Seks oyuncaqlarının satışı mümkün deyil – Azərbaycanı, Ermənistanı və Gürcüstanı bu təsəvvür birləşdirir" />

Cənubi Qafqazda seks-şoplar: seks var, şop yoxdur

Seks oyuncaqlarının satışı mümkün deyil – Azərbaycanı, Ermənistanı və Gürcüstanı bu təsəvvür birləşdirir

Bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə seks-şoplar ola bilsin ki, adi haldır. Cənubi Qafqaz üçün isə bu, hələ də tabu olaraq qalır.

Azərbaycan, Ermənistan və Gürcüstandan olan jurnalistlər Günel Mövlud, Edita Badasyan və Nona Şahnazaryan hələ 2016-cı ilin yanvar ayında bu məsələni BBC üçün araşdırıblar. O vaxtdan dəyişiklik olmayıb, biz də bu jurnalist araşdırmasını dərc edirik.

Gürcüstan: seks şop şeytan əməli kimi

Bu məqaləni yazmazdan əvvəl sosial şəbəkələrdə bu mövzuda müzakirələri nəzərdən keçirdik. 

Bəzi sosial şəbəkə istifadəçiləri bu cür mağazaların mövcudluğunun yol verilməziliyindən danışır və hesab edirlər ki, ailəli adamların seks-şop oyuncaqlarına ehtiyacları yoxdur. Bəziləri isə bütün bunları günah adlandırır.

Amma seks şop mallarına tələbatın olduğunu etiraf edənlər də az deyil, sadəcə Tbilisi balaca şəhər olduğundan heç kim “cinayət başında yaxalanmaq istəmir.

Maraqlıdır ki, kişilər bu mövzunu daha açıq müzakirə edən qadınlardan fərqli olaraq seks şoplar haqqında daha neqativ danışırlar.

Belə cəsarətli xanımlardan biri də Gürcüstanda seks-şopun keçmiş həmsahibəsidir. Adının hallanmasını istəməyən bu qadın bizə aşağıdakıları danışdı:

“Deyə bilərəm ki, mağazaya çox sayda adam gəlir və çox şey alırdılar, amma içəri girməzdən əvvəl yaxalıqlarını qaldırıb, üzlərini gizlədirdilər… Bizə kənd yerlərindən də gələnlər olurdu, hətta sonradan təşəkkür məktubları da yazırdılar, – o danışır.

“Bu dünyada hər şey bu qədər sadə deyil. Seks təbiətdən gələn bir şeydir və təbii tələbatlardan heç hara qaçmaq mümkün deyil. Yəni satdığımız mallar çoxlarının köməyinə çatırdı. Çox adam üçün seks-şop təbii problemlərin həllində yardımçı olurdu”, – seks-şopun keçmiş sahibəsi deyir.

Tbilisidə yerləşən yeganə seks-şopa iki dəfə hücum çəkiləndən sonra onu bağlamalı oldular.

Birinci belə haldan sonra mağazanı başqa rayona köçürməyi xahiş etdilər ki, burada insanları qıcıqlandırmasın və seks-şop daha kiçik, daha xəlvət bir yerə köçürüldü.

Amma bir neçə ay sonra daha bir hücum oldu.

“Taxta xaçlarla silahlanmış dindarlar mağazamızı dağıtdı. Satıcılar da, biz də öz payımızı aldıq. Onlar qışqırırdılar ki, seks şeytan əməlidir, xristian ölkəsində bu cür məhsullar xalqın əxlaqını pozur, biz də şeytanın törəmələriyik, – həmsöhbətimiz danışır.

Gürcü ədəbiyyatında yazıçıların toxunmalı olmadığı iki mövzu var: bu, din və seksdir

Bundan sonra mağazanı daşladılar, polis kilsəni qəzəbləndirməməyi xahiş etdi və onlar alverlərini dayandırmalı oldular. 

