Vacib suallar, miflər, əhvalatlar, ekspertlərin şərhləri" />

Bizə aid deyilmiş kimi: Azərbaycanda narkomaniya

Vacib suallar, miflər, əhvalatlar, ekspertlərin şərhləri

Azərbaycanda narkomaniya müzakirə olunan mövzulardan daha çox tabular sırasındadır. Narkomanların qohumları var gücləri ilə problemi səsə-küyə salmamağa çalışır, bu barədə pıçıltı ilə danışırlar. Yüksək dozadan ölüm əksər hallarda “dəm qazından boğulma” kimi qələmə verilir.

Mövzu haqqında danışılmaması bu barədə saysız-hesabsız sualların meydana gəlməsinə, miflərin yaranmasına gətirib çıxarır ki, qəhrəmanlarımızın və ekspertlərin köməyi ilə bunların bəziləri haqqında məlumat verməyə çalışacağıq. Qəhrəmanların adları etik səbəblərdən dəyişdirilib.

Azərbaycanda narkotiklərdən asılı olanların sayı artır. Hazırda hər 10 min nəfərə 30 narkoman düşür, halbuki, 2010-cu ildə bu göstərici 28 nəfərə bərabər idi. Ölkə üzrə az qala 30 min nəfər eləyir – hələ bu, yalnız rəsmi statistikadır.

Azərbaycan narkotiklərin Əfqanıstandan, Mərkəzi Asiyadan və İrandan Rusiya və Avropaya daşınması üçün tranzit ölkə rolunu oynayır. Ölkədə əsas etibarilə heroin geniş yayılıb, narkotik tərkibli bitkilər yetişdirilir.

Fərid, 28 yaş

F

ərid görüşə gələrkən fikri dağınıq kimiydi. “Bağışla, kefim bir az yaxşıdı”, – o, əl hərəkəti ilə göstərir ki, “ot” çəkib.

Fərid ilk dəfə narkotikin dadına xaricdə universitetdə təhsil alarkən baxıb. Qonaqlıqda dostlarından biri yerdə qalanlara bükmə paylayıb.

“Mən çox sərxoş idim və özümü qəribə hiss edəndə təəccübləndim. Bunu “ayıqkən yuxu” adlandırardım.

İkinci dəfə hardasa bir həftə sonra çəkdim, bu dəfə ayıq başla. Xoşuma gəldi. Elə indi də marixuananı tez-tez çəkirəm – hesab edirəm ki, bu, alkoqoldan xeyli faydalıdır və digər narkotiklər kimi zərərli deyil”.

Narkotiklərin zərəri – sürətli və ləng

Bir çox məşhur narkotiklər haqqında internetdə oxumaq olar ki, onlar insan orqanizminə “texniki” zərər vurmur, bəzilərindən isə əvvəllər hətta dərman kimi kütləvi istifadə olunub. Bu, doğrudan da, belədir, lakin hətta ən “təhlükəsiz” və “təbii” narkotiklərin də təsirini proqnozlaşdırmaq çətindir – hər kəsə fərqli təsir edir, hətta eyni adama belə hər dəfə başqa cür təsir göstərir.

Narkoloq Vəfa Əliyeva hesab edir ki, bütün narkotiklər hərəsi özünə görə təhlükəlidir, xüsusilə də onların “yeni nəsli”:

“Son iki il ərzində Azərbaycanda “dizayner narkotikləri” peyda olub. Onlar elə ilk istifadədə ölümə səbəb ola bilər”.

Fərid narkotiklərin “ləng ziyan”ını təcrübədən keçirmiş tanışları barədə danışır. Onlar hamısı eyni sxemdən keçirlər: marixuana çəkmək, gözəl əhval-ruhiyyə, hər şeyin nəzarət altında olması hissiyyatı. Sonra tanış diler deyir ki, bu gün marixuana yoxdur və daha güclü narkotik təklif edir. Sonra doza artır, asılılıq yaranır, pul qurtarır və “hamının çəkdiyi və heç kimə ziyanı dəyməyən təhlükəsiz  ot” hansısa nisbətən ucuz “ampulanın” – “elmə məlum olmayan” duz qarışığının ziyadə dozası ilə bitir.

