Bir çox ekspertlər və namizədlər hesab edirlər ki, hakimiyyət bu yolla müxalifətin seçkiqabağı təbliğatına mane olmaq istəyir " />

Bir saniyə efir 13 dollardan – Azərbaycan müxalifəti televiziyada seçkiqabağı təşviqatın baha olmasından şikayətlənir

Bir çox ekspertlər və namizədlər hesab edirlər ki, hakimiyyət bu yolla müxalifətin seçkiqabağı təbliğatına mane olmaq istəyir

Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlaşan müxalif və müstəqil namizədlər televiziyada seçkiqabağı təşviqat efirinin baha olmasından şikayətlənir.

Bütün telekanallardan (onların hamısı bu və ya digər formada hakimiyyətin nəzarətindədir) yalnız İctimai Televiziya namizədlərə təşviqat üçün pullu efir təklif edib və efirin bir saniyəsi üçün 22 manatdan 65 manata [təxminən 13-38 dollar] qədər qiymət müəyyən edib – “Kavkazskiy uzel” saytı xəbər verir.

• Azərbaycanda nə baş verir – yuxarıların inqilabı, yoxsa imic korreksiyası? Şərh

• Azərbaycanda etirazçı gənclər birlikdə parlament seçkilərinə hazırlaşırlar

Yəni təşviqatın bir dəqiqəsi ən azı 780 dollara başa gələcək. Müxalif və müstəqil namizədlərin əksəriyyəti bildirir ki, onlar üçün bu qiymətlər hədsiz yüksəkdir və bu o deməkdir ki, onlar televiziya təşviqatından imtina etməli olacaqlar.

Məsələn, müxaif “Müsavat” partiyasının başqanı Arif Hacılı bildirib ki, bu şəraitdə onların partiyası yalnız plakatlar və bukletlər yayacaq, seçicilərlə canlı ünsiyyətdə olacaq və sosial mediadan yararlanacaq.

Ekspertlər həmçinin hesab edirlər ki, bu bahalıq hakimiyyətin öz rəqiblərini efirə buraxmaq istəməməsi ilə əlaqədardır.

Növbədənkənar seçkilər

2019-cu il dekabrın sonunda parlament özünü buraxdığını elan edəndən sonra Azərbaycanda növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin edilib. Bunun təşəbbüskarı “Yeni Azərbaycan” iqtidar partiyası olub və partiya öz qərarını prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara uyğun yeni parlamentin toplanmasına ehtiyac olduğu ilə arqumentləşdirib.

Növbədənkənar seçkilərdə “Yeni Azərbaycan” partiyası ilə birlikdə bir neçə müxalif partiya və müstəqil namizədlər də iştirak edəcək. Müxalif Demokratik Qüvvələrin Milli Şurası parlament seçkilərinin demokratik keçəcəyinə inanmadığı üçün bu seçkini boykot edib.

Seçkiqabağı təbliğat mərhələsi yanvarın 17-də başlayacaq və fevralın 8-i səhərə qədər davam edəcək.

Pulsuz təşviqat yalnız seçilmişlər üçündür

İctimai Televiziyada və dövlət qəzetlərində pulsuz təşviqat imkanına gəlincə, qanunvericiliyə əsasən, yalnız 125 seçki dairəsindən 60-da qeydiyyatdan keçmiş namizədi olan partiyalar bundan yararlana bilər. 

“Pulsuz əsasla İctimai Televiziya və Radioda efir vaxtı ancaq “Yeni Azərbaycan”  iqtidar partiyası ala biləcək, çünki yalnız bu partiyanın namizədləri demək olar ki, bütün dairələrdə qeydiyyata alınıb”, – Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Samir Kazımlı izah edir.

Anormal vəziyyət

“Digər televiziyaların heç birinin pullu əsasla təşviqat aparmaq istəyi bildirməməsi faktı hakimiyyətin kampaniyanı mümkün qədər sakit şəraitdə keçirmək və seçkilərdə ajiotaj doğurmamaq niyyətindən xəbər verir. Son illərdə hakimiyyət məhz bu cür ssenari ilə seçki keçirir”, – Samir Kazımlı əlavə edib.

Onun fikrincə, bu, seçici fəallığının az olması ilə nəticələnə bilər ki, bu da nəticələrin saxtalaşdırılması işini daha da asanlaşdıracaq.

Media hüquqları sahəsində ekspert Ələsgər Məmmədli də hesab edir ki, siyasi reklamın kommersiya reklamından 15 dəfə baha olması anormallıqdır. Həmçinin də digər kanalların heç birinin hətta pullu təşviqat imkanı təklif etməməsi, üstəlik bu, onlar üçün yaxşı pul qazanmaq imkanı ola bilərdi. Məmmədlinin fikrincə, bütün bunlar onların hakimiyyətin sərt nəzarətində olduğundan xəbər verir.


More on JAMnews