Yerevan ölkənin "inqilabçı" hökumətini dəstəkləyib
24 sentyabr 00:30 Yenilənmə
Yerevan Ağsaqqallar Şurasına seçkilərdə 00:30-a olan ilkin nəticələrə əsasən, Nikol Paşinyanın “Mənim addımım” bloku 82 faizdən çox səs toplayaraq əmin qələbə qazanıb.
İkinci yerdə hələlik 6,43 faiz səslə “Çiçəklənən Ermənistan” qərarlaşıb.
Qalaan səslər aşağıdakı kimi paylaşılıb:
“Luys” bloku — 4,78%
“Daşnaksütun” Ermənistan İnqilab Federasiyası — 1,56%.
“Yerkir Tsitani” — 1,38%
“Orinats Yerkir” — 0,94%
Yerevanlılar bloku — 0,80%
“İrs” partiyası — 0,67%
“Yerevan İctimaiyyəti” bloku — 0,56%
“Hayk” partiyası — 0,22%
“İslahatçılar” partiyası — 0,15%
“Domokratik yol” partiyası — 0,14%.
Bu gün Yerevanda şəhər Ağsaqqallar Şurasına növbədənkənar seçki keçirilir. Seçkilərdə 12 siyasi partiya iştirak edir. Son nəticədə paytaxt meri kürsüsü uğrunda mübarizə gedir, çünki meri hazırda formalaşacaq Ağsaqqallar Şurası seçməlidir.
Amma bu seçkilərin yükununda yalnız mer kürsüsünü kimin tutacağı yox, həm də yerevanlaların hansı siyasi qüvvəyə üstünlük verdiyi də bəlli olacaq. Paytaxtda isə indi ölkə əhalisinin demək olar ki, yarısı yaşayır.
Seçkilərdə iştirak edən və nəticədə Ağsaqqallar Şurası mandatlarının 40 faizdən çoxunu qazanan siyasi qüvvənin – blokun və ya partiyanın namizədlər siyahısındakı bir nömrəli şəxs mer ola bilər. Əgər seçki iştirakçılarından heç biri bu nəticəni göstərə bilməsə, şuraya keçən partiyalar koalisiya yarada və kimi mer seçəcəklərinə qərar verə bilərlər.
Seçilərdə iştirak edən partiyalar üçün şuraya keçid balı 6 faizdir. Ən azı üç siyasi qüvvə tələb olunan minimum faizi toplayarsa, seçkilər baş tutmuş sayılacaq və təkrar seçkilərə ehtiyac olmayacaq.
475 seçki məntəqəsi Yerevan vaxtı ilə düz saat 08:00-da açılıb, 20:00-da bağlanacaq.
Bu, baharda Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnən məxməri inqilabdan sonra keçirilən ilk seçkidir.
Keçmiş iqtidar – Ermənistanın Respublika Partiyası bu seçkilərdə iştirak etmir, həm də bu qərarlarına dair heç bir rəsmi açıqlama verməyiblər.
Seçki məntəqəsinə hamıdan tez gələnlərdən biri də Ermənistanın baş naziri olub. Nikol Paşinyan BMT Baş Assambleyasının işində iştirak etmək üçün getməli olduğu rəsmi ABŞ səfərini təxirə salıb. Paşinyan hesab edir ki, bu seçki Ermənistan üçün həddən artıq mühümdür. O, dəfələrlə bildirib ki, seçkilərin nəticələri vətəndaşlarda sual doğurmamalıdır.
Paytaxt rəhbəri kürsüsü iyulun 9-da Taron Marqaryan vəzifəsindən istefa verəndən sonra boşalıb.
Əvvəlki mer Taron Marqaryan niyə getdi?
İnqilabdan dərhal sonra Ermənistan paytaxtında mer Taron Marqaryanın istefası tələbi ilə etiraz aksiyaları başladı. Nümayişin formal səbəbi şəhərin mərkəzindəki parkda ağacların qırılması idi. O zaman hətta bir neçə etirazçı meriyaya soxulmuşdu, aksiyalar bir neçə gün səngimədi, amma Taron Marqaryan istefa vermək istəmirdi.
Bu hadisələrdən bir ay sonra Taron Marqaryan yenidən qalmaqal mərkəzində qaldı. Bu dəfə Milli Təhlükəsizlik Xidməti onunla məşğul oldu. Aydın oldu ki, meriyada inşaat icazəsi və əmlakın qeydiyyatı üçün rüşvət alınırmış. Nəticədə MTX iki maddə ilə cinayət işi qaldırdı: vəzifə səlahiyyətlərindən sui-istifadə və xidməti mövqeyindən yararlanaraq dələduzluq etmək.
