Unikal İvanovka kəndindən hekayələr" />

İnam, kolxoz və xama: rus molokanları əcdadlarının ənənələrini Azərbaycanda necə qoruyub saxlayır

Unikal İvanovka kəndindən hekayələr

“Maşının qapısını bağlamaya da bilərsiz, heç kim girməyəcək!”,

– süd məmulatları üçün hansı evə getməli olduğumuzu göstərən qadın gülərək deyir. Əynində uzun ətək, gödəkcə, başında isə bir çox yerli qadınlarda olduğu kimi, açıq rəngli örpək var.

Azərbaycanın İvanovka kəndində indiyə qədər də qapıları bağlamırlar, burada cinayətkarlıq demək olar ki, yoxdur. Bura həm də özünün çox dadlı süd məmulatları – xaması, qaymağı, kəsmiyi, pendiri və təbii ki, məşhur “molokan” kələm turşusu ilə tanınır.

İndi İvanovka öz çətin dövrlərini yaşayır. Bunu anlamaq üçün küçələrdə gəzişmək kifayət edir. Bir çox mağazalar və evlər, gözəl, amma qulluq edilməyən süni göl baxımsız təəssüratı bağışlayır.

Küçələrdə daha çox yaşlı adamlara rast gəlirsən. Gənclər Rusiya səfirliyinin köməyilə kütləvi şəkildə Rusiyaya oxumağa və yaşamağa gedirlər. Bəziləri də Bakıya üz tutur.

İvanovka camaatı mehriban və gülərüzdür. Çoxları küçədə bizimlə köhnə tanış kimi salamlaşır. İstənilən evin qapısından içəri keçmək olar. Sizinlə məmnuniyyətlə söhbət edəcək, ehtiyac olarsa, məsləhətlər verəcəklər. Müsahibə məsələsində vəziyyət fərqlidir – insanlar kəndin güzəranı haqda kameraya danışmaq istəmirlər – dediklərinə görə, problemlərdən qorxurlar.

İki yüz il əvvəl Rusiyada molokanları “xüsusilə zərərli kafirlər” adlandırırdılar – onlar pravoslavlığı qəbul etməkdən imtina edir, ikona və xaçı tanımırdılar. İkinci Yekaterina onları həmin vaxt Rusiyanın mərkəzindən qırağa, uzaq quberniyalara köçürməyə başladı. 1834-cü ildə çətin yoldan sonra molokanlar həmin vaxt Rusiya İmperiyasının tərkibində olan Azərbaycanın İsmayıllı rayonunda, meşəli təpələr arasında məskunlaşırlar.

Nadejda Vasilyevna Jabina kənd məktəbində tarix müəllimidir. Övladları Rusiyaya gedib, qadının dediyi kimi, “vəziyyət belə gətirdi”. Amma yenə də tez-tez bura gəlir və doğma kəndləri üçün çox darıxırlar.

Nadejda Jabina

Molokanlar kimdir?

Nadejda Jabinanın dediyinə görə, molokanlar necəsə dərhal azərbaycanlılarla dil tapa bildilər. Yerlilərin xoşuna gəldi ki, molokanlar da müsəlmanlar kimi, ikonaları tanımır, içki içmir, söyüş söymürlər. Azərbaycanda İvanovkadan olan molokanlar hər şeydən əvvəl yaxşı, vicdanlı işçilər kimi tanınır.

Tatyana Kozoriz artıq çoxdandır ki, Bakıda yaşayır. Biz ondan molokan dininin “yerdə qalan” xristianlıqdan nəylə fərqləndiyini danışmağı xahiş etdik.

Tatyana Kozoriz

Bakıda Tatyananın İvanovkadan olduğunu biləndə necə reaksiya verirlər?

“Niyəsə həmin an dadlı yeməyi xatırlayırlar”, – o gülür. – “Ən birinci reaksiya – “a, İvanovka, orada dadlı xama, süd, kəsmik olur”.

Qeyd etmək lazımdır ki, İvanovkanın heç də bütün sakinləri dini adətlərə ciddi şəkildə riayət etmir. Bundan başqa, əvvəllər etnik ruslar çoxluq, indi isə kənd əhalisinin yarısını təşkil edir. Yəni molokan cəmiyyəti yavaş-yavaş da olsa azalır.

Kolxoz

Mixail Jabin

Mixail Jabinin 82 yaşı var. O, öz əllərilə tikdiyi evdə, öz əllərilə düzəltdiyi mebelin içində yaşayır. Mişa dayının on beş toyuğu var, hər səhər o, toyuqlar üçün yem hazırlayır. Zarafat etməyi sevir, “çapacaq” və “araba” kimi anlayışlardan xəbərsiz olan gənclərə isə mərhəmət və mehribanlıqla yanaşır.

Mişa dayı ömür boyu, 10 yaşından kolxozda işləyib. Axırda traktorçu olub ki, bununla da çox qürurlanır.

Mixail Jabin

Kolxozun indiki vəziyyəti barədə Mixail Jabin çəkinmədən bunları deyir: “Oğurluq edirlər. Kolxoza təhvil verdiklərindən daha çox oğurlayırlar”.

İvanovkada kolxoz 1936-cı ildə yaradılıb. Vəzifəyə gəldiyi vaxt cəmi 27 yaşı olan əfsanəvi kolxoz sədri Nikolay Nikitinin rəhbərliyi altında kolxoz kəndə ağlasığmaz gəlir gətirib. Kənd böyüyür, yollara asfalt çəkilir, xəstəxana və uşaq bağçası tikilirdi. İşçilərə “iş günlərinə”, yəni gördükləri işin miqdarına görə maaş verilirdi.Sədr tələbkar və ədalətli idi. Nikitin kolxoza 41 il rəhbərlik edib, həmin dövrü də İvanovkada heyrət, ehtiram və xiffətlə xatırlayırlar. Xiffətlə ona görə ki, indi kolxoz əvvəlki kimi deyil.

