Fəvvarələr Meydanı ilə səmimi müsahibə: müxtəlif adlar altında keçmiş və başqa hekayələr " />

Bakının əsas meydanı danışır

Fəvvarələr Meydanı ilə səmimi müsahibə: müxtəlif adlar altında keçmiş və başqa hekayələr

Fəvvarələr Meydanı Bakının daxilində özünəməxsus sivilizasiya mərkəzidir. Bakılı “özünü göstərmək və başqalarına baxmaq” istəyəndə məhz bura gəlir. Məhz bu meydanın ərafında, ondan sonra da Nizami küçəsi ilə bütün irland pabları, brend mağazalar, bahalı qəhvəxanalar və bütün məşhur fastfood şəbəkələri yerləşir.

Meydanın özündə nə görürük? Burada turistin özünü Asiyada deyil, məhz Avropadakı kimi hiss etməsi üçün hər şey edilib. Metal heykəllər şəhərliləri təsvir edir (MacDonald’s-ın qarşısında duran qızla bağlı xeyli müddət mübahisələr getdi – “onun qarnı niyə açıqdır?”), qırmızı fənər dirəkləri bütün görünüşü ilə klassikanı inkar edir, nəhəng şap-şapın üstündə güllər açıb, ətrafda hər şey təmiz və təzədir.

Əsl Parapet

“Əsl bakılılar “parapet” deyir!” – taksi sürücüsü biz tıxacda duranda dedi. Çöldə yağış yağırdı, ətrafdakı maşınların siqnal səsindən qulaq batırdı. Dinamiklərdən “Tut ağacı” mahnısı səslənirdi. “Bakılı dərhal nəzərə çarpır. Bax, məsələn, sən bakılısan?”. Mübahisədən qaçmaq üçün başımı razılıqla yelləyirəm.

İstənilən hər nəsnənin “əsl, qədimi, həqiqi” olması ilə bağlı məsələ mübahisəlidir.

1859-cu ildə (indiki Azərbaycanın ərazisi o vaxtlar Rusiya İmperiyasının tərkibində olan quberniyalara bölünmüşdü) Şamaxı şəhərində
çox güclü, dağıdıcı zəlzələ baş verdi, əhalinin bir hissəsi də Bakıya köçdü. Şamaxı quberniyasının adı da Bakı quberniyasına dəyişdirildi (birinci şəhər olmadığından).

Yəni ki, hər şey bizim tarixin hansı hissəsində nöqtə qoymağımızdan və “bax, əsl elə buradan başlayır” deməyimizdən asılıdır. Bu, Fəvvarələr Meydanına da aiddir. “Parapet” olana qədər bura müxtəlif cür adlanıb, elə görünüşü də çox dəyişib. Lap əvvəllər isə burada sadəcə boş sahə olub.

Ümumiyyətlə hər şeyin başlanğıcında boş sahə olub, müqəddəs ruh da onun üzərindən uçaraq, bunun heç də yaxşı olmadığını görüb.

Kukla teatrının yanında dayanırıq, taksi sürücüsü məndən 10 manat istəyir (açıq-aşkar qarətdir, özü də bakılıdır!) və mən mərkəzə, həmin o meydana tərəf gedirəm.

Səksəninci illərin ortalarında və bir də bu yaxınlarda edilən kosmetik dəyişiklikdən sonra Fəvvarələr Meydanı artıq əvvəlki kimi deyil.

Burada beş fəvvarə var və hamısı da üslub baxımından fərqlidir, birinin hətta begemotları da var. Burada həm də çoxlu yumru, əyri-üyrü əşyalar və maraqlı yerlərinə toxunulmaqdan solmuş tunc qız heykəli var.

İndi də bütün bunlar Fəvvarələr Meydanının, yəni Parapetin müasir simvollarına çevrilib.

Bəs burada daha nələr bizə əzizdir?


Bəs bakılılar üçün əlamətdar olan həmin o yerlər və hadisələr necə olsun? Biz yaddaşlarda qalan xatirələri toplamağa çalışdıq və bakılılara “əvvəllər parapetdə maraqlı nə olub?” – sualını verdik. Çoxlarının xiffətini çəkdiyi tramvay və “Dinamo” mağazası kimi yerlərlə yanaşı gözlənilməz yerlər də xatırlandı. Misal üçün, elit bordel.