Taron Marqaryanla bağlı korrupsiya qalmaqalları bununla da bitmədi. Jurnalistlər Marqaryanın deklarasiyadan kənar gəlirlərinə dair araşdırma apardılar. Araşdırma müəllifləri belə nəticəyə gəldilər ki, aldığı əməkhaqqı ilə hazırkı varidatını toplaması üçün ona 210 il vaxt lazımdır. Jurnalistlər materialları MTX-ə ötürdülər, Yerevanda isə yenidən etirazlar başladı.
Həmçinin saytda: Yerevan merinin istefası haqda epopeya – bütün təfərrüatlarla
İki aylıq müqavimətdən sonra iyulun 9-da Taron Marqaryan istefa verməli oldu. İndiyə qədər o, jurnalistlər qarşısında görünməyib və ona qarşı irəli sürülən ittihamların heç biri ilə bağlı açıqlama verməyib.
Bu günlərdə məlum olub ki, keçmiş mer MTX-də dindirilib və dövlət büdcəsinə 3 milyon dollar həcmində vəsaiti geri qaytaracağına dair öhdəlik götürüb.
Favoritlər
Qələbəyə əsas namizəd “Mənim addımım” bloku sayılır. Onun bel sütununu Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası təşkil edir. Baş nazirin özü də blokun seçkiqabağı kampaniyasında fəal iştirak edib və mer kürsüsünə öz namizədi – Hayk Marutyanı dəstəkləyib.
Tanınmış komediya aktyoru və prodüsser olan Marutyan inqilabda fəal iştirak edib və həmişə Nikol Paşinyanın yanında olub. O, siyasi karyerasına bir neçə ay əvvəl “Vətəndaş sazişi” partiyasının üzvü olduğu zaman başlayıb.
“Mənim addımım” blokunun əsas rəqibi Ermənistanın ən imkanlı şəxslərindən biri Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası hesab olunur. Hərçənd sorğulara əsasən bu partiya “Mənim addımım” blokundan əhəmiyyətli dərəcədə geri qalır. “Çiçəklənən Ermənistanın” siyahısındakı bir nömrəli şəxs Milli Məclisin deputatı Naira Zohrabyandır.
Seçkiqabağı kampaniya dövründə o, həm “Mənim addımım” blokunun merliyə namizədi Hayk Marutyanı, həm də onun müdafiəsinə qalxan Nikol Paşinyanı tənqid edib. Səbəb isə onların seçkilərin “qaralar” və “ağlar”, yəni məxməri inqilab tərəfdarları və əleyhdarları arasında gedəcəyinə dair bəyanatları olub.
Həmçinin saytda: Ermənistanın siyasi qüvvələri merliyə namizəd Hayk Marutyanın seçkiqabağı bəyanatına nə ilə cavab vermək niyyətindədirlər?
Böyük ehtimalla keçid baryerini aşacaq daha bir siyasi qüvvə “Luys” bloku olacaq. Bu blok mer vəzifəsinə keçmiş ədliyyə naziri Artak Zeynalyanın namizədliyini irəli sürüb.
Bu blok vaxtilə Nikol Paşinyan, Edmon Marukyan və Aram Saqsyanın müttəfiqliyi ilə yaranıb. Formal olaraq onlar Ermənistan parlamentində hələ də Paşinyanın müttəfinqləridir, çünki eyni fraksiyaya daxildirlər. Amma Yerevan Ağsaqqallar Şurasına seçkilər göstərdi ki, onların bloku de-fakto dağılıb. Seçkiqabağı kampaniya zamanı “Luys” blokunun üzvləri də Paşinyanın bəyanatını tənqid etmişdi.
Ekspertlər hesab edirlər ki, Ağsaqqallar Şurasına “İrs” və “Daşnaksütun” partiyaları da daxil ola bilər.
Ermnistanda səs satın almaq niyə təhlükəli olub?
Seçkiqabağı kampaniya zamanı seçicilərin səslərinin satın alınması halı praktiki olaraq qeydə alınmayıb.
Seçki ərəfəsində seçicilərə rüşvət verməyə görə cəza sərtləşdirilib, rüşvət almağa görə isə cinayət məsuliyyəti tətbiq olunub.
Həmçinin saytda: Seçki öncəsi rüşvət paylamaq və almağa görə cəza haqda bütün təfərrüatlar. Necə idi, necə oldu?
Əvvəl seçki hüququnun reallaşdırılmasına və ya seçki təşkilində iştirak edənlərin öz səlahiyyətlərini yerinə yetirmələrinə mane olmağa görə iki ildən beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu.
Seçki pozuntularına görə cəzanın sərtləşdirilməsi ilə bağlı qanunvericilik paketi qəbul olunandan sonra isə cəza dörd ildən altı ilə qədər azadlıqdan məhrumetmə və 2,5-3 milyon dram (5175-6210 dollar) həcmində cərimə ilə əvəz olunub.
Seçkilərin və ya səsvermənin nəticələrinin saxtalaşdırılması əvvəl 3-5 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı, indi isə cəza 4-8 ilə yüksəldilib.
JAMnews seçkilərin gedişatını izləməyə davam edir.