Lehinə və əleyhinə hekayələr" />

Azərbaycanlı tələbələr xaricdə: yaxşı nədir, pis nədir

Lehinə və əleyhinə hekayələr

Xaricdə təhsil bir çox axərbaycanlı tələbələrin arzusudur. Biz bu arzusunu həyata keçirmiş şəxslərlə söhbət etdik. Getməyə dəyərmi və bu nə qədər çətindir?

Çox adam gedirmi?

2017-ci ildə Azərbaycanda cəmi təxminən 242 min tələbə təhsil alırdı. Hazırda 11 min azərbaycanlı Rusiyada və təxminən daha 15 min gənc Türkiyədə oxuyur. Yalnız iki qonşu ölkədə 25 min nəfər.

Nəyə görə azərbaycanlı gənclər oxumağa Türkiyəyə yollanırlar?

Gürcüstanlı məktəbli: “Amerika məktəblərində azad düşünməyi öyrədirlər”

Amerikaya və Avropaya da gedirlər, belə ki, bütün dünyanın ali məktəblərində xarici tələbələr üçün pulsuz və ödənişli poqramlar çoxdur. Azərbaycanlı tələbələr arasında məşhur variantlar – DAAD alman akademik mübadilə xidməti və Rusiyanın “Rossotrudniçestvo” təşkilatıdır.

Hər kəs ölkəni məqsəd və imkanlarından çıxış edərək seçir. Rusiya rusdilli azərbaycanlılar üçün asan seçimdir, eyni zamanda viza tələb olunmur. Türkiyə isə yaxın və tanış mədəniyyəti, “yaxın” dili olan ölkədir və bura da vizasız getmək mümkündür. Avropa isə daha çox ehtiyatı və iddiaları olanlar, oraya köçməyi planlaşdıranlar üçündür.

Rusiya. “Fontan söndürüldü – oxumaq vaxtıdır”

İlya Bakıdan Bauman adına Moskva Dövlət Texniki Universitetində oxumağa gedib və iki ilə yaxındır ki, Rusiyada yaşayır.

Arzu, yoxsa təsadüf?

«Mən Moskvaya oxumağa qıza görə getdim. Məsafədən vurulmuşdum, bir neçə dəfə görüşmək xatirinə ora getmişdim. Sonra belə alındı ki, ayrılmalı olduq, lakin artıq ora köçmək üçün hər şey hazır idi və geri çəkilməyin yeri yox idi.

Mənim başqa məqsədim də vardı – Moskvada yaşamaq, seçilməyə cəhd etmək, ailədən ayrı yaşamaq».

Harada daha yaxşı təhsil verirlər?

«Bakıda Neft Akademiyasında mən daha çox vaxtımı öldürürdüm. Düşünürdüm ki, nə vaxtsa Baumana (Bauman adlna MDTU – red.) magistraturaya daxil olacağam və orada məni oxumağa məcbur edəcəklər. Lakin belə gətirdi ki, orada da bikar qaldım.

Bakıda tələbələrə olan tələbi təsvir etmək üçün bircə onu deyə bilərəm ki, öz diplom işimi mən cəmi on beş dəqiqəyə “yazmışam” – internetdən yükləmişəm.

Baumanda tələblər daha sərtdir və müəllimlər daha peşəkardır, lakin fərqin böyük olduğunu deyə bilmərəm. Bauman – mühəndislik ali məktəbidir və burada inşaatçı-mühəndislərə və metallurqlara qarşı tələblər çox sərtdir, elmi-texniki ixtisaslara isə “soyuq” münasibət bəsləyirlər.

Baumanda təhsil alanlar öz aralarında universiteti “şaraqa” (jarqonda “quldur dəstəsi”), “heç kimin qovulmadığı ali məktəb” adlandırırlar. Baumandan xaric olunmaq üçün gərək xalis axmaq olasan.

Baumanda həyətdə fontan var. Noyabrda havalar soyuyur, fontan söndürülür və xüsusi günbəzlə örtülür. Tələbələrin bir adəti var: fontan söndürüləndən sonra qış sessiyasına hazırlaşmağa (ümumiyyətlə, oxumağa) başlamaq. Həmin sözləri yaz semestri barədə də söyləmək olar – martda-apreldə fontan işə salınanda yenə işləməyə başlamaq lazımdır».

