Yerevanda “Şərab günləri” festivalı tənqid və etirazlara rəğmən baş tutub
Bu il sosial şəbəkələrdə təşkilatçıların ünvanına səslənən kəskin tənqidə rəğmən Yerevanda “Şərab günləri” festivalı yenə də baş tutub. Çoxları Qarabağ müharibəsində məölubiyyətdən sonra bu cür əyləncəli tədbirin keçirilməsindən qəzəblənib. Tənqidçilər minlərlə insanın həlak olduğunu, erməni əsirlərin hələ də Azərbaycandan vətənə qaytarılmadığını, itkin düşənlərin olduğunu xatırladıblar.
Amma ənənəyə çevrilən şərab festivalının təşkilatçıları tədbiri təxirə salmayıb. Şərab günləri adətən olduğu kimi Yerevanın mərkəzində keçirilib, festivalda çoxsaylı turistlər və yerli sakinlər iştirak ediblər.
JAMnews festivaldan video və iştirakçıların şərhlərini təqdim edir.
Festival haqda
Yerevanda şərab genləri 2017-ci ildən may ayının ilk cümə və şənbə günləri Yerevanın bir neçə mərkəzi küçəsində keçirilir. Amma 2021-ci ildə tədbir iyuna keçirilib. Yalnız ötən il festival baş tutmayıb. Əvvəlcə təşkilatçılar koronavirusla bağlı məhdudiyyətlərə görə festivalı ertələmək istəyib, amma sonra ümumiyyətlə keçirmək fikrindən vaz keçiblər.
Ümumilikdə onlar erməni şərabları feestivalını iqtisadiyyatın iki mühüm sahəsinin – turizm və şərabçılığın inkişafı üçün səmərəli platforma hesab edirlər.
Bu il şərab festivalının pavilyonlarında 281 növ şərab təqdim olunub. Onlardan 113-dən çoxu qırmızı, 90-da bir qədər artığı ağ, 30-u çəhrayı, 18-i oynaq və 38-i meyvəli şərabdır.
Üstəlik 2021-ci ildə festival xeyriyyə təşəbbüslərilə fərqlənib. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarəti altına keçən Hadrutdan gətirilən şərabın, o cümlədən də məşhur göyərtili Qarabağ fətirlərinin – jenqyalov ants – satışından əldə olunan gəlir ikinci Qarabağ müharibəsində yaralanan və həlak olanlarının ailələrinə yönləndiriləcək.
Festival iştirakçılarının düşüncələri
Rusiyadan gələn turist qrupu tədbir haqda oteldə xəbər tutub. Onlardan biri, Andrey deyir ki, dərhal qərar veriblər ki, mütləq iştirak etməlidirlər. Üstəlik rusiyalı turistlər də müharibədəki məğlubiyyətdən sonra belə tədbirlərin keçirilməsinin yolverilməz olduğu haqda söz-söhbəti eşidiblər. Amma Andrey və dostları bu fikirlə razı deyillər.
“Məgər bura toplaşan bu insanların xoşbəxt olmaq haqları yoxdur?”
Məzuniyyətinin bir neçə gününü vətəndə keçirmək üçün xaricdən gələn Samvel ümumiyyətlə şərab festivalının yolverilməz olub-olmaması haqda suala cavab vermək istəmir:
“Mən müharibə və siyasət haqda danışmaq istəmirəm. Bütün bunlar [müharibə, qurbanlar] həyatın davam etməsi üçün olub və budur, davam edir”.
Anuş xidmət sahəsində işləyir, o da festival haqda çoxlu ziddiyyətli fikirlər eşidib. Deyir ki, onun üçün ilk növbədə ağır böhran zamanı biznesini qorumağa çalışan şərab istehsalçılarının səyləri vacib və dəyərlidir:
“Mən özüm üçün yeni fantastik brendlər açdım. Çox şadam ki, ölkənin ağır iqtisadi vəziyyətinə baxmayaraq, onlar işləyirlər və öz məhsullarını başqa ölkələrə ixrac edirlər. Qoy insanlar anlasınlar ki, iqtisadiyyatı yasla və gözyaşı ilə dəstəkləmək mümkün deyil. İrəli hərəkət etmək lazımdır”.
Turizm sahəsində işləyən Roza bu fikirlə razıdır. Xatırladır ki, ötən il iqtisadiyyatın bu sahəsi sadəcə ifllic olmuşdu.
“Burada səslənən musiqi baxımından təşkilatçılar bu il daha təmkinli idi. Ötən illərdə vəziyyət başqa idi. Bir sözlə, onlar da vəziyyəti anlayır, bu ağrını yaşayırlar. Mənim üçün isə yenə də burada çoxlu turist görməyim hər şeydən daha önəmlidir”, – Roza deyir.