Azərbaycanda “virus statistikası” yaxşılaşır, amma karantin rejimi yenə də uzadılacaq
Azərbaycanda artıq bir neçə gündür ki, COVID-19 virusundan sağalanların sayı yeni yoluxanların sayını üstələyir. Amma hakimiyyət yenə də aprelin 20-də bitməli olan karantin rejimini uzatmaq niyyətindədir.
Aprelin 17-i axşam saatlarına olan məlumata əsasən, ölkədə 57 yeni yoluxma halı qeydə alınıb, 68 nəfər isə sağalaraq xəstəxanadan evə buraxılıb.
Beləliklə, hazırda Azərbaycanda ümumilikdə 1340 yoluxma halı qeydə alınıb. 15 nəfər ölüb, 528 nəfər sağalıb, 797 nəfərin müalicəsi davam edir.
- Koronavirusun riyaziyyata əngəl ola bilmədiyi haqda hekayə
- “Çıxan kimi yoldaşımı çoxlu öpəcəm” – Gürcüstanda karantindən yeddi hekayə
Karantin nə qədər çəkəcək?
Hələlik karantin rejiminin hansı müddətə qədər uzadılacağı məlum deyil.
“Statistikada müsbət dinamikaya baxmayaraq, biz bundan sonra da vəziyyəti nəzarət altında saxlayacağıq. Baxaq görək, bu dinamika bundan sonra necə davam edəcək, stabil olacaqmı, ya yox. Və əlavə olaraq hansı tədbirlər həyata keçirilməlidir”, – prezident İlham Əliyev deyib.
Azərbaycanda karantin rejimi martın 24-dən qüvvədədir və tədricən sərtləşdirilib. Müxalif Respublikaçı Alternativ (ReAl) Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli hesab edir ki, aprelin 20-dən karantin dayandırılmasa da, əhəmiyyətli dərəcədə yumşaldılmalıdır. Məsələn, bərbərxanalar, elektronika və inşaat malları mağazaları, parklar və bağlar açılmalıdır. Ən əsası isə evdən sms-lə icazə alaraq çıxmaq sistemini aradan qaldırmaq lazımdır.
“Amma karantin rejimi daim ola bilməz, bu həm iqtisadi, həm psixoloji problemlərin həndəsi silsilə ilə artmasına səbəb olur, olacaq.
Ölkəni yavaş-yavaş açmaq lazımdır, anlamalıyıq ki, biz hələ uzun müddət bu virusla yaşamalı olacağıq, əgər ən yaxşı üsullardan biri sosial məsafə və maska taxmaqdırsa, belə yaşamağı öyrənməliyik”, – Natiq Cəfərli deyir.