Foto: Bəşir Kitaçayev

İlk sınaqdan sonra Fərid təcrübələrini davam etdirib. Əksər hallarda  dostları ona nəsə yeni bir şey sınaqdan keçirməyi təklif edib və onlar bundan birlikdə istifadə ediblər ki, daha şən olsun.

O, hər istifadədən sonrakı hissiyyatını ətraflı təsvir edir – əksər hallarda bu, rahatlıq, stresdən yaxa qurtarma, qayğısızlıq, ətrafdakı hər kəsə qarşı sevgi və özünü sevilən hiss etmək duyğusudur – sanki “səni isti, qalın “xeyirxahlıq” yorğanına bələyiblər”.

Bəzən isə qəribə və qeyri-adi hisslər olur, sanki parkda şam ağacı rəqs edir.

Bəzi narkotiklər ona “daha effektiv” olmağa kömək edib.

“Əgər bütün semestr boyunca kitabın üzünü açmamısansa və imtahana 11 saat qalmış onu oxuyub bitirməlisənsə, kokaindən başqa variantın yoxdur. Mən hər sessiyada belə edirdim, bir dəfə isə elə imtahandaca burnuma çəkmişəm.

Bakıya qayıtdıqdan sonra bəzən narkotiklərlə başımı qatmağa davam etdim. Lakin burada mal tapmaq daha çətin idi. MDMA, ekstazi, marixuana. Tapa bildiyim hər şeyin dadmışam”.

Bakıda bir çox narkotikləri tapmaq asandır və onlar nisbətən ucuzdur – hər dozasının qiyməti bir neçə dollardan başlayır. Dilerlərin əlaqə nömrələri “dildən dilə” yayılır.

Fərid hər narkotikdən sonra hansı “fəsadların”in baş verdiyini də müəyyən edib.

“Yəqin ki, ən pisi metamfetamin idi. Birincisi, bütün dilin yara içində olur, çünki çənə sıxır, bütün axşamı su içirsən, siqaret çəkirsən, saqqız çeynəyirsən, bütün bunlardan sonra yeyərkən ağrı hiss edirsən. Hələ üstəlik, yata da bilmirsən.

Bir dəfə yeni maddədən sonra özümü pis hiss etdiyim zaman işə qəbul üçün müsahibəyə getməli oldum. Məni işə götürdülər, dərhal işləməyə başlamaq lazım idi. Mən isə evə qayıtmaq, uzanıb dincəlmək istəyirdim”.

Çoxları hesab edir ki, narkotikdən bir dəfə istifadə etməklə insan birdəfəlik batır. Çox vaxt elə belə də olur, amma Fəriddə bu baş verməyib. O, hər şeyi sınaqdan keçirib və ara-sıra marixuana çəkməyin üzərində dayanıb. Hazırda o, özünü ancaq siqaretdən asılı hiss edir.

Kimi asılı hesab etmək olar? Psixoloq Azad İsazadə izah edir

“Mütəmadi olaraq narkotiklərlə “baş qatan” adamla narkotiklərdən asılı adam arasında sərhəd çox şərtidir. Alkoqolizmlə paralel aparmaq və marixuana çəkməyi pivəyə olan bağlılıqla müqayisə etmək olar. Lakin nəzərə almaq lazımdır ki, narkotiklərə insan alkoqola nisbətən xeyli tez alışır. Misal üçün, heroinin üç-dörd inyeksiyası bəs edir.

Narkotik olmadan insan qaşqabaqlı, təşəbbüssüz, süst görünürsə, hər yeri ağrıyırsa, bu artıq asılılıq əlamətləridir. Növbəti dozanı qəbul edən kimi o, yenidən fəallaşır və daha şən olur”.

“Stereotiplər üzündən bir çoxları ot çəkən insanla heroinə oturmuş insan arasında fərq qoymur, – Fərid deyir, – Bu cür adamlar həftədə bir dəfə özünə ot çəkməyi rəva gördüyünə görə sənin üçün səmimi olaraq həyəcan keçirirlər, lakin eyni zamanda günorta saat 3-də araq içsən, buna sakit yanaşırlar”.