Sakinlər kolxoz haqqında

Həmin bu əfsanəvi kolxoza yola düşürük. Nəhəng alaqapının qarşısında dayanırıq.

Bizi qarovulçu qarşılayır, müdiriyyətin yerində olmadığını deyir. Rəhbərliklə əlaqə saxlayana qədər 15 dəqiqə gözləməyimizi xahiş edir.

Beş dəqiqə sonra öz köşkündən çıxır, təəccüblü görünür. Deyir ki, baxmaq olmaz. Karantindir.

Karantindən deyəsən, təkcə qarovulçu deyil, kolxoz işçiləri də xəbərsizdilər. Amma içəri daxil ola bilmirik, heç bu budkanın da şəklini çəkməyə icazə vermirlər. Ancaq yanındakı kəndirlə bağlanan bu iti çəkə bilirik.

Kolxozu necə oğurlamaq istəyirdilər

“Biz oğurlamırıq, Nikitinin vaxtında olduğu kimi, ərzaqla maaş alırıq”.

Kolxoz işçiləri kolxoz sədri Nikolay Dubrovinə öz hərəkətlərini məhz bu cür izah edirdilər. Həmin Nikitinin bacısı oğlu Dubrovin 2015-ci ildə islahatlar keçirməyə çalışır, bunun üçün də bakılı sahibkarın köməyilə dövlət dəstəyinə nail olur.

Nikolay Dubrovin

Amma nəticədə heç bir islahat keçirilmədi, çünki buna hansısa kələyin işlənəcəyindən şübhələnən sakinlər (“kolxozu öz adlarına yazıb, əlimizdən hər şeyi alacaqlar”), həm də nəticədə özünün “konüllü-icbari” islahatlarını həyata keçirən və kolxoz üzərində tam idarəçiliyi ələ keçirən İsmayıllı rayonunun icra hakimiyyəti də qarşı çıxırdı.

İş orasındadır ki, Nikitin adına kolxoz Azərbaycandakı torpaq islahatlarından sonra prezident Heydər Əliyevin şifahi tapşırığı ilə köhnə formada qalırdı. Sonradan onu “yoldaşlıq” kimi təyin etsələr də, nizamnamə əvvəlki, 1970-ci ildə olduğu kimi qalırdı. Vacib qərarlar kolxozun ümumi yığıncağında qəbul edilirdi, sədr də burada seçilirdi. İcra hakimiyyətinin müdaxiləsindən sonra kolxozda həmin bu hakimiyyətə loyal olan Şura təsis edilir, sədr də tamamilə Şuradan asılı vəziyyətə düşür.

İndi artıq İsmayıllıda qorxmaya bilərlər ki, güclənən kolxoz İvanovkanın bütün iqtisadi məkanını “tutacaq”, sədr isə bu məkana nəzarət edəcək.

 

Sonra necə olacaq?

İvanovkanın küçələri boş olmasına baxmayaraq, Azərbaycanın bir çox başqa kəndlərindən fərqlənir. Misal üçün, mal-qara küçələrdə otlamır – buna görə cərimə edirlər. Bu qayda kəndin çiçəkləndiyi dövrlərdən qalıb. Hava təmizdir, təsadüfən ayaqlarınızın altında təzəyin qalması da mümkün deyil.

Həm də İvanovkanın küçələrində turistlər gəzir. Bakıdan, Azərbaycanın digər yerlərindən olanlar, əcnəbilər.

“Rusiyadan turistlər demək olar ki gəlmir. Onları rus kəndi sadəcə olaraq maraqlandırmır. Bura daha çox əcnəbilərə və Azərbaycan sakinlərinə maraqlıdır. Baxırlar, insanların burada necə yaşaması – ənənələri, şəraitləri, məişəti ilə maraqlanırlar”,

“John & Tanya Ivanovka Guesthouse”in sahibi Sərxan Sadıqov danışır.

Mehmanxana açmaq ideyası onun anası Tanya və Tanyanın həyat yoldaşı Conun ağlına gəlib.

Sərxan Sadıxov

Amma yenə də gənclər üçün bu yerlər darıxdırıcıdır. Bunu küçədə rastımıza çıxan turist oğlanlar da deyir:

“Bura çox xoşumuza gəlir, sakitlikdir, amma bu, bir neçə günlük yaxşıdır”.

Bunu Tatyana Kozoriz də deyir:

“Bütün qohumlarım İvanovkada yaşayır, tez-tez ora uşağımla gedirəm, amma yenə də şəhərdə yaşamağı üstün tuturam”.

İvanovkanın “milyonçu kolxozu” olan çiçəklənən kənd olduğu dövrlərdən çox vaxt keçib. Bununla belə, o hələ də multikulturalizmin özünəməxsus simvolu və hələ də unikal brend olaraq qalır. Kəndə inam o qədər böyük idi ki, indi də İvanovkadan günəbaxan yağı alan hər bir bakılı onun günəbaxan tumlarından hazırlandığına və tərkibində heç bir qatqı olmadığına əmindir.

Bu unikal yerin saxlanılması və dirçəlməsi üçün bu üstünlüklərdən necə istifadə olunacağı təkcə hakimiyyətdən deyil, həm də sakinlərinin özündən asılıdır.


More on JAMnews