Söz baş nazir səlahiyyətlərini müvəqqəti həyata keçirən Karen Karapetyandadır. İstefaya gedən baş nazir Serj Sarqsyan danışıqların bu formatından imtina edib və danışıqlar baş tutmayıb " />

Ermənistan. Etiraz hərəkatının lideri hakimiyyətlə danışıqlara yalnız jurnalistlərin iştirakı ilə razıdır

Söz baş nazir səlahiyyətlərini müvəqqəti həyata keçirən Karen Karapetyandadır. İstefaya gedən baş nazir Serj Sarqsyan danışıqların bu formatından imtina edib və danışıqlar baş tutmayıb

20:40, 26 aprel

Hakimiyyət dəyişikliyi və Ermənistanın Respublikaçılar Partiyasının iqtidardan getməsi uğrunda mübarizə aparan etiraz hərəkatının növbəti mitinqi baş tutub.

İlk natiqlər insanları baş nazir vəzifəsinə “ümumxalq namizədindən” – hərəkat lideri və “Yelk” (tərcümədə “çıxış” deməkdir) müxalif parlament fraksiyasının rəhbəri Nikol Paşinyandan başqa birisinin seçilməsinə imkan verməməyə çağırıblar. İnsanlara bildiriblər ki, bir az da dözmək lazımdır və indi geri çəkilmək olmaz.

Nikol Paşinyanın özü dünən axşam baş nazir vəzifəsinə xalq tərəfindən seçilmiş namizəd kimi onun namizədliyini dəstəklədikləri üçün insanlara minnətdarlığını bildirib. O hesab edir ki, indi parlamentdə xalqın iradəsi de-yure təsdiqini tapmalıdır.

Seçki mayın 1-də baş tutacaq, bu da o deməkdir ki, hərəkat tərəfdarları qələbə həmləsi üçün bütün qüvvələrini səfərbər etməlidirlər.

“Ya mən xalqın dəstəyi ilə baş nazir seçilməliyəm, ya da Ermənistanda ümumiyyətlə baş nazir seçilməyəcək”, – Paşinyan deyib.

Daha sonra Paşinyan ictimaiyyət qarşısında Ermənistanınn baş nazir səlahiyyətlərini yerinə yetirən Karen Karapetyanı aprelin 27-də, saat 12:00-da “Marriott” mehmanxanasında danışıqlara dəvət edib. O bəyan edib ki, danışıqlar jurnalistlərin iştirakı ilə həyata keçirilməlidir.

Daha əvvəl Respublikaçılar Partiyasının nümayəndələri danışıqların təkə-tək, mətbuatın iştirakı olmadan keçirilməsinin tərəfində olduqlarını ifadə etmişdilər.

19:50, 26 aprel

Ermənistan mediası Kremlin rəsmi saytına istinadən Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş nazir səlahiyyətlərini müvəqqəti olaraq həyata keçirən Karen Karapetyanla telefon danışığı haqda məlumat yayıb. Xəbərin yozması birmənalı olmaya bilər – Respublikaçılar Partiyasının ikinci şəxsi olan Karapetyana təzyiq cəhdinə qədər. Məlumatda deyilir:

“…Ermənistanda böhran vəziyyətinin nizamlanması yalnız hüquqi müstəvidə, mövcud konstitusiya çərçivəsində və 2017-ci ilin aprelində keçirilmiş legitim parlament seçkilərinin nəticələrinə əsasən həyata keçirilməlidir. Bu kontekstdə 2018-ci il mayın 1-də parlamentdə keçiriləcək respublikanın baş nazirinin seçiminin önəmi vurğulanır”.

Xatırladaq ki, 2017-ci ilin aprelində keçirilən seçkilərdə məhz ERP parlament çoxluğunu qazanıb və iqtidar partiyası olub.


Ermənistan baş nazirinin seçim günü təyin olunub. Milli Məclisin spikeri Ara Babloyan bildirib ki, seçkilər mayın 1-də baş tutacaq.

Dünən mitinq zamanı Respublika meydanında toplaşanlar baş nazir vəzifəsinə  namizədlərinin hazırkı hakimiyyətə qarşı hərəkatın lideri Nikol Paşinyanın olduğunu təsdiqləyiblər.

Baş nazir Parlamentdə səs çoxluğu ilə seçiləcək. Hələlik bütün parlament qüvvələrinin eyni zamanda “Yelk” deputat fraksiyasının namizədi olan “ümumxalq” namizədinin lehinə səs verib-verməyəcəyi bəlli deyil.

Hələ ki, Respublikaçılar Partiyasının öz namizədini irəli sürəcəyi istisna olunmur. ERP-nın icra orqanının üzvü, deputat Qaqik Minasyan bildirib ki, partiya iclas çağıracaq və “baş nazir kürsüsünə öz namizədləri məsələsini müzakirə edəcəklər”.

Ermənistanın istefaya gedən baş naziri və üçüncü prezidenti Serj Sarqsyanın partiyası dünən iclas keçirib və rəsmi məlumata görə, bu iclasda ilkin şərtlər irəli sürmədən bütün tərəflərlə istənilən məsələnin müzakirəsi haqda razılaşma əldə edilib.

Bu o deməkdir ki, hakimiyyət Nikol Paşinyanın təlkif etdiyi növbəti addımlar planını müzakirə edəcək:

  • Xalqın baş nazir kürsüsündə görmək istədiyi namizədin bu vəzifəyə seçilməsi
  • Müvəqqəti hökumətin formalaşdırılması
  • Növbədənkənar parlament seçkiləri.

Siyasi proseslərlə paralel olaraq Yerevanda etiraz aksiyaları da davam edir. Gənclər yenə də küçələri kəsir, tələbələr və şagirdlər hələ də ali və orta məktəblərə getmir. Hərəkat təşkilatçıları vaxtaşırı olaraq bəyan edirlər ki, aksiyada iştirak edən avtomobillər dövlət nişanları olmadan hərəkət etməməlidirlər (təxribatların və itaətsizlik hərəkatının gözdən salınmasının qarşısının alınması üçün), nümayişçilər isə ətrafı zibilləməməli və 23:00-dan sonra səs-küy yaratmamalıdırlar.


More on JAMnews