Azərbaycanda siqaretin qiymətləri: siqaret çəkənlər təslim olmur və qalib gəlir" />
Böhran bizi xilas etmək istəyirdi

Böhran bizi xilas etmək istəyirdi

Azərbaycanda siqaretin qiymətləri: siqaret çəkənlər təslim olmur və qalib gəlir

Tütün böhranı

Bu, artıq çoxdandır ki, səssiz rituala çevrilib. Mən kioskdakı gənc satıcını başımla salamlayıram və ona üç əsginas uzadıram, o da salamımı və pulumu alır, əvəzində də nazik mavi siqaret qutusunu uzadır. Amma bu gün gündəlik ritualımızda deyəsən nəsə dəyişib. Qutunu verəndən sonra, satıcı deyir: “Sənin siqaretlərin də tezliklə bahalaşacaq”.

Xoş olmasa, tam gözlənilən bir xəbərdir. Artıq bəzi siqaret markalarının qiymətləri qalxıb – onlar 20-30 qəpik bahalaşıb, bu da Azərbaycan bazarının dollarının məzənnəsinin növbəti dəfə qalxmasına ənənəvi reaksiyasıdır. İndi də deyəsən növbə mənim “Davidoff”uma gəlib çatdı.

Kiosk satıcısı haqlı çıxdı – artıq səhəri günü həmin qutunu mənə 3 manat əvəzinə 3 manat 30 qəpiyə satdılar. Bu da Azərbaycanda tütün məmulatlarının qiymətlərinin ilk dəfə qaldırılması deyil. Ötən 1-1,5 il ərzində siqaretin qiyməti iki dəfə və daha çox artıb. Elə həmin “Davidoff” 2015-ci ilin əvvəlində 1,5 manat idi və həmin dövr üçün bahalı sayılırdı. İndi isə 1,5 manata ən ucuz siqaret almaq olar ki, bəziləri adətən çəkdikləri siqaretlərin xeyli bahalaşmasından sonra onları çəkir. Xalq arasında hətta “bədxərcliyin” yeni meyarı yaranıb – bütün bu baş verənlərdən sonra öz mövqelərindən çəkilməmək, öz siqaretini çəkməkdə davam etmək.

Siqaret çəkənlər təslim olmur

Sağlam həyat tərzinin tərəfdarları hesab edir ki, bahalılıq siqaret çəkməkdən bir dəfəlik imtinaya gətirib çıxara bilər. Amma keçirdiyimiz sorğu göstərdi ki, çox güman ki, bu baş verməyəcək.

Misal üçün, Tatyana Kovalyova hesab edir ki, qiymətləri bir dəfə də qaldırsalar belə, siqareti atmayacaq.
“Gündə təxminən bir qutu çəkirəm, hər halda o qədər də çox pul deyil. Ondansa kağız dəsmal və kolbasanı almaram, amma siqareti atmayacam”, – Tatyana deyir.

Kamran Ağabəyov da onunla həmfikirdir:
“Siqaretim düz iki dəfə bahalaşıb, amma yenə də onları çəkirəm və atmağa hazırlaşmıram. Düşünmürəm ki, bahalı qiymətlər kimisə, o cümlədən də də məni siqaret çəkməkdən çəkindirsin. Ən pis halda, adət etdiyim siqaretlər lap çox bahalaşsa, onların daha münasib əvəzini tapacam, ya da eşmə papirosa keçəcəm”.

Amma bəzi adamlar qənaət xətrinə öz vərdişlərindən imtina ediblər. Mustafa və Validə Zakirovlar etiraf edirlər ki, tütün məmulatlarına qiymətlərin qalxması ailə büdcələrinə ciddi zərər yetirib. Əvvəl siqaretə ayda 70 manat xərcləyib, bunun çox olduğunu düşünürdülərsə, indi artıq bu məbləğ 100 manata qədər qalxıb.

“Birinci bahalaşmadan sonra daha ucuz siqaretə keçdik. Amma indi onlar da bahalaşandan sonra bu fənd də işləməyəcək, çünki 2 manatdan ucuz olan hər şey, mənim fikrimcə, zəhərdir, ciyərlərimi zəhərləmək də istəmirəm. Qiymətlər qalxmaqda davam etsə, ən axırıncı addıma əl atacam – ən ucuz siqaretlərə keçəcəm, ziyanı azaltmaq üçün də müştüklə çəkəcəm”, – Mustafa “tütün böhranı” ilə mübarizə planları ilə bölüşür.

Xanımı isə hesab edir ki, siqaretin və ümumiyyətlə hər şeyin qiymətlərinin qalxması ancaq siqaret çəkməyi stimullaşdırır.