Lakin Fəridin çox dostlarının bəxti daha az gətirib. Onların əhvalatlarını danışarkən o əlavə edir ki, bu adamların iradəsi zəifdir.

Fəridin tanışları

“Məsələn, kokainə oturmuş tələbə yoldaşım təhsilə barmaqarası yanaşırdı, üç sutka ilə yatmırdı, sonra birdən-birə iki gün yatırdı.

Bir dəfə o, mənə danışdı ki, evdə necəsə yıxılıb və onun sözlərinə görə, komaya düşüb. Yadına gəlmir ki, bu vəziyyətdə nə qədər uzanıb qalıb. Bəzən onda tutmalar olurdu, bu, dəhşətli idi, xüsusilə onun sanki ümid axtaran xəstə baxışları. İndi, deyəsən, qurtulub.

Daha bir tanış qız vardı, metamfetamindən asılı idi, ya da heroinə oturmuş oğlan var idi. Bu insanlar heç də “uğursuz element” deyildilər, sərt reallıqdan qaçmırdılar, sadəcə, həzz almaq istəyirdilər” [Fərid burada “kayfojor” sözünü işlədir – red.]”.

Foto: Bəşir Kitaçayev

Keçmiş narkomanlar olmur?

Psixoloq Azad İsazadə:

“Belə bir yarımif var ki, narkotikdən asılılıq müalicə olunmur. Bəli, bu çox çətindir. Lakin iş burasındadır ki, sağalanlar “görünmürlər”, onlar bu barədə hər küncdə-bucaqda qışqırmırlar. Bu səbəbdən də, insanlar onları görmür. Buna görə də, insanlar əsas etibarilə hər dəfə geri dönənləri və qırılanları görürlər.

Məndə çox uğurla müalicə olunmuş pasientlər olub. Onlardan biri ilə indi ayda bir dəfə görüşürəm, əvvəl isə gündəlik görüşlərdən başlamışdıq”.

“Müalicə” sözü altında burada asılılığın sıfıra endirilməsi deyil, sosiallaşma və cəmiyyətdə normal həyat başa düşülür.

Həkim-narkoloq Vəfa Əliyeva izah edir:

“Biz “keçmiş asılılar” demirik, çünki sağalma ömür boyu davam edən prosesdir. Buna baxmayaraq, bərpadan sonra insanlar çox dəyişir. Onlar hətta bu bəla ilə üzləşdiklərinə sevinirlər, çünki hiss edirlər ki, asılılığı dəf edərək, mənəvi cəhətdən necə zənginləşirlər”.


Kamil, 24 yaş

“Hazırda bizimlə yaşamayan atam heroinə oturmuşdu. Mən hələ aşağı siniflərdə oxuyanda, tez-tez həyətimizdən qəribə qoxu hiss edirdim. Qardaşımla orada pis iy verən “daşlar” tapırdıq. Bir dəfə necə oldusa, bu “daşı” yaladım – ağzım keyidi, başımda nəsə qəribə bir şey baş verirdi. Bu, heroin idi. Sonralar arabir atamdan onu oğurlayırdım ki, yalayım”.

Böyüdükdən sonra Kamil “spays”ın dadına baxıb. Bu, bir çox ölkələrdə qadağan edilmiş, çəkilmək üçün nəzərdə tutulan qarışıqdır. Təsir edən maddə sintetik kannabinoidlərdir ki, marixuananın effektinə bənzər effekt yaradır.

“Bütün dünya bir otaqdan ibarət idi, real olaraq pəncərədən atılmaq istədiyini hiss edirdim ki, görüm evdən kənarda nə var. Pəncərəyə yaxınlaşdım, lakin dostum məni oradan kənara itələdi”.

