzərdən keçiriləcəyinə dair bəyanatlarına etibar etmirlər.

Son bir ay ərzində artıq ikinci dəfədir ki, rusiyalı deputatlar bu cür bəyanatla çıxış edirlər. Əvvəlcə Konstantin Kosaçyov bildirib ki, Rusiya artıq Azərbaycanı əvvəlki həcmdə silahla təmin etməyəcək. Daha sonra Konstantin Zatulin “Azərbaycanın bu silahın [Rusiyadan alınan – red.] tətbiqi üçün təmas xəttində atəşkəsi pozmaqdan başqa bir vasitə tapmadığına görə” təəssüfünü bildirib.

Zatulin bəyan edib ki, Rusiya bundan nəticə çıxarıb. Bununla əlaqədar olaraq Ermənistan mediası onun Yerevanda səsləndirdiyi digər bəyanatlarından da sitat gətiriblər:

“Rusiya indən belə Ermənistana qarşı istənilən hücumu və ya hərbi təhlükəni KTMT çərçivəsində birbaşa Rusiyaya qarşı təhlükə kimi nəzərdən keçirəcək”.

Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin rəhbəri Stepan Qriroryan hesab edir ki, belə bəyanatlarla Rusiya sadəcə erməni cəmiyyətini sakitləşdirməyə və həssaslığını azaltmağa çalışır. Təmas xəttində gərginliyin “dördgünlük müharibə” adını alan irimiqyaslı hərbi əməliyyatlara keçdiyi 2016-cı il aprel hadisələrindən sonra Ermənistanda Moskvanı Azərbaycana iri həcmdə silah satmaqda günahlandırmağa başladılar. Məhz Rusiyanın yürütdüyü siyasətin Azərbaycan tərəfinə silah toplamaq və hərbi əməliyyatlara başlamaq imkanı verdiyi haqda fikirlər səsləndi.

“Mən hesab etmirəm ki, Ermənistanda anti-Rusiya əhvalı mövcuddur. Rusiya hakimiyyətinin həyata keçirdiyi siyasətdən narazılıqlar var: Azərbaycanı dəstəkləmək, ən müasir silahlarla təchiz etmək. Bunlar Ermənistanın diqqətini yayındırır. Bu isə çox təhlükəlidir. Hesab edirəm ki, bu, Azərbaycana açıq şəkildə silah satmaqdan daha təhlükəlidir, çünki Rusiya Azərbaycanla silah təchizatı üzrə bu müqavilə əsasında işləməyə davam edir”, – Stepan Qriqoryan bildirib.

Politoloq Edqar Vardanyan hesab edir ki, Rusiya Azərbaycana silah təchizatının həcmini azalda bilər, amma bundan tamam imtina etməyəcək. O qeyd edib ki, regionda silahın olması hərbi əməliyyatların yenidən başlanması ehtimalını gücləndirir və təmas xəttində gərginliyin artmasına səbəb olur, bu da yeni qurbanlar bahasına başa gəlir.

Vardanyan hesab edir ki, Ermənistanda 2016-cı il aprel hadisələrinə qədər də Rusiyanın Azərbaycanı silahla təmin etməsindən narazı idilər. İndi isə narazılıq elə bir həddə çatıb ki, bu, Kremlə qarşı çıxışlara gətirib çıxara və bununla yanaşı Avrasiya İqtisadi İttifaqından çıxmaq və ya beynəlxalq aləmdə Rusiyanı dəstəkləməyi dayandırmaq kimi tələblərin meydana gəlməsinə səbəb ola bilər.

“İstənilən halda, bu, erməni cəmiyyətinin qələbəsi, ardıcıl mübarizəsinin nəticəsidir”, – o əlavə edib.

Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqat İnstitutunun (SIPRI) bu yaxınlarda dərc etdiyi hesabata əsasən, Ermənistan 2016-2017-ci illərdə silah idxal həcminə görə dünyada 54-cü yeri tutub. Bu müddət ərzində Ermənistan 124 milyon dollarlıq silah əldə edib. Ermənistan bütün bu silahların 100 faizini Rusiyadan alıb. Azərbaycan 2016-2017-ci illərdə silah idxalı həcminə görə dünyada 27-ci yeri tutub. Bu iki ildə Azərbaycan İsrail, Çexiya və Rusiyadan 551 milyon dollar məbləğində silah əldə edib.


More on JAMnews