Gənclər Fondu keçmiş ibadət evinin sökülməyəcəyinə söz verib, amma gənclər hələ də mühafizəni davam etdirir " />

Bakının andeqraund gəncləri tarixi binanı qoruya bildi

Gənclər Fondu keçmiş ibadət evinin sökülməyəcəyinə söz verib, amma gənclər hələ də mühafizəni davam etdirir

Bakının mərkəzində keçmiş ibadət evi sökülməyəcək və ona tarixi abidə statusu veriləcək. Gənclərin neçə gündən bəri keçirdiyi etiraz aksiyasına cavab olaraq Azərbaycanın Gənclər Fondu belə vəd verib.

2019-cu ilin əvvəlindən bu binanı anderqraund gənclər arasında populyar olan SalaamCinema kinoteatrı icarəyə götürüb. Aprelin sonunda mülk sahibi binanın azad edilməsini tələb edib və bildirib ki, oranı təmir etmək istəyir.

• Müasir Azərbaycan kinosu: mahiyyəti nədən ibarətdir və niyə belə azdır?

• Azərbaycanlı tələbələrə xaricdə nə xoşdur və nə xoş deyil?

Gənclər ona inanmayıb və belə güman ediblər ki, bina sahibi onu sökdürmək istəyir, tarixi dəyərinə görə buna imkan verməmək qərarına gəliblər. Onların fikrincə, binanın tarixi abidə statusuna ehtiyacı var.

Mayın 6-da onlar birinci vitse-prezident və ölkənin birinci xanımı Mehriban Əliyevaya bu məsələyə şəxsən müdaxilə edib, binanın sökülməsinə imkan verməməsi xahişi ilə açıq məktub ünvanlayıblar.

Məsələ geniş rezonans doğurub, sosial şəbəkələrdə “SalaamCinemanı qoruyaq” çağırışı yayılıb.

Bina haqda

Sözü gedən bina 1913-cü ildə inşa edilib. Ən başdan molokanların (xristian cərəyanlarından birinin nümayəndələri) ibadət evi olub. 1926-cı ildə bina Rabitə Nazirliyinə verilib.

• Molokanlar Azərbaycanda necə yaşayır – İvanovka kəndindən hekayələr

90-cı illərin əvvəllərindən bina boş qalıb.

2018-ci ilin sonunda bina özəlləşdirilib və yeni sahibi oranı SalaamCinema kinoteatrına icarəyə verib.

Münaqişənin mahiyyəti və mərhələləri

SalaamCinema və bina sahibi arasında münaqişə Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən Imagine tolerantlıq festivalı ilə eyni vaxta təsadüf edib.

Mayın 1-də festivalın açılışı şərəfinə təşkil olunan mətbuat konfransında nümayəndə heyətinin sədr müavini Denis Daniilidis deyib ki, festival tədbirlərinin bir hissəsi SalaamCinema kinoteatrında, şəhərin qədim hissəsi kimi mühafizəyə ehtiyacı olan binada keçiriləcək.

Mayın 2-dən etibarən sahibkarın nümayəndələri və özü bir neçə dəfə binaya gəlib icarədarlardan dərhal məkanı boşaltmağı tələb ediblər, hətta onları zorla qovmağa cəhd göstəriblər.

Gənc fəallar sutka boyu binada “qarovul çəkməyə” başlayıb və sosial şəbəkələrdə binanın xilası üçün kampaniyaya start veriblər. Onlar bu və ya digər dərəcədə memarlıq obyektlərinin mühafizəsi ilə əlaqədar olan bütün dövlət instansiyalarına məktub yazıblar. Əgər bina mühafizə olunan obyektlər siyahısına daxil edilsə, onu sökmək mümkün olmayacaq.

SalaamCinema ilə sahibkar arasında icarə müqaviləsinin olmaması məsələni daha da mürəkkəbləşdirir. Binanı onlara sahibkarın nümayəndəsi icarəyə verib və bütün qaydalara uyğun müqavilə tərtib olunmayıb.

Polisin və icra hakimiyyətin məsələyə müdaxiləsi qəzəbli sahibkarı sakitləşdirməklə və toqquşmanın qarşısını almaqla məhdudlaşır.

Rəsmi strukturlar hələlik susur.

Mayın 8-də SalaamCinema nümayəndələri Azərbaycan Gənclər Fonduna çağırılıblar və onlara aşağıdakı vədlər verilib:

  • Bina sökülməyəcək
  • İki ay ərzində binaya tarixi abidə statusunun verilməsi ilə bağlı məsələ həllini tapacaq
  • Bu iki ay ərzində SalaamCinema binadan çıxarılmayacaq.

İndi nə baş verir?

Bir qrup fəal “toxunulmazlıq” zəmanəti olan tarixi abidə statusu verilməyincə binanı tərk etməmək qərarına gəlib. Axşamlar onlar improvizə edilmiş konsertlər və başqa tədbirlər keçirir, bu tədbirlərə “kənardan” da çox adam toplaşır. Ümumilikdə bir çox şəhər sakinində fəallara qarşı rəğbət yaranıb və onlar “müdafiəni saxlamağa” yardım edirlər. Məsələn, onlara yemək və su gətirirlər.

Bütün bunlar nə deməkdir?

SalaamCinema kinoteatrının problemi Bakıda cəmiyyətin bir hissəsi tərəfindən fəal müzakirə olunur və ilkin olaraq çoxları bu hadisəni aşağıdakı kimi qəbul edir:

“Etirazçı gənclər hərəkatının dirçəlişi”.

Digər versiya – Bakıda çox az olan müstəqil art-meydança ətrafında yeni bohemin yaranması.

Və nəhayət, sadəcə bakılıların şəhərin mədəni irsinin məhv edilməsinə reaksiyası – axı tarixi abidələrin sökülməsi ilə bağlı qalmaqallar artıq onilliklərdir ki, səngimək bilmir.

Birinci variantın ümidi ilə keçmiş siyasi məhbuslar Bayram Məmmədov və Qiyas İbrahimov da etirazçılara qoşulublar. Amma sonra onlar fəalların “əsas tərkibi” ilə fikir ayrılığı yaşadıqları üçün oranı tərk ediblər. Fikir ayrılığının səbəbi isə “əsas tərkibin” Bayram Məmmədovun açdığı plakata etiraz etməsi, ondan vəziyyətin siyasiləşdirməməsini tələb etməsi olub. Bayram, Qiyas və onlarla gələn digər fəallar kömək xahişi ilə Mehriban Əliyevaya məktub ünvanlamağın da əleyhinə olublar.

İndi nə baş verir?

Fəallardan ibarət bir qrup hələ də binadadır. Vaxtaşırı olaraq dostları, tanışları və sadəcə təəssübkeşlər onlara qoşulur. Axşamlar gənclər həyətda ocaq qalayıb, musiqi alətlərində ifa edir və etiraz özü-özlüyündə gənclər festivalı formasını alır.


More on JAMnews