 

Foto: Bəşir Kitaçayev

“Hər şey məsumca başlayırdı, oyun kimi, bu isə məni ilhamlandırırdı, musiqini hiss etməyə imkan verirdi. [Kamil musiqiçidir – red] İş burasındadır ki, məndə gizli şizofreniya var və narkotik mənə daha güclü təsir edir. Ola bilsin ki, mən həm də sinesteziya, daha dəqiq desəm, xromesteziyaya görə daha parlaq hiss edirdim.

Mən səslərin rənglərini, səslərin temperaturunu görə bilirəm. Mən musiqini rənglərlə duyuram. Kimya sayəsində isə bu, yüz dəfələrlə güclənirdi”.

Narkotiklərin çətin proqnozlaşdırılmasının misalı “bəd-trip”dir – bu zaman narkotik istifadəçisi adət etdiyi “ən gözəl həyat haqqında kino” əvəzinə qorxu filmi əldə edir.

“Yadımdadır, bir dəfə kompaniyada spays çəkirdim, hamı gülürdü, mən isə özümü pis hiss edirdim. Bu, mənim ilk bəd-tripim idi. Hər bir hərəkətim “Tom və Cerri” cizgi filminin səsləri ilə müşayiət olunurdu. Gözümə qəribə obrazlar görünürdü, onlardan canımı qurtara bilmirdim, belə bir hissiyyat vardı ki, məni tutacaqlar. Mən qəzetlərdən kəsilmiş parçalar görürdüm, polislər tərəfindən yaxalanmış və döşəmədə uzandığım halda çəkilmiş fotoşəklimi görürdüm. Və bütün bunlar cizgi filmi üslubunda idi”.

Vaxt ötdükcə Kamildə spaysdan asılılıq yaranıb.

“Mən musiqiçiyəm, o isə məni ilhamlandırırdı. Həyatda yerdə qalan heç nə düz getmirdi. Mənim bir dozam beş nəfərə çatardı, mən isə onu hər dəfə artırırdım.

Yalnız bir dəfə spays olmayanda və mən onu heç bir yerdə tapa bilməyəndə dərk etdim ki, asılıyam.

Bir müddət sonra belimdə şiddətli ağrı hiss etdim, bütün bədənim ağrıyırdı. Qripdəki kimi. Lakin bu ağrıda yeni nəsə vardı.

Sən yorğanın altında soyuq tər içində uzanmısan, sənə soyuqdur, gözlərin ağrıyır. Hər şeydən iyrənirdim, heç spays da istəmirdim. Dərk etmək dəhşətli idi ki, çəksəm, halım yaxşılaşacaq, lakin cəmi 40 dəqiqəlik, sonra yenə tutma tutacaq.

Mən aqressivləşirdim, ətrafdakılara qışqırırdım, bir dəfə az qala dostumu döyəcəkdim. İnsanlıqdan çıxırdım.

Bir dəfə spaysın təsiri altında idim, polislər məni bu halda görəndə heç qaça da bilmədim. Yadıma gəlir, onların maşınında oturmuşdum və düşünürdüm: ən qorxulusu artıq baş verib, sakitləşib kef etmək olar. Nəticədə, onlarla elə yerindəcə “dil tapdım”, pul verdim, məni buraxdılar”.

Polis və qanun

Azərbaycanda, qanuna görə, “şəxsi istifadə üçün zəruri olan miqdardan çox” narkotikin alışı və saxlanmasına görə 3 ilə qədər həbs cəzası nəzərdə tutulur. Bu maddələrin istifadəsinə sövq etməyə görə isə 2 ildən 5 ilə qədər azadlıqdan məhrum edə bilərlər. Lakin əgər məhkum olunmuş şəxs narkotikdən asılı vəziyyətdədirsə, həbs müddəti məcburi müalicə ilə əvəz edilir.

Narkotikdən asılı şəxslər danışırlar ki, əksər hallarda polis özü üçün yüngül narkotik alan insanları tutur və onların valideynlərindən 1500-3000 manat rüşvət aldıqdan sonra buraxır.

Daha sonra digər mənşəyi məlum olmayan kimyəvi maddələr və dozanı aşma halları oldu.