İnsanlar meydandan danışır

Mişonun atelyesi

XX əsrin əvvəllərində Fəvvarələr Meydanı şəhərin mərkəzinə çevrildi. Bakıda həmin vaxt artıq 30 fotoatelye vardı. Onlardan beşi meydanda yerləşirdi. Burada həm də restoranlar, butiklər, fransız şlyapaları mağazası və şəhərin ən yaxşı şirniyyat dükanı yerləşirdi.

Ən bahalısı “Mişonun atelyesi” idi. Dekor edilmiş bir ümumi fotoşəkil beş rubla başa gəlirdi (həmin vaxt fəhlənin aylıq maaşı 10 rubl idi).

Bordel

 

Meydandan Nizami küçəsinə tərəf getsən, soldan passajda milyonçu Musa Nağıyevin 1910-cu ildə tikilmiş qırmızı venzelli evi görünür. Onun qarısında isə alçaq, gözə dəyməyən bir bina var. Burada vaxtilə nə yerləşdiyi haqda heç yerdə heç nə yazılmayıb. Əslində isə bura elit bordel olub.

Bu yerdə Parapetin özünə qayıtmaq lazımdır.

“Parapet” adı çox güman ki, təkcə daş hasarlara görə yox (onları hələ XIX əsrin axırlarında düzüb, meydanı çəpərləyiblər), bu ad həm də bahalı fahişələr orada yığışdığı üçün qoyulub. Bunu mənə dəfələrlə yerli sakinlər deyib: ikisi beş manata; çar dövründə bu, yaxşı puluydu. Amma Mişonun atelyesindəki fotodan iki dəfə ucuzuydu!

İki mərtəbəli binaya gəlincə, burada hələ sovet illərində açıq-saçıq divar üstü təsvirlər olub. Həm də daxili konstruksiyadan görünür ki, bu, ayrıca mənzilləri olan yaşayış binası deyil, məhz mərkəzi dəhlizin hər iki tərəfində yerləşən ayrı-ayrı otaqların olduğu binadır.
Bolşeviklər səliqəsiz şəkildə bu biabırçılığı təmizləyib, binaya sakinlər köçürdülər. Sakinlərdən biri danışırdı ki, orda-burda asketik sovet divar kağızlarının altından inqilabdan əvvəlki bu biabırçılıq görünürmüş.

Tramvay

1296378200_bacu-in-1920-years-great.az-3

Bunu indi təsəvvür etmək çətin olsa da, sovet illərində Fəvvarələr meydanında tramvaylar gəzirdi. Qocalar danışır ki, ən rahat marşrut Kommunist (indiki İstiqlaliyyət) küçəsindən enib, meydanı və passajı yan alıb gedirdi.

Tramvay “əsl bakılılar”ın xüsusi xiffət yeri və həmişəlik yoxa çıxan beynəlmiləl Bakının simvoludur, həmin Bakıda “hamı sitronu xüsusi avtomatdan eyni stəkandan içirdi, stəkan da heç vaxt oğurlanmır, nə də heç kim heç bir xəstəliyə yoluxmurdu”.

Erməni kilsəsi yaxınlığında balıq mağazası

Böyük balıq mağazasının mərkəzində hovuz yerləşirdi, hovuzun içində də balıqlar vardı, elə oradan çıxarıb satırdılar. Bu da sovet dövründə olub (sitron, stəkan və tramvayla birlikdə). O vaxtlar heç kim nərə kürüsünün inhisar altında olması barədə eşitməmişdi, bu, son on illiklərin kədərli həqiqətidir. Qara və qırmızı balıq iri dəmir qablarda satılırdı və o qədər də baha deyildi. “Əsl bakılı” xanım kürü bolluğu haqda bunları danışır:

“Qara kürüdən zəhləm gedirdi. Amma hesab olunurdu ki, uşaqlar üçün çox xeyirlidir və onlara zorla da olsa kürünü yedizdirmək lazımdır. Buna görə də onu mənim üçün kiçik kürə şəklinə salırdılar, mən də onları çeynəmədən, udurdum”.

“Dinamo” mağazası

“ – “Dinamo” mağazasının yanındadır.
– Harda?!
– Bakılı deyilsən?”

