Yuri Xaçaturov hazırda Ermənistanda diqqət mərkəzində olan “1 mart” işi üzrə ittiham olunur" />

Ermənistan öz nümayəndəsini KTMT baş katibi vəzifəsindən geri çağırıb

Yuri Xaçaturov hazırda Ermənistanda diqqət mərkəzində olan “1 mart” işi üzrə ittiham olunur

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov tutduğu vəzifədən azad olunub. Qərarı KTMT Şurası qəbul edib.

KTMT nədir?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiyanın rəhbərliyi altında fəaliyyət göstərən regional beynəlxalq qurumdur. KTMT-nın nizamnaməsində yazılıb ki, təşkilatın məqsədi “sülhün möhkəmləndirilməsi, beynəlxalq və regional təhlükəsizlik və stabillik, kollektiv əsasda üzv dövlətlərin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunması”.

Təşkilat 1992-ci ildə, SSRİ dağılandan dərhal sonra yaranıb. Gürcüstan, Azərbaycan və Özbəkistan tezliklə qurumun sıralarını tərk edib. İndi təşkilatın altı üzvü var – Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan.

Xaçaturov niyə vəzifəsindən azad edilib?

Təşkilatın rəsmi məlumatında qeyd olunub ki, qərarı Ermənistan tərəfi qəbul edib.

“Müəyyən olunmuş qaydaya müvafiq olaraq, Ermənistan tərəfindən başladılan Ermənistan Respublikasının nümayındəsi Yuri Qriqoryeviç Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsindən vaxtından əvvəl geri çağırılması proseduru sona çatdı”.

KTMT baş katibinin səlahiyyətlərini müvəqqəti olaraq Xaçaturovun müavini Valeri Semerikov yerinə yetirəcək.

Rəsmi YerevanYuri Xaçaturovun “1 mart” işinə təqsirləndirilən şəxs qismində cəlb olunduğu üçün onun geri çağırılması haqda qərar qəbul edib. Yuri Xaçaturova qarşı “Konstitusiya quruluşunun devrilməsi” maddəsi ilə cinayət işi bu ilin iyulunda açılıb. O azadlığa girov əsasında buraxılıb.

Prezident seçkilərindən sonra 2008-ci il fevralın 19-da ölkədə etirazlar başlayıb. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi siyasi blokun tərəfdarları bildirirdilər ki, seçkidə məhz Ter-Petrosyan qələbə qazanıb və səsvermənin nəticələrinə yenidən baxılmasını tələb edirdilər.

2008-ci il martın 1-də nümayişin dağıdılması zamanı silahdan istifadə edilib, səkkizi mülki şəxs, ikisi isə polis əməkdaşı olmaqla on nəfər həlak olub.

Yuri Xaçaturov kütləvi etiraz aksiyaları zamanı Yerevan Silahlı Qüvvələr qarnizonunun rəisi olub və istintaqın versiyasına görə, nümayişin dağıdılmasına rəhbərlik edib.

Ermənistanın eks-prezidenti Koçaryanı niyə həbs etdilər və sonradan buraxdılar?

Rusiya Ermənistana silah çatdırılmasını davam etdirəcək

1999-cu ildə Ermənistan parlamentinə silahlı hücum edənlər haqda  

Bunda sonra nə olacaq?

İndi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yeni baş katib seçməlidir. Bu, çox güman ki, noyabrın 8-də KTMT Şurasının sesiyasında baş tutacaq. Təşkilatın reqlamentinə əsasən, baş katib mandatı Ermənistanda qalmalıdır.

Rəsmi Yerevanın şərhi

Vəziyyəti artıq Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan şərh edib. Onun sözlərinə görə, indi Ermənistanın baş katib mandatını özündə saxlayıb-saxlamayacağı məsələsi müzakirə olunur:

“Biz əminik ki, bu funksiyanı həyata keçirə bilərik. Bizim kifayət qədər resursumuz var ki, namizəd irəli sürək. Marağımız ilk növbədə ondan ibarətdir ki, təşkilat effektiv olaraq qalsın”.

Ermənistan mandatını saxlaya biləcəkmi?

Ermənistanın bu mövqeyini qoruya bilib-bilməyəcəyi ekspert çevrələrində Yuri Xaçaturova qarşı cinayət işi qaldırılandan dərhal sonra müzakirə olunmağa başlayıb. Rəsmi Moskvanın kəskin reaksiyası vəziyyəti daha da mürəkkəbləşdirib. Orada hesab edirlər ki, Ermənistan əvvəlcə Yuri Xaçaturovu qurumun baş katibi vəzifəsindən geri çağırmalı və yalnız bundan sonra ona qarşı cinayət təqibi başlatmalı idi. Yaranmış vəziyyət isə strukturun nüfuzuna xələl gətirib.

Polittexnoloq Vigen Hakopyan hesab edir ki, Ermənistan mandatını saxlaya bilməyəcək və baş katib mövqeyi başqa ölkəyə keçəcək:

“Heç kim istəməz ki, bu, presedent olsun. Düşünürəm ki, ara qərar qəbul edilib: sədrlik əlifba sırası ilə digər ölkəyə keçəcək”.

Yuri Xaçaturov haqda

1987-ci ildən 1989-cu ilə qədər Yuri Xaçaturov Əfqanıstanda raket qoşunları və artilleriya qərargahının rəisi vəzifəsində xidmət edib. 1992-ci ildən Ermənistan Müdafiə Nazirliyinin sərəncamına ezam olunub. 2008-ci ildən general-polkovnik Yuri Xaçaturov Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi və müdafiə nazirinin müavini vəzifəsini tutub. 2016-cı ildə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib. 2017-ci ilin mayından KTMT baş katibi vəzifəsindədir.


More on JAMnews