“Yadımdadır, tanışlarımla birlikdə növbəti anlaşılmaz “kimya”nı birbaşa həyətdə istifadə etdik və hamının halı pisləşdi, heç kim ayağa dura bilmirdi. Fikirləşirdim ki, ölürəm və istəyirdim ki, bu, evdə baş versin. Son qüvvəmi toplayıb mənzilə çatdım, girişdə yıxıldım və bu halın keçməsini gözləməyə başladım, dua edirdim, and içirdim ki, bir də istifadə etməyəcəyəm.

Başa düşdüm ki, bu həyat tərzi məni öldürəcək, dozanı azaltmağa başladım. Ən nəhayət çəkməyi tərgitdim, dözdüm və asılılıqdan qurtuldum.

Asılılığım mənə baha başa gəlirdi. Müxtəlif adamlara çoxlu borcum vardı, əşyaları satmalı olurdum. Sevdiyim qızdan ayrıldım, çünki narkotiklər əvvəllər ona sərf etdiyim pulumu və vaxtımı alırdı”.

Foto: Bəşir Kitaçayev

Kamilin tanışları

“Yaxın dostum var idi. O, iynə vurmağa başladı və mənimçün daha rahat olardı ki, bu cür olmaqdansa, o ölsün. O, artıq tamamilə başqa məxluqdu və fikirləri yalnız yeni dozanın axtarışları ilə məşğul idi.

Məktəbimizdən bir oğlan mərc oyunlarının, misal üçün, bilyardın, kartın, nərdin mahir oyunçusu idi. Əfsanələr dolaşırdı ki, o, evdən cibində xırda pulla çıxıb üç min dollarla qayıda bilirdi. O qədər yaxşı oynayırdı ki, bir çox “qanunsuz” yerlərə onu buraxmırdılar. Görünür, qayğısız həyat və pulun çoxluğundan heroin vurmağa başladı.

Məhləmizdə bir yer var, orada yerli uşaqlar toplaşır. O da orada oturur. Yanından onu tanıyan məktəblilər keçir, salamlaşırlar. O isə ayağa qalxır və onlara qışqırmağa başlayır: “Siz heç nə anlamırsız! Siz bir heçsiz! Sizə nifrət edirəm! Məni nə hala salmısız!”. Belə vaxtlarda ayaqqabısını çıxarır və var gücü ilə ayağını beton səkiyə çırpır.

O, adamların çox olduğu yerlərdə nadir hallarda görünür, görünəndə isə ona elə baxırlar ki, sanki ruh görüblər.

Bir oğlan da tanıyırdım, evlidir, balaca oğlu var. O da heroinə oturub. Zahirən normal görünür. Çox vaxt görmək olar ki, arvadı ilə taksiyə oturur və onu həmin qadının müəyyən pul müqabilində seksual xarakterli xidmət göstərdiyi yerlərə aparır. Çox güman ki, o qadın da iynə vurur”.

Foto: Bəşir Kitaçayev


Məryəm, 28 yaş

“Bir yerdə yaşamağa başlayana qədər keçmiş ərimlə cəmi bir ay idi ki, görüşürdük. Hər şey gözəl idi – o, ailə qurmaq, uşaq sahibi olmaq istəyirdi, hər zaman çox səbrli idi. Heç vaxt dalaşmırdıq. Bilirdim ki, nə vaxtsa narkotiklərdən istifadə edib, amma sonra tərgidib. Hətta fikirləşdim ki, necə iradəlidir, afərin.

Narkomanla həyat təcrübən olana qədər çox şeyə diqqət yetirmirsən. Yorğunluğa, alkoqola və ya başqa nəyəsə yozursan.

Bununla birgə isə hər şey standart sxem üzrə gedir – yalan, evdən çıxmaq üçün bəhanə axtarmaq, sonra oğurluq, daha sonra dozanı aşma.

Yadımdadır, dozanı aşaraq küçədə yıxılandan sonra ərimi evə qonşumuz gətirmişdi. Dedi yatmağa qoymayım, guya sonra oyanmayacaq. Bu, nəsə absurdun zirvə nöqtəsi idi. Oturmuşuq – onun anası və mən – onunla şəhər-şəhər oynayırıq ki, yuxuya getməsin. Ağlı yerindədir, cavab verir, lakin görünür ki, əslində harada olduğunu bilmir, hardasa öz dünyasındadır.