“Onu da deyim ki, mağazaya hücum çəkənlər arasında daimi müştərilərimiz də vardı, – mağazanın sahibi deyir. – 15 il sonra bugünkü Gürcüstanda  belə bir mağaza açmaq ağlımıza gəlibmi? Yox, istənilən ölkədə bu mümkündür, Gürcüstandan başqa! Burada kilsənin xalqa təsiri fonunda vəziyyət daha da pisləşib.

Axı mentalitet dəyişməyib. Gürcüstan həddən artıq patriarxal ölkədir”.

Gürcüstanda seks-şopların açılmasını qadağan edən qanun yoxdur. Ədalət xatirinə demək lazımdır ki, bu seks-şopun yerində Gürcüstanda geniş mal çeşidi olan “Seksmarket və “Kupidon adlı iki onlayn mağaza açıldı.

Seks-şopdan alınan oyuncaqların köməyilə cütlüklər intim həyatlarına rəng qata, onu zənginləşdirə bilər, həkimlər belə hesab edir.

Bundan başqa da, seksoloq Arçil Bakradzenin sözlərinə görə, mağazalar seksual problemlərin müalicəsi ilə məşğul olan klinikalarla sıx əməkdaşlıq edir.

“Sözsüz ki, seks-şoplarda satılan mallar lazımlıdır, faydalıdır, üstəlik də insanlara həzz verir. Onlayn mağazaların sayəsində bu malları daha asan əldə etmək olar, – həkim deyir.

Bununla belə, Bakradze hesab edir ki, Gürcüstanda adi seks-şop açmağa dəyməz.

“Xristian mühitini nəzərə almaq lazımdır, buna görə də hesab edirəm ki onlayn seks-şop ən optimal variantdır. Kimə lazımdır alır, buna qarşı çıxanlar isə mağazanı nə görür, nə də etiraz edir, – Bakradze deyir.

Yazıçı və tərcüməçi Anna Kordzaya da hesab edir ki, Gürcüstanda seks-şop hələ bir neçə onillik müddətində açılmayacaq, amma bunun səbəbi ancaq əhalinin narazılığı ilə bağlı deyil.

Onun sözlərinə görə, gürcü ədəbiyyatında yazıçıların toxunmalı olmadığı iki mövzu var, əks halda gözümçıxdıya salacaqlar.

“Bu, din və seksdir, qalan hər şey haqqında yaza bilərsiz, – o deyir.

Ermənistan: ancaq onlayn

Niyə Yerevanda seks-şoplar yoxdur? Daha doğrusu, onlar Yerevanın real, fiziki məkanında yoxdur, internetdə isə kifayət qədərdir. 

“Ermənistanda kimsə seks-şopa girsə, elə şayiələr yayılacaq ki, adamın həyatı bir an içində məhv olacaq”

Hüquqi nöqteyi-nəzərdən onlar Gürcüstandakı kimi qadağan olunmayıblar. Bəzilərin nöqteyi-nəzərindən isə seks-şoplar müasirlik əlamətidir, düzdür, bəziləri isə alt paltarı mağazaları və univermaqlardakı müvafiq şöbələri də seks-şop hesab edirlər. 

Yerevanın digər sakinləri hesab edir ki, seks-şoplar sağlamlıq üçün ziyandır.

Onlar deyir ki, malı əsasən Çindən gətirirlər, yaxşı mal isə bahadır və çoxlarının cibinə uyğun deyil. Misal üçün, vaginizmin müalicəsi üçün nəzərdə tutulan fallos müxtəlif ölçülərdən ibarət dəstdir, qiyməti də 1000 avrodur. 

Psixoloq Şamiran Rştuni bildirir ki, ermənilərlə birlikdə Ermənistanın onlayn seks-şoplarının əsas müştəriləri İran sakinləridir.

Bu cür saytlardan biri bizi 18 yaşına qədər olan şəxslər üçün sərt xəbərdarlıqla qarşıladı. Sayt üç dildədir (ingilis, rus, erməni), çeşid müxtəlifliyi göz qamaşdırır: burada vibrator, masturbator və başqa seksual əyləncə predmetlərinin bütün spektri var.

