Televiziya qülləsinin yerləşdiyi ərazidə yeddi metr dərinlikdə çatlar əmələ gəlib " />

Bakıda sürüşmə təhlükəsi üzündən 80 ailə köçürülüb

Televiziya qülləsinin yerləşdiyi ərazidə yeddi metr dərinlikdə çatlar əmələ gəlib

Bakı şəhər İcra Hakimiyyəti sürüşmə təhlükəsi üzündən Bayıl qəsəbəsində televiziya qülləsinin yerləşdiyi ərazidən 390 nəfər və ya 80 ailənin evakuasiyası ilə bağlı qərar qəbul edib.

Sakinlərin çoxu qohumlarının evində məskunlaşıb. Bəziləri məktəblərdə yaradılan müvəqqəti sığınacağa yerləşdirilib, orada qida ilə təmin olunublar.

Sürüşmə zonası teleqüllədən 200-250 metr cənub-şərqdə yerləşir. Burada dərinliyi 7 metr, eni isə bir metrdən çox olan çatlar əmələ gəlib. Ərazi mühasirəyə alınıb, polis nəzarətindədir, jurnalistlərin ora daxil olması qadağan edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, atmosfer yağıntıları və təpənin aşağı hissəsində aparılan inşaat işləri sürüşmənin fəallaşmasına səbəb olub, – Turan yazır. Bayıl qəsəbəsinin sakinləri bu bəyanatın birinci hissəsinə şübhə ilə yanaşırlar, çünki Bakıda bu ilki qış əvvəlki illərlə müqayisədə kifayət qədər isti keçir. Güclü yağış və qar yağmayıb.

Nazirlər Kabineti cümə axşamı günü sürüşmə təhlükəsi ilə bağlı təcili iclas keçirib. Vəziyyətə nəzarət etmək üçün operativ qərargah yaradılıb. Torpaq möhkəmləndirilir,  payalar vurulur. Ekologiya Nazirliyindən olan məmurlar əmin edirlər ki, teleqüllə üçün heç bir təhlükə yoxdur.

“Çatların eni bir metrə, dərinliyi yeddi metrə çatır. Sürüşmə zonasında quraşdırılan mayaklar bu proseslərin dinamikasında fəallığı təsdiqləyir. Sürüşmə prosesinin fəallaşması təpənin ətəyində yerləşən evlər üçün təhlükə yaradır”, – Ekologiya Nazirliyinin əməkdaşı Rafiq Həsənov Trend agentliyinə bildirib.

Azərbaycan Elmlər Akademiyası məlumat verir ki, 19-cu əsrin ortalarından Bayıl zonasında 14 sürüşmə qeydə alınıb.

Bunlardan ən güclüsü 2000-ci ilin martında baş verib, o zaman torpaq 350 metr dərinlikdə və 450 metr uzunluqda təpənin ətəyindən qoparaq, aşağı sürüşüb, tikililəri və kommunikasiyanı dağıdıb.


More on JAMnews