Məncə, mən onu tanıyandan o, elə həmin dünyasındaydı. Mən isə bitməyən dəhşət içində yaşayırdım. Küçədə şprislər görməyə başladım, adi adamlar onlara diqqət yetirmədən yanından keçib gedirlər. Yay vaxtı küçədə uzunqol köynəkdə gəzən kişilərə diqqət yetirməyə başladım.

Ərimin hər addımını izləməkdən, iynə yerlərinin olub-olmamasını yoxlamaqdan və digər “gözəlliklərdən” savayı, bizi həm də dövlət strukturları ilə ünsiyyət gözləyirdi. Bunlardan biri, məsələn, narkoloji dispanser idi. Orada bizdən 400 manat aldılar, çünki, birincisi, onu qəbul etmək üçün (rüşvət verməsən, “yer yoxdur” deyirlər), ikincisi, başqa ad altında qeydiyyatdan keçirmək üçün.

Dispanserdə heç bir müalicədən söhbət getmir. Ailəsində belə problemi olan tanışlarım var, lakin mən elə bir adam tanımıram ki, Bakı dispanserində müalicə olunsun. Çünki orada bu mümkün deyil. Narkotik əvəzinə onu əvəz edən başqa preparatlar vermək, insanları çarpayıya bağlamaq – bu, müalicə deyil”.

Azərbaycanda müalicə

Bu yaxınlarda yeni Respublika narkoloji mərkəzi fəaliyyətə başlayıb, lakin həkim-narkoloq Vəfa Əliyevanın sözlərinə görə, bərpa şöbəsini hələ yenicə açmağa hazırlaşırlar:

“Bizdə bərpa sistemi hələ yenicə qurulur, Rusiya, Ukrayna, Belarus kimi ölkələrdə isə çoxdan qaydasına qoyulub, buna görə də, əgər pasient rus dilini bilirsə, onu həmin ölkələrə yollamaq daha səmərəli və sürətli olar”.

Azərbaycanda narkotiklərdən asılı insanlar stasionarda müalicə almaq qərarına gəlsəydilər, klinikalarda onlara yer çatmazdı.

Bakıda Şəhər narkoloji dispanseri (həkim Vəfa Əliyeva orada işləyir) və Respublika narkoloji mərkəzi (300 yerlik) fəaliyyət göstərir, başqa şəhərlərdə xəstəxanalarda kiçik ixtisaslaşdırılmış şöbələr mövcuddur.

Dövlət klinikalarında hələ də “əvəzləyici” effekti orqanizmin narkotiklərdən “texniki” olaraq təmizlənməsindən o yana getməyən metadon terapiyası tətbiq edilir.

Bir də müstəqil cəmiyyətlər var ki, onlar “12 addım” proqramı üzrə işləyirlər. Bu, bütün dünyada məşhur olan və Azərbaycanda da 2014-cü ildən fəaliyyət göstərən müalicə sistemidir. Bunu Şəhər dispanserində artıq medikamentoz müalicə keçmiş pasientlərə tövsiyə edirlər.

“Polisdə də olmuşuq, – Məryəm nəql edir. – Narkotiklərdən istifadəyə görə heç bir maddə yoxdur, lakin insan doza altındadırsa, ya da yanında nəsə varsa, heç kim durub araşdırmayacaq ki, bu, özü üçündür, ya yox. Avtomatik olaraq yaymaq ittihamı ilə həbs edirlər. Əlbəttə, yalnız o adamları ki, onları rüşvət alıb buraxmırlar. Bəzən, əgər ailədə pul yoxdursa, narkotikdən asılı şəxsi sadəcə buraxa da bilirlər.

Yaxın adamlarında belə bəla olan hamıya deyə bilərəm ki, imkan varsa çıxıb getsinlər. Sadəcə olaraq, insanı vurun qoltuğunuza və narkotikdən asılıları müalicə edən yerə gedin. Onları “dostlar”ından, tanış dilerlərdən, polisdən uzaqlaşdırın.

