İnquşlar və çeçenlər – yaxın qohumluq əlaqələri olan xalqlar gözlənilmədən ərazi münaqişəsinə cəlb olunublar" />

Çeçenistanla sərhədin dəyişdirilməsinə görə İnquşetiyada etirazlar – səbəbləri və nəticələri

İnquşlar və çeçenlər – yaxın qohumluq əlaqələri olan xalqlar gözlənilmədən ərazi münaqişəsinə cəlb olunublar

Artıq bir həftədir ki, qonşu Çeçenistanla sərhədlərin dəyişdirilməsinə görə İnquşetiyada kütləvi etiraz davam edir. Rusiyanın “Kavkazski uzel” informasiya agentliyinin reportajlarına istinadən nəyin və nəyə görə baş verməsi barədə söhbət açacağıq.

 Nə baş verir

2018-ci ilin oktyabrının əvvəllərində Rusiyanın Şimali Qafqazdakı iki qonşu regionunun – İnquşetiyanın və Çeçenistanın – rəhbərləri sərhədlərin müəyyənləşdirilməsi barədə müqavilə imzalayıblar. Həmin sənədə əsasən, tərəflər əraziləri ilə mübadilə edirlər: İnquşetiya və Çeçenistan bir-birinə təxminən 17000 hektar torpaq verir.

Bu qərar barədə məlumat verilən kimi İnquşetiyada etirazlar başladı. Bunlara ilk öncə gənc insanlar təşəbbüs göstərdi, sonradan onlara daha yaşlılar qoşuldu. Etirazçılar sərhəd haqqında sazişin ləğvini və bu məsələ ilə əlaqədar referendumun keçirilməsini, İnquşetiyanın başçısı Yunus-bek Yevkurovun istefasını tələb edirlər.

Oktyabrın 10-da İnquşetiya parlamenti ərazi mübadiləsi haqqında qərarın ləğvi ilə bağlı məsələ üzrə səsvermə keçirməli idi, lakin yetərsay yığılmadı.

İnquşetiyanın Konstitusiya Məhkəməsi qərara alıb ki, məsələ referendum yolu ilə həll olunmalıdır.

Etirazçılar İnquşetiyanın paytaxtı Maqasdakı meydanda qalmaqda davam edirlər.

Prezident Putinin mətbuat katibi bildirib ki, Moskva bu mübahisəyə qarışmır, məsələ federasiya subyektləri arasında həllini tapmalıdır.

Etirazın ilk günündən aksiyada çoxlu qadın iştirak edir. Onlar yemək hazırlamağa və aksiya iştirakçılarının məişət məsələlərinin həllinə kömək edirlər. Foto: “Kavkazski uzel”

Problemin məğzi

Çeçenistanla İnquşetiya arasında inzibati sərhəd problemi 1991-ci ildə meydana gəlib, o zaman Sovet İttifaqı ilə birlikdə Çeçen-İnquş Muxtar Respublikası da dağılıb.

Həmin vaxt sərhəd Çeçenistanla İnquşetiyanın rəhbərləri arasında, demək olar ki, şifahi razılaşma yolu ilə müəyyən edilmişdi, bu illər ərzində heç bir rəsmi qərar qəbul edilməyib.

Hazırda Çeçenistana verilən ərazidə tarixən həm inquşlar, həm də çeçenlər yaşayıb. Onlar yaxın qohumluq əlaqələri olan vaynax xalqlarıdır.

Həmçinin saytda oxuyun: Şimali Qafqazda kabardinlərlə balkarlar arasında toqquşmalar. Nə və niyə baş verdi?

İnquşetiya üçün ərazi məsələsi qonşu Şimali Osetiya ilə mövcud ərazi mübahisəsi üzündən xüsusilə ağrılıdır.

İnquş ərazisinin bir hissəsi – Priqorodnı rayonu – 1944-cü ildə vaynax xalqının Stalin tərəfindən deportasiyası dövründə İnquşetiyadan Şimali Osetiyaya verilib.

Ərazi mübadiləsi haqqında müqavilə inquş ictimaiyyətində həm də ona görə belə hiddət doğurub ki, prinsipial qərar ümumxalq müzakirəsi aparılmadan qəbul edilib.

 

“Razı deyiləm”, “Respublikamızı qoruyaq” sözləri yazılmış plakatlar. Foto: “Kavkazski uzel”

Etirazın xüsusiyyətləri

Maqasda işləyən rusiyalı və əcnəbi jurnalistlər bir neçə xüsusiyyətləri qeyd edirlər:

İnquş etirazı dinc xarakter daşıyır. Bütün bu vaxt ərzində cəmi bir dəfə iş havaya atəş açılmasına gətirib çıxarıb və həmin hadisədən sonra polislə toqquşma baş verməyib.

Etiraza 40 yaşına qədər gənc insanlar rəhbərlik edir. Yaşlılara fəxri, lakin həlledici olmayan rol ayrılıb.

Etiraz inquş ictimaiyyətini birləşdirib. Hətta yerli polislər belə açıq şəkildə bildirirlər ki, öz xalqlarına qarşı çıxmayacaqlar, onlarla birlikdə dua edirlər.

Etiraz aksiyasında yaşlı adamlar fəal iştirak edir. Yerli kafelərin sahibləri etirazçıları öz hesablarına doyururlar. Foto: “Kavkazski uzel”

Bəs sonra?

Aydındır ki, İnquşetiyada etirazı güc yolu ilə yatırmaq cəhdi ən dağıdıcı nəticələrə gətirib çıxaracaq. Buna nə yerli hakimiyyət, nə də Moskva getmir.

Öz-özünə etiraz bitməyəcək – o, çox fundamental və ağrılı səbəblər üzündən yaranıb.

Sərhəd üzrə müqavilənin təşəbbüskarı olmuş Çeçenistan başçısı Ramzan Kadırov gözləmə mövqeyi tutub.

Ən doğru yol referendumun keçirilməsidir. Lakin buna Moskvada qarşı çıxacaqlar. 20 ildən çoxdur ki, Rusiyada referendumlar keçirilmir və Rusiya hakimiyyəti xalq iradəsinin birbaşa ifadə edilməsi presedentini yaratmaqdan çəkinəcək.

Xeyli sayda münaqişə nöqtələrinin mövcud olduğu digər Şimali Qafqaz respublikalarında – Kabardin-Balkarda, Qaraçay-Çərkəsdə və Şimali Osetiyada İnquşetiyada baş verənlər xüsusi diqqətlə izlənir.

İnquşetiyanın Maqas şəhərindəki mitinqdə. Foto: “Kavkazski uzel”


More on JAMnews