Yeni hakimiyyətin nümayəndələrinə və onların tərəfdarlarına parlamentdə səsvermə zamanı bir səs çatmayıb " />

Ermənistanın “inqilabçı” hökumətinin Seçki Məcəlləsinə təklif etdiyi dəyişikliklərin qəbulu baş tutmayıb

Yeni hakimiyyətin nümayəndələrinə və onların tərəfdarlarına parlamentdə səsvermə zamanı bir səs çatmayıb

Ermənistan Parlamentinin deputatları növbədənkənar iclasda ölkənin Seçki Məcəlləsinə dəyişiklik paketini rədd edib. Yeni Seçki Məcəlləsinin lehinə lazım olan 63 deputatdan yalnız 62-i səs verib.

İkinci cəhd

Bu, Seçki Məcəlləsinə dəyişikliklərin qəbul olunması ilə bağlı ikinci cəhd idi. Birinci dəfə dəyişiklik lehinə 56 deputat səs vermişdi. Dəyişikliklərin qəbul edilməsinə bir müddət əvvələ qədər iqtidarda olan Respublika Partiyası mane olub. “Respublikaçılar” bəyan edirlər ki, qanun layihəsi tələsik hazırlanıb və siyasi partiyaların yeni seçki prinsiplərinə uyğunlaşmaq imkanı olmayacaq.

• Birinci cəhdin alınmaması və Ermənistandakı siyasi böhran haqda təfərrüatlar 

Respublika Partiyasını təmsil edən deputat Armen Aşotyan bu gün qeyd edib ki, Milli Məclis təzyiqə qarşı dura bilib və dəyişikliklərin əleyhinə iradəsini ifadə edib:

“Düşünürəm, Nikol Paşinyan prinsipiallıq nümayiş etdirdiyi və Avropa İttifaqının üzvü olan Ermənistanda Seçki Məcəlləsinə tələsik dəyişikliklər edilməsinə imkan vermədiyi üçün Respublika Partiyasına minnətdar olmalıdır. Seçkilərə 42 gün qalmış Seçki Məcəlləsinə belə köklü dəyişikliklərin edilməsi Ermənistanı və demokratiyanı onilliklərlə geri ata bilərdi”.

Dəyişikliklər nəyi nəzərdə tuturdu?

Seçki Məcəlləsinə dəyişikliklərin təşəbbüskarı inqilaba qədər Nikol Paşinyanın rəhbərlik etdiyi “Yelk” fraksiyasıdır. Dəyişikliklər reytinq sistemindən imtinanı və sadə proporsional sistemə keçidi nəzərdə tuturdu. Ermənistan mediası yazırdı ki, məhz bu dəyişiklik keçmiş iqtidar partiyasını təmsil edən deputatların və onların tərəfdarlarının xoşuna gəlmir.

İş orasındadır ki, regionlardan olan arzuolunmaz şəxslər məhz həmin bu reytinq sistemi, ərazi siyahısı ilə parlamentdə yer ala biliblər. Öz nüfuzu və pulu hesabına onlar öz partiyaları üçün minlərlə səs qazanıb, mandat əldə edə biliblər. Bu sistem oliqarxlar və “avtoritetlər” üçün parlamentə keçid kanalı hesab olunur.

Nikol Paşinyan və “Yelk” fraksiyasının üzvləri hesab edirlər ki, Ermənistanda insanlar ənənəvi olaraq “tanışıma” və ya “kömək” etmiş insana prinsipi ilə səs verirlər. Buna görə də onlar təklif edirdilər ki, seçkilərdə bu cür yanaşma ehtimalından imtina olunsun.

Ümumilikdə Seçki Məcəlləsinə edilən dəyişikliklər gələcəkdə parlamentdə balansı təmin etməyə istiqamətlənib.

Mövcud məcəllə üzrə seçicilər yalnız partiyaya yox, seçki məntəqələri üzrə ayrı-ayrı deputatlara da səs verəcəklər.

Dəyişikliklər həmçinin koalisiya yaratmaq məhdudiyyətini və onların formalaşdırılması müddətini 6 gündən 10 günə yüksəldirdi.

• Seçki Məcəlləsinə təklif olunan dəyişikliklər haqda bütün təfərrüatlar

Partiyalar üçün keçid baryerinin 5 faizdən 4 faizə, boklar üçün isə 7 faizdən 6 faizə endirilməsi ilə bağlı dəyişiklik də mühüm idi.

Həmçinin təklif olunurdu ki, parlamentdə qadın deputatların sayı hazırkı 20 faizdən 30 faizə qaldırılsın.

Yeni Seçki Məcəlləsinin qəbulundan imtina nə anlama gəlir?

Bu o deməkdir ki, dekabrda baş tutacaq növbədənkənar parlament seçkiləri qarışıq seçki sistemi ilə keçiriləcək. “Yelk” fraksiyasından olan deputat Alen Simonyan artıq bəyan edib ki, Seçki Məcəlləsinə dəyişiklik etmək üçün üçüncü cəhdi mənasız hesab edir. Bununla yanaşı o, dəyişikliklərin qəbuluna mane olmuş deputatları sərt tənqid edib:

“Mən fraksiyaları günahlandırmaq istəmirəm, amma bu sabotajdır. Onlar bu məcəllənin keçməməsi üçün əllərindən gələni etdilər, amma biz köhnə Seçki Məcəlləsi ilə seçkiyə gedəcəyik, görək bu onlara nə dərəcədə kömək olacaq”.


More on JAMnews