Harada yaşamaq daha yaxşıdır?

“Bakıya qayıtmağa hazırlaşmıram. Moskvada yaşadığım və işlədiyim bir il ərzində Bakıda yaşadığım 20 ildə qazandığımdan çox yaxın tanış əldə etmişəm.

Orada həyat sıviyyəsi başqadır və nəzərə alsaq ki, əsas işim “gecə həyatı” ilə bağlıdır – mən indi barda çalışıram – Rusiyada işləmək xeyli asandır. Bakıda mən hərdən dincəlmək istərdim”.

Praqa. “Pomadanı əyri çəkmisənsə, Avropada bu heç kimin vecinə də deyil”

Leyla [müsahibin xahişi ilə adı dəyişdirilib – qeyd red.] Praqada psixologiya üzrə təhsil alır və artıq bir ildir ki, orada yaşayır.

Arzu, yoxsa təsadüf?

“Həmişə çıxıb getmək istəmişəm. Valideynlərim Çexiyada magistraturaya daxil olmağı təklif etdilər, mən də razılaşdım. Əvvəlcə çex dili kurslarını bitirdim, sonra isə magistraturaya daxil oldum”.

Harada daha yaxşı təhsil verirlər?

“Avropada özün üçün tədris planı tərtib edə bilərsən. Buna görə də, mən təhsildən əlavə özümə kifayət qədər asudə vaxt ayıra bilirəm.

Bakıda mən Moskva Dövlət Universitetinin filialında oxuyurdum, buna görə də, Azərbaycan ali məktəblərini Çexiya ali məktəbləri ilə müqayisə edə bilmərəm. MDU-dan fərqli olaraq, burada psixologiyanı Avropa alimlərinin nəzəriyyələri üzrə öyrədirlər, orda bizdə isə rus alimlərinin nəzəriyyələri öyrədilirdi.

Bəlkə psixologiyaya Avropa yanaşmasını öyrəndikdən sonra elmlər namizədliyini Amerikada almağa qərar verdim”.

Harada yaşamaq daha yaxşıdır?

“Düşünmürəm ki, qayıdacağam, çünki xaricdə qazanc üçün imkanlar xeyli çoxdur. Hətta tələbə də saatda 6 dollar maaşla işə düzələ bilər.

İlk iki ay ərzində darıxırdım, evə qayıtmaq istəyirdim, ətrafdakıları anlaya bilmirdim. İndi isə Bakıdakı insanları anlaya bilmirəm.

Tutaq ki, Bakıda mən dodağımı əyri boyamışamsa, gün ərzində beş qız ərinmədən küçənin bu başından o başına keçib deyəcəklər ki, pomadam konturdan kənara çıxıb. Avropada bu heç kimin vecinə deyil.

İlk vaxtlar mənə elə gəlirdi ki, burada insanlar soyuq və əzazildir, sonradan isə çox rahat oldum. Demək olar ki, bəzənmirəm, rahat geyinirəm və buna görə utanmıram.

Xaricdə, doğrudan da, heç kimin heç nə vecinə deyil, amma yaxşı mənada. Məsələn, əgər küçədə bir adama yaxınlaşıb “bağışlayın, Karlov körpüsünə necə gedə bilərəm” deyirsənsə, sənə mütləq yolu göstərəcəklər, bəziləri isə hətta ora qədər ötürəcəklər. Sadəcə olaraq, orada şəxsi fəzaya və başqa insanların özəl sərhədlərinə çox hörmətlə yanaşılır”.

Macarıstan. “İlk yarım il ərzində sanki həbsxanada idim”

Toğrul [müsahibin xahişi ilə adı dəyişdirilib – qeyd red.] Türkiyədə bakalavr təhsili alıb, sonradan Macarıstanda magistraturanı bitirib və bir il öncə Bakıya qayıdıb.

Arzu, yoxsa təsadüf?

“Əmin idim ki, Bakıda ixtisasım üzrə təhsil ala bilməyəcəyəm.

