İş tapmaq üçün vətəni tərk etmiş insanların hekayələri – JAMnews-un partnyoru Ziarul de Gardă-dan " />

Bir çox Moldova sakinləri dolanmaq üçün ölkəni tərk edir, övladlar isə valideynlərinin dalınca gedir

İş tapmaq üçün vətəni tərk etmiş insanların hekayələri – JAMnews-un partnyoru Ziarul de Gardă-dan

Chishinau, Moldova. November 2016. REUTERS/Gleb Garanich

Məqalənin orijinalı ZDG saytında

Rəsmi statistikaya əsasən, üç milyon yarım Moldova vətəndaşının  800 mindən çoxu son 20 ildə işləmək üçün xaricə gedib. “Magenta Consulting” Araşdırma  Mərkəzinin məlumatına görə, hər gün ölkəni 106 nəfər həmişəlik tərk edir. “İctimai fikir barometri” təşkilatının araşdırmasına əsasən isə Moldovada qalan 56 faizin əllərində imkan olsaydı məmuniyyətlə gedənlərə qoşulardı.

Emiliya və Alina

Moldovadan köç 90-cı illərdə başladı. Əsasən qadınlar gedirdi. Emiliya Deleu da birincilərdən idi. “Maaşları verməməyə, bağçalarda və məktəblərdə uşaqları yedizdirməməyə başladılar”, – həmin vaxt Moldovada olan vəziyyəti xatırlayan Emiliya özü üçün getməyin vaxtıdır deyə qərar verir.

Vətənində Emiliya əri ilə birlikdə Moldovanın şimalında yerləşən Kupçin şəhərində konserv fabrikində işləyirdi. Əvvəlcə maaşlar azaldıldı və çox geçikirdirilirdi, 1993-cü ildə isə fabrik tamamilə bağlandı.

Emiliya yoldaşı Marçel ilə birlikdə inşaatda çalışmaq üçün Moskvaya getməyə hazırlaşdı. Qızları Alina və Aqnesanı nənə ilə babanın yanında qoydular. Müvəqqəti olacağını düşünürdülər, əslində isə 21 il oldu.

“Əvvəllər biz sadəcə işləyirdik, pul yığmağa sonradan başladıq. Əvvəl evin təmirinə pul yığdıq, sonra uşaqların təhsilinə. 2008-ci ildə kiçik qızım Alina Kişinyovda kollecə qəbul olundu, interyer dizaynını öyrənməyə başladı“, – Emiliya xatırlayır.

 2017-ci ildə Alina əri və oğlu ilə birlikdə Rusiya vətəndaşlağını qəbul etmək üçün Moldova vətəndaşlığından imtina etdilər 

Bir neçə il sonra, 2011-ci ildə Moskvaya Alinanın özü gəlir. Həmin vaxta o   ərə gedib, sonrakı təhsili üçün pul da yığmışdı.

Vətənində Alina kollec, institut bitirmişdi, amma onun diplomları Rusiyada tanınmırdı. O, ticarət mərkəzində işləyir və təxminən 500 avro maaş alır. Bu məbləğ Moskva üçün rəsmi orta əmək haqqından aşağıdır, amma Moldovada bu məbləğ deputat və ya nazir qazancıdır. “İnkişaf etmək lazımdır”, – Alina deyir. – Avropaya getmək istəyirik, bəlkə orada şərait daha yaxşı oldu”.

Yekaterina və Svetlana

Yekaterina Yanulova Moldovanın cənubundakı Qaqauziya muxtariyyətində yerləşən doğma kəndində donuz fermasında iyirmi ildən artıq işləyib. Yekaterinanın həmkəndlilərinin çoxu  ferma bağlanana qədər artıq Türkiyəyə getmişdi. Türkiyə etnik olaraq yerli əhali olan qaqauzlara yaxındır. Yekaterina da əri Dmitri ilə birlikdə evlərini axır ki,  təmir etmək arzusu ilə qazanc dalınca getməyə qərar verdilər.

“Biz bir ailə üçün işləyirdik, ərim hovuzu təmizləyir, yaşıllığa baxır, mən də yemək bişirirdim”. Bir az pul yığan kimi qohumlara göndərdilər, evə su çəkdirdilər, vanna otağını təmir etdirdilər, mebeli yenilədilər.

 Yekaterina və Dmitri Yanulovlar Türkiyədə bir neçə il işləyib. İndi onlar geri dönüb, onların yerinə isə qızları gedib

Bir müddət sonra Türkiyəyə onların iki oğlu arvadları ilə gəlib. “Hamımız bir yerdə işləyirdik. Sonra onlar Moskvaya köçməyə qərar verdilər”, – Yanulovlar deyir.

Sonra Dmitri xəstələndi və onlar Moldovada qalmağa məcbur oldular. Yekaterina ərinə baxmaq üçün geri dönür. Bütün ailəni dolandıran işi itirməmək üçün Svetlana Türkiyədə anasını əvəz etməyə qərar verir. “Sən artıq işlədiyini işləmisən, indi mənim növbəmdir”, – 33 yaşlı Svetlana anasına deyir. – Yaxşısı budur, mənim qızlarıma bax”.

Yekaterina, Valeriya və Virciniya

Yekaterina Qurqişin 55 yaşı var. Mühacirətdən əvvəl o, Kişinyovdan 40 kilometr aralıda yerləşən Sadova kəndində məktəb direktoru işləyib.

2011-ci ildə köçüb. O vaxtadək bir çox həmkəndliləri qazanc dalınca İtaliyaya gedirdi. Yekaterinanın məktəbindən müəllimlər də gedirdi, amma o, özü köçməyə tərəddüd edirdi, məktəb direktoru kabinetini atıb, xidmət sektorunda işləyə biləcəyinə inanmırdı.

Yekaterina indi İtaliyada işləyən qızlarının şəklini göstərir 

“Əvvəl mən öz hesabıma 60 günlük məzuniyyət götürdüm. Orada isə yerlilərim mənə qalıb, yaşlı insanlara qulluq etməyi təklif etdilər. Qızım deyirdi: “Nə məktəb? İtaliyada qal!” Mən də qaldım”, – Yekaterina xatırlayır.

Böyük qızı Valeriya anasından bir neçə il öncə İtaliyaya getmişdi. O, Milan yaxınlığında oğlu və əri ilə yaşayır,  ailədə işləyir – “yemək hazırlayır və ev yığışdırır”.

Yekaterinanın kiçik qızı Vircinya evdə qalıb ixtisası üzrə işləmək istəyirdi (o da anası və böyük bacısı kimi müəllimədir). Amma sonra maaşla dolana bilməyəcəyini anladı. Nəticədə Virciniya da öz ailəsi ilə birlikdə İtaliyaya köçdü.

“İtaliyada çox işləyirsən, amma əvəzində layiqli maaşını alırsan, öz uşaqların üçün şərait qura bilirsən. Mənim nəvələrin normal məktəbə, müxtəlif dərnəklərə gedir. Moldovada hər şey tamam başqadır”, – Yekaterina ailəsinin xaricdə bu qədər qalmasını belə izah edir.

Yekaterina həy yay qonaqlamaq üçün Paduada avtobusa oturur və Sadovaya gəlir. Vətən üçün darıxır və deyir nə vaxtsa bəlkə pensiyaya çıxanda, həmişəlik qayıdacaq.


More on JAMnews