Niyə adi ticarət mərkəzlərində bu cür mağazalar yoxdur? Yerevanın mədəni antropoloqlarından birinin sözlərinə görə, kimsə seks-şopa girməyə cəsarət etsə, bundan həmin axşam hamının xəbəri olacaq və elə şayiələr yayılacaq ki, adamın həyatı bir an içində məhv olacaq.

Azərbaycan: “pornoqrafik materiallar”

Azərbaycanda seks-şop yoxdur. Aşağıdakı sualdan başlayaq: onlara ümumiyyətlə ehtiyac varmı?

On ildən çox müddət ərzində risk qrupları ilə işləyən ginekoloq Zərifə Quliyeva hesab edir ki, seks-şoplar çox sayda tənha qadın və kişilərə kömək edə bilərdi. Bundan başqa onun fikrincə, erotik mal mağazası təkcə tənha adamlara deyil, həm də evli cütlüklərə lazımdır.  

“Vaxt keçdikcə cütlüklərin intim münasibətlərində eksperimentlərə ehtiyac yaranır. Kişilərimiz xanımları ilə seksual yenilikləri tətbiq etməyə meylli deyil, – o deyir. – Onlar ya seks işçilərinin xidmətlərindən istifadə edir, ya da məşuqə saxlayırlar. Bu, maddi cəhətdən ziyan, həyat yoldaşı və ya sevgiliyə münasibətdə arzuolunmazdır, həm də insanın səhhətində problemlərin yaranmasına gətirib çıxara bilər.

Seks-şop oyuncaqlarının köməyilə bu cütlüklər intim həyatlarına rəng qata, onu zənginləşdirə bilər, – həkim deyir.  – Seksual azlıqlar arasında partnyor azlığını da nəzərə alsaq, seks-şopların vəziyyətdən çıxış yolu olması mümkündür”.

Din nöqteyi-nəzərindən  masturbasiyaya kömək edən əşyaların satışı qəbuledilməzdir

Bununla belə, Zərifə Quliyeva bu cür ticarət obyektlərinin açılmasını real saymır.

“Düşünmürəm ki, ölkəmizdə seks-şopların açılışı mümkün olsun. Bu, əhalinin böyük hissəsi tərəfindən gülüş və qınaq obyektinə çevriləcək. İnsanlar bura girməyə belə qorxacaqlar, – o hesab edir.

Azərbaycanda ictimai dözümsüzlüyə həm də hüquqi problemlər əlavə olunur.

“Cinayət Məcəlləsinin 242-ci maddəsinə görə, pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalarla qanunsuz ticarət cinayət sayılır, – hüquqşünas Fariz Namazlı xatırladır.

Onun sözlərinə görə, seks-şoplarda satılan əşyalar pornoqrafik məhsul hesab olunur və deməli, mağazanın açılması və bu mağazalarda bu cür əşyaların satışı pornoqrafik materialın qanunsuz ticarəti hesab olunacaq.

“Kimsə belə bir şirkət açmaq istəsə, çox güman ki, onu qeydiyyatdan keçirməyə imkan verməyəcəklər, – o deyir. – Belə bir təcrübə artıq var. sex.az adlı saytı qeydiyyatdan keçirməyə cəhd etdilər, alınmadı”.

Azərbaycanda əsas din İslam hesab olunur. Biz  ilahiyyatçı Niyam Aqildən seks-şop məsələsi ilə bağlı fikir bildirməyi xahiş etdik.  

“Din nöqteyi-nəzərindən qoruyucu, arzuolunmaz hamiləliyi kontrol edən həblər, seksual həyat haqqında məlumat kitabları, erotik paltarlar və buna oxşar mallar aptek və mağazalarda satıla bilər, – deyə o izah etdi. – Amma masturbasiyaya kömək edən əşyaların satışı qəbuledilməzdir. Bunu tək İslam deyil, digər dinlər də qadağan edir.


More on JAMnews