Mən daxil olanda – 2011-ci ildə – Azərbaycanda, ümumiyyətlə, turizm yox idi, mən isə turizm iqtisadiyyatını öyrənmək istəyirdim”.

Harada daha yaxşı təhsil verirlər?

«Azərbaycanda həm də təhsil sahəsində korrupsiyaya görə oxumaq istəmədim.

İndi özümü yaxşı mütəxəssis hesab edirəm, amma Bakıda özüm üçün iki perspektiv görürəm – fiziki iş, yaxud da hansısa təşkilatçılıq fəaliyyəti. Öz ixtisasıma uyğun – turizm sahəsində iş tapa bilmirəm».

Harada yaşamaq daha yaxşıdır?

«Mən köklü bakılı olaraq qaldım. Həm də ona görə qayıtdım ki, doğma şəhərim rayonlardan gələnlərin qurbanı olmasın.

Türkiyədə uyğunlaşmaq mənə görə asan idi – ən azı öna görə ki, türk dili mənə tanışdır.

Budapeştdə dözülməz idi. İlk yarım il ərzində özümü sanki həbsxanadakı kimi hiss edirdim. Mənəviyyat haqqında mənim təsəvvürlərim avropadakılardan o qədər uzaqdır ki, mən əsl həbsxanaya üstünlük verərdim.

Cümə və şənbə günləri Budapeştin mərkəzi mənə açıq səma altında fahişəxananı xatırladırdı. İnsanlar klublarda içir, dayanacaqda avtomobillərdə yatırlar.

Bir dəfə tanışlarımla birlikdə restoranda oturmuşdum, şənbə günündən bazara keçən gecə, təxminən saat dörd olardı. Ora iki qız gəldi, heç 18 yaşları olmazdı. Boşqablarında bir az qurdalanandan sonra elə orda da yatdılar. Restorandakılardan biri ayağını beynəlxalq taekvondo federasiyasının loqotipində olduğu kimi qaldırıb, həmin qızların fonunda şəkil çəkdirdi, restoranın sahibi isə onu heç dayandırmağa da çalışmadı. Sadəcə güldü.

Bundan başqa, Macarıstanda aqressiv millətçilik çiçəklənməkdədir – həm dövlət strukturlarında, həm də xalq arasında. Bu özünü o qədər bariz göstərir ki, misal üçün, qaraçıların polisə etdiyi müraciətlərə prinsipial olaraq baxılmır.

Budapeştdə düz şəhərin mərkəzində sizə narkotik təklif edə bilərlər. Türkiyədə bunun üçün tələbələr, heç olmasa, şəhərdən kənara çıxmalı olurlar”.

Almaniya. “Almaniyada parlaq paltar geysən, səni çəpəki baxışlarla süzəcəklər”

Sabina [müsahibin xahişi ilə adı dəyişdirilib – qeyd red.] Sibirdə anadan olub, orta və ali məktəbi Azərbaycanda bitirib, Almaniyada magistraturaya daxil olub.

Arzu, yoxsa təsadüf?

“Həmişə bilirdim ki, nə vaxtsa köçəcəyəm və bakalavriatın sonuncu kursunda gedəcəyim yeri seçməyə başladım. Elə bir ölkə seçməli idim ki, karyera üçün daha çox perspektiv olsun. Baxmayaraq ki, ixtisasca ingilis dili üzrə filoloqam, Almaniyanı seçdim – bu ölkənin dilini və mədəniyyətini həmişə sevmişəm, üstəlik, həmin vaxta düz bir il qalmış alman ali məktəblərinin məzunları üçün yaşayış hüququ almaq şərtləri çox cəlbedici oldu.

Mən DAAD-dan stipendiya qazandım, əvvəlcə 4 aylıq kurslara getdim, sonra isə Fulda şəhərciyinə yollandım. Magistraturada “Aİ çərçivəsində kommunikasiyalar və politologiya” ixtisası üzrə təhsil alırdım”.

Harada daha yaxşı təhsil verirlər?

