Fəallar bu iki Şimali Qafqaz respublikası arasında sərhədlərin demarkasiyası prosesinin açıq keçirilməsini tələb edir, sosial partlayışla hədələyirlər" />

Dağıstanı ərazilərini Çeçenistana verməyə vadar edirlər?

Fəallar bu iki Şimali Qafqaz respublikası arasında sərhədlərin demarkasiyası prosesinin açıq keçirilməsini tələb edir, sosial partlayışla hədələyirlər

REUTERS/Sergei Rasulov

 “Novaya qazeta” nın materialı əsasında

İnquşetiya ilə sərhədlərin demarkasiyasından sonra Şimali Qafqazda Rusiyanın tərkibində olan Çeçenistan hakimiyyəti daha bir qonşu respublikadan — Dağıstandan yapışdı. Məlum olub ki, sərhədlərin çəkilməsi prosesinə hələ ötən il başlanılıb, amma dağıstanlılara bu haqda məlumat verilməyib. Torpaqların bir hissəsini Çeçenistanın xeyrinə itirən qonşuların təcrübəsini unutmayan dağıstanlılar hakimiyyətdən vəziyyətə müdaxilə etməyi və inquş ssenarisinin təkrarlanmamağını xahiş edirlər.

İnquşetiyada olduğu kimi, Çeçenistanla Dağıstan sərhədlərinin demarkasiyası prosesi kuluar rejimdə həyata keçirilir. Vladimir Putinə və Dağıstan rəhbəri Vladimir Vasilyevə açıq məktubda fəallar “sərhədlərin razılaşdırılması prosesinin bütün mərhələlərinin tam şəffaflığını təmin etməyi və komissiyaların tərkibinə kənd icmaları nümayəndələrini və müstəqil ekspertləri daxil etməyi” xahiş edirlər və vurğulayırlar ki, əks halda “vəziyyət sosial partlayışa gətirib çıxara bilər”.

Rusiya-Ukrayna sərhədi — xalqlar dostluğunun çəpəri

Gürcüstan-Azərbaycan sərhədində minalar

Dağıstanla Çeçenistan arasında sərhəd təxminən 400 kilometr təşkil edir. Çeçenistan tərəfindən sərhəd çəkilmə məsələsi ilə Çeçenistan parlamenti sədri Maqomed Daudovun başçılığı altında xüsusi komissiya məşğul olur. Dağıstan tərəfindən prosesə görə kimin məsuliyyət daşıması aydın deyil.  

Şəffaf olmayan danışıqlar

Hər şey hələ ötən ilin noyabrında başladı. Çeçenistan Respublikası parlamentinin saytında yerləşdirilən xəritədə Dağıstan və Çeçenistanın sərhədlərində kadastr xəritəsi ilə müqayisədə əsaslı fərqlər görünürdü. Misal üçün, məşhur turizm obyekti olan Kazenoy-Am gölü tamamilə Çeçenistan ərazisinə aid edilib. Sosial şəbəkələrdə narazılıq etdilər və xəritə heç bir şərh verilmədən silindi.     

Dekabr ayında Qroznıya səfəri zamanı Vasilyev deyib:

“Ramzan Kadırovla sərhəd məsələləri ilə bağlı görüş planlaşdırılıb… Hər şey şəffaf olacaq”. Görüşün nəticələri barədə heç kim məlumat verməyib.

Sonra sərhədlərlə bağlı danışmaq üçün Dağıstana Maqomed Daudov, Çeçenistana isə Dağıstan parlamentinin spikeri Xizra Şixzaidov gedib. Danıışıqların nəticələri və hətta görüşlər barədə heç bir məlumat verilməyib. Səfərlərin açıqlanan nəticələri isə ancaq Şixzaidovla Ramzan Kadırovun qucaqlaşıb, şəkil çəkdirməyi olub.

Fevralın əvvəllərində isə Çeçenistanda sərhədlərin çəkilməsinin texniki tərtibatı məsələləri üzrə əsas məmurlardan biri olan Xizri Xizriyev saxlanıldı. Guya ki, çeçen güc qurumları onun maşınında nəşə aşkar ediblər. Dağıstan rəhbərinin administrasiyasının müdaxiləsindən sonra Xizriyevi buraxdılar. O, öz həbsini “əhəmiyyətsiz insident” adlandırdı, amma  mahiyyəti barədə danışmaqdan imtina etdi.

“Amma bizdə İnquşetiyadakı kimi olmayacaq”

Bu hadisələr fonunda dağıstanlılar baş verənləri respublika məmurları tərəfindən “Dağıstan ərazilərinin sakitcə verilməsi” kimi qəbul etməyə başladılar. İnquş ssenarisinin təkrarlanacağı aydın görünürdü.

Xatırladaq ki, İnquşetiyada qonşularla sərhədlərin çəkilməsinin nəticələri artıq postfaktum məlum oldu və iki xalqın mümayəndələri arasında iki həftə sürən etirazlara və münaqişələrə gətirib çıxardı. RF Konstitusiya Məhkəməsi çeçenlərin haqlı olduğunu elan edərək, bu mübahisəyə son qoydu.   

Dağıstanlılar qonşularının təcrübələrini təkrarlamaq istəmirlər və ilkin mərhələlərdə öz fikirlərini federasiya mərkəzinə çatdırmağa çalışırlar.  

Ötən həftə fəallar ictimai komissiyanın yaradıldığını bildirdilər və artıq açıq şəkildə hakimiyyətdən hesabat tələb etdilər. Hakimiyyət yerindən tərpəndi. Dağıstan rəhbəri nəhayət Çeçenistanla danışıqlar faktını etiraf etdi və əmin etdi ki, inquş ssenarisinin təkrarlanacağı mümkün deyil: “İnquşetiyada 2018-ci ilin payızında baş verənlər yadımızdadır. Bizdə bu olmayacaq. Çox fəal insanlarımızın sayəsində”.

Sərhədlərlə bağlı məsələyə Vasilyevin çıxışları aydınlıq gətirmədi. “Hazırda kifayət qədər böyük uzunluqda sərhədlər üzrə böyük problem görmürük. Səkkiz bənd üzrə bəzi problemlər var, onları indi açıqlamayacam… Hazırda bu sırf texniki olan məqamların razılaşdırılması məsələsi var”. Bu “sırf texniki məqamlar” da ictimai fəalları və Dağıstanın sərhəd kəndlərinin sakinlərini daha çox narahat edir.


More on JAMnews