Görürsünüzsə ki, insan özü müalicə olunmaq istəmir, çıxıb gedin. Heç bir vədə inanmayın, çünki narkotik asılılığında itib-batmış adam artıq adam deyil”.

Foto: Bəşir Kitaçayev

Narkomaniyanı necə müalicə etməli?

Ekspertlərin və bu məqalənin qəhrəmanlarının danışdıqlarını cəmləsək, bir neçə nəticəyə gəlmək mümkündür:

  1. Əgər xəstəxanaya yerləşdirmə və klinika şəraitində ciddi müalicə lazımdırsa, xəstəni Azərbaycandan başqa ölkəyə aparın. Orada ona ixtisaslaşdırılmış yardım təmin etmək və eyni zamanda, “istifadəçilər” dairəsindən ayırmaq olar.
  2. Pasientin öz arzusu tələb olunur. Onu güclə həkimə gətirməyin mənası yoxdur. Əgər müalicə olunmaq istəyi varsa və siz Azərbaycanda yaşayırsınızsa, yaxşı klinika yox, yaxşı həkim axtarın.
  3. Klassik müalicə sxemi – dezintoksikasiyadır, kəskin asılılıqdan qurtarmaqdır, dərman müalicəsidir ki, sinir sistemi bərpa olunsun, sonra isə psixoloqun məsləhəti lazımdır. Sonuncu olmadan yerdə qalanlar, yəqin ki, kömək etməyəcək.

Vacib problemlərdən biri narkotiklərdən asılı şəxslərin stiqmatizasiyasıdır ki, bu halda onlar barədə “bitmiş” insan təsəvvürü həmin adamlara cəmiyyətə yenidən inteqrasiya olunmağa imkan vermir.

Psixoloq Azad İsazadə:

“Əksər hallarda cəmiyyətdə narkotiklərdən asılı insanları təhlükəli və lazımsız kimi qəbul edirlər ki, bu tamamilə yanlışdır.

Şəxsən mən hesab edirəm ki, narkotiklərdən asılı insanlara rəhm etmək lazımdır. Bu, mənim şəxsi yanaşmamdır, çünki insana rəhmim yoxdursa, onun halına acımıramsa, həmin adama kömək edə bilmərəm”.

Ancaq mənim ailəmdə olmasın

Stereotiplər sayəsində çox vaxt insanlara elə gəlir ki, narkotiklər elə şeydir ki, onların uşaqlarının başına gələ bilməz, “çünki bizim ailəmiz elə ailə deyil”. Təcrübə göstərir ki, arxayınlıq, mövzunun qadağan edilməsi və narkotiklərdən asılıların hansısa “alçaq” kastaya aid edilməsi “pis ətraf” qədər təhlükəlidir.

Eyni zamanda, problem barədə susmaq ölkə miqyasında da təhlükəlidir. Xəstəxanalarda və polisdə korrupsiya kimi problemlərlə yanaşı, başqa problem də mövcuddur – bu sahədə qlobal savadsızlıq.

Vəfa Əliyeva:

“Biz tədbirlər keçiririk, məktəblərə gedirik, yuxarı sinif şagirdləri ilə söhbət edirik. Mən onları heç vaxt qorxutmuram. Hesab edirəm ki, narkotiklərdən asılılığın dəhşətləri haqqında söhbətlər, diri-diri çürüyən insanların bu fotoşəkilləri işləmir. Uşaqlarla açıq və səımimi danışmaq lazımdır.

Onlara yaxın olan mövzulardan danışmaq vacibdir. Məsələn, enerji içkiləri, qəlyanlar, “qorxusuz” tabletlər, çünki çox vaxt məhz bunlardan keçərək onlar narkotiklərə gəlib çıxırlar. Bu halda onlara aydın olur, axı şprislər və heroin onlara nəsə qeyri-real bir şey kimi və deməli, təhlükəsiz görünür”.

None found

Facebook Comments

More on JAMnews