Çeçenistanda bu tarix 2011-ci ildən etibarən qeyd olunmur" />

Bu gün çeçen və inquşların sürgün edilməsindən 73 il keçir

Çeçenistanda bu tarix 2011-ci ildən etibarən qeyd olunmur

Bu gün fevralın 23-də çeçenlərin və inquşların 1944-cü ildə sürgün edilməsindən 73 il keçir.

İnquşetiyada faciəvi tarixə həsr olunmuş mitin keçirilib. Nazrandakı siyasi repressiya qurbanlarının xatirəs memorialının qarşısında baş tutan aksiyada beş minə yaxın insan iştirak edib. Tədbirdə respublika rəhbəri Yunus-Bek Yevkurov çıxış edib. O, 1944-cü ildə inquşların sürgününə görə cavabdeh olanları “terrorçu” adlandırıb.

Çeçen-İnquş MSSR ərazisindən çeçen və inquşların kütləvi şəkildə Qazaxıstan və Orta Asiyaya sürgün edildiyi “Mərcimək” Əməliyyatı 1944-cü il fevralın 23-dən martın 9-a qədər davam edib. Buna səbəb kimi hərbi dövrdə kütləvi dezertirlik, hərbi xidmətdən yayınma və arxa cəbhədə silahlı üsyan hazırlığı göstərilmişdi. Çeçenistan və İnquşetiyadan sürgün zamanı 500 minə yaxın insan çıxarılmışdı. Çeçenlər və inquşlar yalnız 1957-ci ildən sonra öz evlərinə qayıtmağa başladılar. SSRİ-də repressiyaya məruz qalanların reabilitasiyası haqda qanun isə 1989-cu ildə qəbul edildi.

Dəyərləndirmələrə görə, sürgün nəticəsində NKVD bölmələrinin əlindən, aclıqdan, soyuqdan və sürgün yerində yaşadıqları məhrumiyyətlər üzündən 100 minə yaxın çeçen və inquş tələf olub.

Amma Çeçenistanın özündə bu tarix artıq dördüncü ildir ki, rəsmi olaraq qeyd olunmur. 2011-ci ildə Çeçenistan rəhbəri Ramzan Kadırov xatirə və matəm gününün mayın 10-a (2004-cü il mayın 9-da terror aktı nəticəsində qətlə yetirilən Çeçenistan prezidenti Ahmad Kadırovun xatirəsinə) keçirilməsi haqda fərman imzalayıb. Kadırov öz qərarını matəm günlərinin Rusiyanın ümumdövlət bayramları ilə üst-üstə düşməsini istəmədiyi ilə əsaslandırıb (23 fevral Rusiyada vətən keşikçisi günü kimi qeyd olunur).

“Kavkazskiy uzel” xəbər verir ki, 2014-cü ilin fevralında Qafqaz Xalqları Assambleyasının rəhbəri Ruslan Kutayev fevralın 23-də Çeçenistanda matəm tədbirlərinin keçirilməsinin qadağan olunmasını tənqid edib. Bundan sonra o, saxlanılıb və narkotik saxlama ittihamı ilə dörd il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq İnsan haqları təşkilatı Human Rights Watch isə Kutayevin təqib olunmasını məhz onun sürgünün ildönümü ilə bağlı bəyanatı ilə bağlayıb.


More on JAMnews