Əvvəllər bu, yeddi yaşına qədər uşaqlara şamil edilirdi. Bundan sonra proqrama əlavə olaraq 200 min uşaq cəlb ediləcək" />

Ermənistanda 18 yaşına qədər uşaqları pulsuz müalicə edəcəklər

Əvvəllər bu, yeddi yaşına qədər uşaqlara şamil edilirdi. Bundan sonra proqrama əlavə olaraq 200 min uşaq cəlb ediləcək

Ermənistanda 18 yaşına qədər uşaqlar və yeniyetmələr pulsuz tibbi yardım alacaqlar. Bu məqsədlə ölkənin dövlət büdcəsindən əlavə 12 milyard dram (25 milyon dollar) ayrılacaq.

 Əvvəl necə idi və bundan sonra necə olacaq

Bu vaxta qədər pulsuz müalicə yalnız aşağıdakı şəxslər üçün nəzərdə tutulurdu:

• yeddi yaşına qədər uşaqlara;

• əlilliyi olanlara;

• valideyn himayəsindən məhrum qalanlara;

• əlillərdən ibarət ailələrdən olanlara;

• 18 yaşına çatmamış, dispanser nəzarətində olan uşaqlara;

• 14-15 yaşlı oğlanlara (çağırışa qədərki yaşda).

Səhiyyə Nazirliyinin qiymətləndirməsinə əsasən, bundan sonra proqrama əlavə olaraq 200 minə yaxın uşaq cəlb ediləcək.

 Bu addıma nə üçün getdilər?

Bu məsələyə özünün “Facebook” səhifəsindəki videomüraciətində Ermənistanın səhiyyə naziri Arsen Torosyan toxunub:

«Faktiki olaraq, fərqi yoxdur, sənin yeddi yaşın var, yaxud da altı. Altı yaşlı uşağın (tibbi) xidməti pulsuz, yeddi yaşlı uşağın isə pullu almasında heç bir məntiq yoxdur. Buna görə də, bu proqramın genişləndirilməsi qərara alınıb».

 Daha hansı dəyişikliklər baş verib

Ürək damarlarının stentləşdirilməsi əməliyyatlarına, həmçinin kəskin və işemik infarktların müalicəsinə dövlət büdcəsindən daha 1,2 milyard dram (təxminən 2,5 milyon dollar) ayrılacaq.

Bundan əlavə, şiş xəstəliklərinin müalicəsi üçün 900 milyon dram (təxminən 2 milyon dollar) təqdim olunacaq.

Müsbət dəyişikliklər təxirəsalınmaz tibbi yardım sahəsini də yan keçməyib. Təcili tibbi yardım briqadalarının sayı atırılacaq – özü də yalnız paytaxtda deyil, həm də regionlarda. Bu məqsədlə büdcədən əlavə olaraq 500 milyon dram (1 milyon dollardan bir qədər çox) ayıracaqlar.

 Daha nəyi pulsuz müalicə etməyə başlayıblar

Ermənistanda həm də onkoloji əməliyyatlar pulsuz olub. Bu yaxınlara qədər cərrahi müdaxilə tələb olunduğu zaman dövlət onkoloji xəstələrə yalnız kiçik məbləğ ödəyirdi.

Bundan əlavə, fevralın 1-dən bütün baş beynin insultu xəstələri – statusundan asılı olmayaraq – pulsuz tibbi yardım alırlar. Müalicə iki xəstəxanada aparılır.

Bu proqramın həyata keçirilməsi üçün təxminən 400 milyon dram (825 milyon dollara yaxın) ayrılacaq. Layihədən öncə Səhiyyə Nazirliyi elan edib ki, bu proqram insultdan ölüm hallarını nəzərə çarpacaq dərəcədə azaltmağa və əlillik riskini 39 faiz aşağı salmağa imkan verəcək.

 Torosyan populyar nazir oldu

Arsen Torosyan 2018-ci il inqilabından sonra hökumətin tərkibində yer almış nazirlərdən biridir. Ona qarşı münasibət ilk vaxtlar kifayət qədər ehtiyatlı idi. Bu, onunla bağlı idi ki, o, Ermənistanda populyar olmayan təşəbbüslərlə çıxış etmişdi. Ələlxüsus, o, papilloma virusu əleyhinə vaksinasiyanın tərəfdarı idi – həmin dövrdə ölkədə bu vaksinasiyanın təhlükələri, riskləri və mənfi nəticələri müzakirə olunurdu.

İndi nazir müsbət reaksiya doğuran təşəbbüslərlə çıxış edir və onun reytinqi yüksəlir.

2021-ci ilə qədər o, icbari tibbi sığorta sisteminin tətbiqinə nail olmaq niyyətindədir. O, artıq ölkədə sanaviasiyanın fəaliyyət göstərməyə başlamasına nail olub. Zərurət yarandıqda həkimlər vertolyotla pasientlərin ünvanına çatdırılır, xəstələr isə ucqar yaşayış məntəqələrindən müalicə üçün paytaxta gətirilir. Torosyan korrupsiya və səhiyyə müəssisələrində “otkat”la sərt mübarizəyə başlayıb, eyni zamanda, həkim və tibb bacılarının əməkhaqqını yüksəldib.


More on JAMnews