“Bütün bu devalvasiyalar və s. ilə bağlı əsəbiləşəndə əvvəlkindən daha çox çəkirəm. Və mən tək deyiləm, – Validə danışır, – Azərbaycanda çoxları üçün siqaret çəkmək özünəməxsus stress atmaq, həyatın keşməkeşlərini unutmaq üsuludur. Deməli, stress nə qədər çox olursa, insanlar da daha çox çəkir. Və hətta ikiqat bahalaşma da insanları siqaretdən imtina etməyə məcbur edə bilməyəcək. Ümumiyyətlə mənə elə gəlir ki, siqareti atmağa daha çox imkanlı, həyatları daha stabil və rahat olan adamlar meyillidir. Onların siqaret çəkməyə bu qədər böyük ehtiyacı yoxdur. Onlar həyatda sevincləri də daha aztəminatlı təbəqələrdən xeyli çoxdur”.

Hər bir siqaret çəkən özü üçün anti-böhran strategiyası fikirləşib tapıb: siqaretlərin daha ucuz satıldığı və seçimin dah böyük olduğu Tbilisidə almaq, tütün çəkmək, ucuz markalar çəkmək, amma heç biri demədi ki “Bəli, bu bahadır, ona görə də siqareti atacam”.

Davamlı İnkişaf Araşdırma Mərkəzinin məlumatına görə,65148 ötən bir neçə il ərzində Azərbaycanda siqaret çəkənlərin sayı xeyli artıb. Amma onların təxmini sayını belə müəyyən etmək çətindir, çünki bu haqda ancaq satılan siqaretlərin sayı ilə fikir bildirmək mümkündür. Həm də əvvəllər siqaret çəkənlərin əsas kütləsini yetkinlik yaşına çatmış kişilər təşkil edirdisə, indi onların sıralarını daha çox qadın, yeniyetmə və hətta 13 yaşına qədər olan uşaqlar doldurur.

Siqaret çəkənlər qalib gəlir

Bir az vaxt keçəndən sonra məlum oldu ki, siqaret çəkənlərin daha ucuz varianta kütləvi keçidi istehsalçılara və siqaret satanlara o qədər böyük ziyan vurub ki, onlar geri çəkilməli oldular. Dekabrın ortalarında 2 manatdan baha olan siqaretin qiyməti birdən azaldı, orta hesabla, 15%. Bu da dollar məzənnəsinin sürətlə qalxması və ümumiyyətlə hər şeyin bahalaşması fonunda baş verib.

Satıcıların sözlərinə görə, bu gözlənilməz qiymət azalması iki amillə bağlıdır. Birincisi, çoxları ucuz siqaretlərə keçdilər, bununla da bahalı siqaretlərə tələbat azaldı. İkincisi, yerli bazarda daha çox rəqabət qabiliyyətli qaçaqmal yaranır. Başqa sözlə, İsveçrənin “Malboro” markası onun Azərbaycan aksiz markalı oxşarından o qədər də baha deyil, “isveçrəli”nin keyfiyyəti isə daha yaxşıdır.

İqtisadçı Toğrul Maşallı satıcıların sözlərini təsdiq edir və əlavə edir ki, siqaretləri Azərbaycana əsasən, Rusiya və Ukraynadan idxal edirlər. Orta hesabla, Rusiyadan idxal olunan siqaretin bir qutusunun qiyməti təxminən 54 sent, Ukraynadan gətirilənin qiyməti 38 sentdir. Aksiz ödəmələri və digər vergilərlə rəqəm təxminən 20-30% artacaq.

“Sadə dildə desək, siqaretlərin qiymətlərinin qalxması spekulyativ xarakter daşıyır. Əksəriyyətinin maya dəyəri göstərilən rəqəmdən xeyli aşağıdır. Xüsusən də böyük sayda siqaretin qaçaqmalla gətirilməsini nəzərə alsaq”, – Maşallı deyir.

Beləliklə, indi siqaret çəkənlər acgöz satıcıları siqaretin qiymətinin maya dəyərinə yaxın salmağa məcbur etməklə qələbələrini qeyd edə bilərlər.

• ÜST hesab edir ki, siqaret çəkmək hər il dünyada təxminən 6 milyon insanın ölümünə səbəb olur, nikotin asılılığı isə öz gücünə görə ancaq alkoqol asılılığından geri qalır.
• Azərbaycanda ictimai yerlərdə siqaret çəkmək qadağan olunmayıb.
• Deputatlardan biri bunu qadağan etməyi təklif edəndə, məsələ parlamentdə müzakirəyə qədər gəlib çıxmadı.
• Yaşı 18 yaşdan aşağı olanlara siqaret satmaq qadağandır.
• Azərbaycanda siqaret Avropa və Türkiyədə olandan ucuzdur, orada yüksək vergilər anti-tütün siyasətinin bir hissəsidir.


More on JAMnews