Diaspor gəncləri vətənpərvər, yoxsa “məlumat əsgəri” olmalıdır - Zəngilan düşərgəsinin sətiraltı missiyası
Zəngilan diaspor düşərgəsi
64 ölkədən gələn 120-dən çox gənc Zəngilanda “Dirçələn şəhərlər” şüarı altında toplanıb. Rəsmi mesaj isə belə olub: siz Azərbaycanın uğurlarını müdafiə etməlisiniz, “qərəzli kampaniyalara” cavab verməlisiniz.
Berlində İlham Əliyevə “diktator!” deyilməsinin fonunda bu çağırış başqa sual doğurur – dövlət həqiqətən müstəqil düşüncəli vətəndaşlar, yoxsa rəsmi narrativi xaricdə çoxaldan “məlumat əsgərləri” yetişdirir?
Diaspor Gənclərinin VII Yay Düşərgəsində nələr danışılıb?
Avqustun 2-də Zəngilanda açılan Diaspor Gənclərinin VII Yay Düşərgəsi rəsmi mediada “vətənpərvərlik”, “reallıqları öyrənmək” və “diasporun gəncləşməsi” kimi təqdim olunur. 64 ölkədən 120-dən çox gənc bir həftə ərzində azad edilmiş ərazilərdə bərpa işlərini seyr edir, dövlət rəsmiləri ilə görüşür və “Azərbaycan həqiqətlərini” mənimsəməyə çağırılır.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun və digər rəsmilərin çıxışları diqqətlə oxunanda mənzərə daha pragmatik görünür: dövlət xaricdə yaşayan gəncləri sadəcə “vətənə bağlı” vətəndaş kimi deyil, informasiya müharibəsinin aktiv iştirakçıları kimi formalaşdırmaq istəyir.
Fuad Muradov açıq deyib ki, gənclər “qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi” bacarmalıdırlar. Onlar yaşadıqları ölkələrdə, beynəlxalq platformalarda və öz icmalarında çıxış edərək Azərbaycanın maraqlarını “layiqincə təmsil” etməlidirlər.
Daha sərt mesaj isə budur: xaricdə “az sayda da olsa, Azərbaycanın uğurlarına sevinməyən” və özünü azərbaycanlı kimi təqdim edən insanlar var. Gənclərdən bu insanları tanımaları, iddialarını bilmələri və arqumentlərlə cavab vermələri tələb olunur. Bildirilib ki, “qara-piar”, “həqiqətlərin təhrifi” və “kampaniya qurmaq” qəbuledilməzdir. Eyni zamanda çıxışlarda “əsaslandırılmış tənqidə açıq” olduqları bəyan edilib.
Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov isə etiraf edir ki, xaricdə Azərbaycanı müdafiə etmək “heç də asan deyil” – ikili standartlar və dezinformasiya ilə mübarizə aparmaq lazımdır. Gənclərin missiyası “həqiqətləri düzgün və obyektiv çatdırmaq”dır.
Bu dil rəsmi baxımdan müdafiəkar və legitim görünə bilər. Lakin praktika və kontekst fərqli şərhə yol açır. Tənqidçilərin fikrincə, burada söhbət sadəcə vətənpərvərlikdən yox, sistemli şəkildə “məlumat əsgərləri” – yəni rəsmi narrativi sosial şəbəkələrdə, şərhlərdə və beynəlxalq müzakirələrdə müdafiə edəcək gənc kadrların yetişdirilməsindən gedir. Başqa sözlə, dövlətin nəzarət etdiyi və yönləndirdiyi bir növ “yumşaq güc” ordusu.
Berlin hadisələri nədir və bu kontekstdə niyə mühümdür?
Bu çağırışların vaxtı təsadüfi deyil. İyulun 21-də İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı Berlin küçələrində azərbaycanlı mühacirlər “Diktator!” şüarları səsləndiriblər.
Eyni dövrdə Almaniyada sürgündə yaşayan bloqçu Ələmdar Bünyadov xarici işlər naziri Ceyhun Bayramov və prezidentin köməkçisi Hikmət Hacıyevə Berlində, küçədə yaxınlaşıb, siyasi məhbuslar və işgəncə iddiaları barədə suallar verib.
Rəsmi media hadisəni dərhal “təxribat” kimi təqdim edib, Bünyadovu “İranın xüsusi xidmət orqanları ilə sıx əlaqələri ilə bilinən” şəxs kimi xarakterizə edib. Bayramov cavabında iddiaları “şəxsi qənaət” adlandırıb və işgəncə iddialarını rədd edib.
Hacıyev isə ona maliyyələşmə, Almaniyadakı status və Azərbaycandan getmə səbəbləri barədə suallar verib, suverenlik və milli təhlükəsizliyin prioritet olduğunu bildirib. Hadisə hökumət mediasında güclü reaksiya doğurub və bloqerin səsləndirdikləri “təxribatçı suallar” kimi işıqlandırılıb.
Bu hadisələr Zəngilandakı mesajın praktiki mənasını daha da aydınlaşdırır. Rəsmi diskursda tənqid tez-tez “qərəzli kampaniya”, “qara-piar” və ya “xarici qüvvələrin təsiri” kimi çərçivələnir.
Nəticədə “əsaslandırılmış tənqid” ilə “qərəzli kampaniya” arasındakı sərhəd çox vaxt hakimiyyətin özü tərəfindən müəyyən edilir. Gənclərdən isə bu sərhədi qəbul edib, onun o tərəfində dayananlara qarşı çıxmaq gözlənilir.
Trol yetişdirmək üsulu?
Müxalif və müstəqil dairələrdə bu cür düşərgələr çoxdan “trol fabriki” kimi qiymətləndirilir. Məqsəd gəncləri müstəqil düşüncəyə deyil, rəsmi xətti sosial mediada, şərhlərdə və beynəlxalq auditoriya qarşısında müdafiə etməyə yönəltməkdir. Tənqidçilər deyirlər ki, burada “vətənpərvərlik” adı altında emosional bağlılıq və ideoloji loyallıq formalaşdırılır və onlara tənqidi səsləri “düşmən” kimi qəbul etmək öyrədilir.
Hər dövlət öz diasporunu yumşaq güc aləti kimi istifadə etməyə çalışır – bu, yalnız Azərbaycana xas deyil. Lakin problem ondadır ki, Azərbaycanda daxili tənqid məkanı çox daraldığı üçün xaricdəki gənclər üzərinə düşən “müdafiə” yükü qeyri-mütənasib şəkildə artır. Onlar eyni zamanda həm yaşadıqları ölkələrin azad söz mühitinə uyğunlaşmalı, həm də rəsmi Bakının narativinə sadiq qalmalıdırlar. Bu ikilik bir çox gənc üçün real gərginlik mənbəyidir.
Muradovun “dialoqa açığıq” bəyanatı ilə “qara-piara imkan vermərik” mesajı eyni cümlədə yan-yana duranda sual yaranır: tənqidin hansı forması “əsaslandırılmış”, hansı forması isə “qərəzli” sayılır? Berlin küçələrində səslənən suallar və şüarlar rəsmi media üçün təxribatdırsa, eyni mövzuları beynəlxalq media və ya akademik platformalarda qaldıran gənclər üçün sərhəd haradadır?
Zəngilan diaspor düşərgəsi