“Almaniyadakı təhsillə bağlı iradlarım var, lakin yalnız humanitar fakültələr üzrə mülahizə yürüdə bilərəm. Əlbəttə ki, texniki təhsilin səviyyəsi burada çox yüksəkdir. Fikrimcə, çatışmazlıqlardan biri bürokratizmdir – burada sistem hələ də “kağızla işləyir” və istiqamət çox dardır.

Azərbaycanın ali məktəbində filoloqlar riyaziyyatı da, psixologiyanı da, linqvistikanı da, ədəbiyyatı da öyrənirlər. Almaniyada fənlərə daha “nöqtəvi” yanaşma vardı.

Bildiyimə görə, ABŞ-da təhsil daha yaxşıdır. Buna görə də, tıhsilimi orada davam etdirməyi arzulayıram.

Azərbaycandakına nisbətən Almaniyada azadlıq səviyyəsi və tələbəyə münasibət yaxşıdır. Azərbaycanda tələbəyə üzərində nəzarət olunmalı körpə kimi yanaşırlar – davamiyyətə sərt nəzarət olunur, nəzəriyyə çox, təcrübə azdır. Avropa ali məktəblərində davamiyyət heç kimi maraqlandırmır – əsas olan tapşırıqların yerinı yetirilməsi və imtahanların verilməsidir.

Bizim ixtisas üçün tədrisin vacib hissəsi avropalı siyasətçilərlə birbaşa ünsiyyət idi. Buna görə də, bizi Brüsselə və Strasburqa Avropa Şurasına və Avropa Komissiyasına aparırdılar, burada biz (qruplara bölünmüşdük) siyasətçilərə Aİ-nin qarşılaşdığı müxtəlif siyasi problemlər üzrə təqdimatlarımızı və suallarımızı təqdim etməli idik.

Daxil olduğum qrup Yaşıllar Partiyasının nümayəndələri ilə Avropada miqrasiya böhranı və onun həlli yolları mövzusu üzrə ünsiyyətdə idi. Biz 2004-cü ildə Avropa İttifaqının genişləndirilməsinin və onun tərkibinə Polşanın, Baltikyanı ölkələrin daxil edilməsinin nə dərəcədə məqsədəuyğun olmasını müzakirə edirdik. Bu çox heyrətamiz təcrübə idi.

Təəssüf ki, Azərbaycanda bu qeyri-mümkündür”.

Harada yaşamaq daha yaxşıdır?

“Azərbaycanda cəmiyyətin sırf ierarxiya sisteminə, onun “kollektivçiliyinə” (hamı hamıya görə məsuliyyət daşıyır, hamının səninlə bir işi var, hətta nənənin dayısı qızının əmisi oğlu da sənə irad tuta bilər) tab gətirmək mənimçün çətin idi. Patriarxat da həmçinin.

Digər tərəfdən, Azərbaycanda dost tapmaq, insanlarla yaxınlaşmaq daha asandır, ümumilikdə, insanlar arasında münasibətlər daha istidir.

Almaniyada, misal üçün, üz-gözünü bəzəyirsənsə, parlaq paltar geyirsənsə (Azərbaycanda bu adi bir şey kimi qəbul olunur), səni qınaq dolu çəpəki baxışlarla süzəcəklər.

Almanların “qənaətcillik” adlandırdıqları davranış tərzi azərbaycanlıya xırdaçılıq kimi görünür.

Azərbaycanlı dostum bir dəfə dostları ilə birlikdə kluba gedib, onlarla almanlar da olub – bir qız və oğlan. Məlum olub ki, giriş adambaşı 5 avrodur. Həmin o alman yeniyetmə girişdə hamı ilə dava-dalaş salıb ki bu çox bahadır, qız da onunla həmfikir olub və vəziyyət gərginləşib. Nəticədə, dostum dözə bilməyib və hər ikisinin pulunu özü ödəyib.

Əgər almana iki avro borcun varsa, əmin ola bilərsən ki, o, bunu unutmayacaq və pulunu geri istəyəcək, baxmayaraq ki, dünən sən ona 50 avroluq qonaqlıq vermisən. Digər tərəfdən, kimsə sənə borcludursa, yüz faiz borcunu qaytaracaq”.

Bakı


More on JAMnews