Tanış simalar güc strukturlarında qalıb" />

Ermənistan hökuməti cavanlaşır: yeni baş nazir yeni komandasını formalaşdırır

Tanış simalar güc strukturlarında qalıb

Yeni hökumətin tərkibində yeni simalar                 

Ermənistanın baş naziri seçilmiş “məxməri inqilabın” lideri Nikol Paşinyan artıq öz hökumətini təmsil edənlərin bir qismini təqdim edib. Yeni təyin olunmuş nazirlər cavandır, çoxu daha əvvəl yüksək vəzifə tutmayıb. Onların hamısı – Nikol Paşinyanın komandası inqilab günlərində də  onun yanında idi.

Onlardan ən cavanı – diaspora naziri Mxitar Ayrapetyandır, onun 28 yaşı var. Ardınca 29 yaşlı baş nazirin müavini Tiqran Avinyan və 32 yaşlı ərazi inkişafı naziri Suren Papikyan gəlir. Ən yaşlılarının hələ qırx yaşı tamam deyil: baş nazirin birinci müavini Ararat Mirzoyanın, təhsil və elm naziri Araik Harutunyanın 39 yaşı var. İyunun 1-də baş nazir Nikol Paşinyanın 43 yaşı tamam olacaq.

Analitiklərin fikrincə, baş nazir Paşinyan ölkə idarəçiliyinə köklü dəyişikliklər gətirmək istəyir. Hələlik yeni nazirlər kabinetinin bütün üzvlərinin adları məlum deyil. Polittexnoloqların rəyincə, onlar da cavan, əvvəlki hakimiyyətə demək olar ki, heç bir aidiyyatı olmayan və keçmiş dövlət başçısı Serj Sarqsyanın komandası ilə assosiasiya olunmayan şəxslər olacaq.

“Dünən Nikol Paşinyan deyib ki, ikinci parlament qüvvəsi – “Sarukyan” fraksiyası ilə onların hökumətə cəlb olunması ilə bağlı razılaşma əldə edilib. Siz bilirsiz ki, onlar bir zamanlar Serj Sarqsyan komandasının bir hissəsini təşkil edirdilər. Və əgər qalan yerlər bir zamanlar artıq bu vəzifələri tutmuş və ya hökumətdə çalışmış insanlara təhvil veriləcəksə, Nikol Paşinyanın kabineti tamam fərqli görünəcək.

İstənilən halda hazırkı təyinatlar baş nazirin bütün sahələrdəki işlərə radikal dəyişikliklər gətirəcəyindən xəbər verir, o icra hakimiyyətində olmamış yeni adamları təyin edir. Paşinyan köklü dəyişikliklərə köklənib”, – polittexnoloq Vigen Akopyan JAMnews–la söhbətində deyib.

Digər polittexnoloq Karen Koçaryan JAMnews-a bildirib ki, Ermənistanın yeni hakimiyyəti təyinatlar zamanı sadəcə bir prinsipi rəhbər tutublar – hakimiyyətə baş nazir Nikol Paşinyanın komandasını gətirmək:

“Siyasi partiya hakimiyyət uğrunda mübarizə aparır. Onu əldə edəndən sonra isə, onun üzvləri hökumət üzvləri olur. Elə belə də olmalı idi”.

Karen Koçaryan cavan nazirlərin öz sahələrinə uğurla rəhbərlik edib-etməyəcəklərini deməyə çətinlik çəkir:

“Mən qəhvə fincanında fala baxa bilmirəm, qoy işləsinlər, biz də hər şeyi görəcəyik. Əgər pis işləsələr, Paşinyan özü onları dəyişəcək”.

Güc strukturlarında tanış simalar

Ekspertlər deyirlər ki, güc strukturlarında təyinatlara tam fərqli yanaşma olub. Müfafiə Nazirliyi, polis, Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyinə yeni adamlar təyin edilməyib, keçmiş hakimiyyətin nümayəndələri qalıb.

Müdafiə naziri David Tonoyan keçmiş prezident Serj Sarqsyanın komandasında olub, fövqəladə hallar naziri, müdafiə nazirinin müavini vəzifələrini tutub. Polis rəisinin müavini Valeri Osipyan polis rəisi olub, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə Artur Vanetsyan – Yerevan MTX-nın keçmiş rəis müavini təyin edilib.

“Güc strukturlarında daha yumşaq dəyişikliklər normaldır. Hər şeyi dağıtmaq və sıfırdan başlamaq, hər şeyi dəyişmək şərt deyil. Güc blokunda ardıcıllıq var, biri digərini əvəz edib. Bu cür sahələr üçün, düşünürəm ki, bu normaldır”, – Vigen Akopyan şərh edib.


More on JAMnews