Qara şort və tennis toplarının, brutal sovet idman ayaqqabılarının satıldığı bu mağaza Sovet İttifaqı dağılandan bir qədər sonra bağlandı. Sonra onun yerini açılışı sensasiya yaradan “Ramstore” supermarketi tutdu, həmin supermarketə getmək isə hər adamın işi deyildi. Sonrakı sahiblər isə bizneslərini o qədər inkişaf etdirə bilmədilər ki, yer oriyentirə çevrilə bilsin.

“Nərgiz” kafesi

Meydanın yer üzündən silinən atributları sırasına “Nərgiz” kafesini də qatmaq olar. Bu kafe əllinci illərin axırlarında yaranıb. Əslində o vaxta qədər Bakıda bir çox sovet şəhərlərində olduğu kimi, restoranların sayı azıydı, amma vəziyyət dəyişəndən sonra insanlara bir az nəfəs dərmək imkanı verdilər.

Bakıda bir neçə restoran peyda oldu, o cümlədən də bulvardakı məşhur “Mirvari” və “Nərgiz” restoranları.

Restoranda yoxlanışdan yoxlanışa bəzi, çətin tapılan yeməklərin qiyməti ikiqat baha olurdu. Misal üçün, menüdə nərə və qara kürü vardı, amma qeyd olunan qiymətə onları tapmaq mümkün deyildi.

“Amfibiya insan” sovet “blockbuster”inin bir epizodu da bu restoranda çəkilib, həmin səhnədə Latın Amerikalı xanım “Ey moryak, tı slişkom dolqo plaval” caz mahnısını ifa edir.

Passaj

Musa Nağıyevin evi ilə mələkli ev arasında yer hələ 90-cı illərin əvvəllərində suvenir və şəkillərin satıldığı məkan olub, burada köhnə gümüş çəngəl-qaşıq, əl işi olan bijuteriya, maqnit və həmayillər satılırdı.

Burada Mamed adlı birisi də rəsm əsərləri satırdı [etik nöqteyi-nəzərdən ad dəyişdirilib — red.]. Əsərlərdə əsasən Qız Qalasının yanında qədim Azərbaycan pəhləvanlarının döyüş səhnələri təsvir edilirdi və peşəkar işlər deyildi. Həqiqətən gözəl əsərləri isə Mamed evində saxlayırdı.

Bir dəfə Mamed yuxu görür, yuxuda səs ona deyir: “Mamed narahat olma, tezliklə varlanacaqsan. Əsası, yerində sakit otur”.

Ancaq illər ötsə də, Mamedi elə əvvəlki kimi, yamyaşıl peyzajların fonunda əlində çay stəkanı ilə görmək olurdı. Sonra da şəhər hakimiyyəti belə qərara gəlir ki, passaj yaxşı görünmür və küçə alverini qadağan edir. Buna görə də yuxunun çin olub-olmadığını demək çətindir.

“Rapsodiya” kafesi

Bu isə 80-ci illərin nəslidir. Düz Fəvvarələr Meydanın mərkəzində (yəni o vaxtkı Bakı yeniyetmələrinin gözlərində, dünyanın mərkəzində) açılan “Rapsodiya” kafesi dəbdəbəli restoran kimi görünürdü. Burada hər şey yeni idi: hündür stəkanlarda koka-kola, pizza, özünə xidmət prinsipi və ümumiyyətlə, fastfood ideyası. McDonald’s Bakıda 1999-cu ildə açıldı, ona qədərsə “Rapsodiya”da ad günləri keçirirdilər, bura görüşə və əylənməyə gəlirdilər.

Sonra bu funksiyaları bir müddətlik McDonald’s öz üzərinə götürdü. Sonra da tox “neft” dövrü başladı və hər şey öz yerini tutdu: pivə pablarda içilməyə başladı, McDonald’s ailə üçün yemək yerinə çevrildi, görüş və banketlər üçün əsl restoranlar açıldı.

Bir şey dəyişməz olaraq qalır: başqalarına baxmaq və özünü göstərmək üçün ən münasib yer yenə də Fəvvarələr Meydanıdır. Daha doğrusu, Parapet.

 

Mənbələr:
«XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı» Şamil Fətullayev
“Azərbaycanın bağları və parkları: landşaft arxitekturasının inkişaf tarixi”, Aybəniz Həsənova
Şahin Rzayev, jurnalist
İsmayıl İsrafilov, köhnə bakılı

More on JAMnews