"Yeni yol açırıq" - Marko Rubio Yerevanda imzalanan sənədlər barədə
Marko Rubio Yerevanda: imzalanan sənədlər haqqında
Ermənistan və ABŞ TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi ətrafında strateji əməkdaşlığa dair çərçivə sazişini paraflayıblar. Söhbət Azərbaycanı onun eksklavı olan Naxçıvanla birləşdirəcək “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”ndan gedir. Eyni zamanda, bu yol bütün regionun nəqliyyat marşrutlarının blokdan çıxarılmasına xidmət edir. Sənədlərin imzalanması Marko Rubionun səfəri çərçivəsində baş tutub. O, Yerevana həyat yoldaşı ilə birlikdə gəlib.
“Prezident Trampın və baş nazir Paşinyanın konsepsiyasını, Cənubi Qafqazda sülhə aparan bu cəsarətli yolu irəli aparmaq üçün burada olmaqdan məmnunam”, – deyə ABŞ dövlət katibi bildirib. O, həmçinin xatırladıb ki, sülh prosesinin əsası 2025-ci il avqustun 8-də Vaşinqton sammitində qoyulub.
Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan daha iki sənəd imzalayıblar:
- Ermənistan və ABŞ arasında hərtərəfli strateji tərəfdaşlıq xartiyası,
- “Kritik əhəmiyyətli mineralların və nadir torpaq elementlərinin hasilatı və emalı sahəsində tədarükün təmin olunması haqqında” çərçivə memorandumu.
Sənədlərin imzalanmasından sonra onlar mətbuata bəyanatlarla çıxış ediblər.
Ararat Mirzoyan vurğulayıb ki, Ermənistan-ABŞ strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlib. Onun sözlərinə görə, əldə olunan razılaşmalar “şübhəsiz ki, Ermənistan üçün faydalıdır və misilsiz imkanlar açacaq”. O bildirib ki, Ermənistan və ABŞ arasındakı münasibətlər tarixdə heç vaxt indiki qədər möhkəm olmayıb.
Ermənistan XİN rəhbəri Ermənistan səfər etmək üçün “sıx iş qrafikində vaxt tapdığına görə” dövlət katibinə təşəkkür edib.
“Bu son dərəcə məzmunlu səfər Yerevan və Vaşinqtonun ikitərəfli əlaqələrimizi ardıcıl şəkildə gücləndirmək əzmini nümayiş etdirir”, – deyə o bildirib.
Rubio və Mirzoyanın geniş tərkibdə danışıqları, sənədlərin imzalanması və jurnalistlərlə görüş birbaşa “Zvartnots” hava limanında keçirilib. ABŞ dövlət katibinin Yerevana gəlişindən təxminən bir saat sonra səfər başa çatıb.
Həmkarını yola saldıqdan sonra Ararat Mirzoyan jurnalistlərlə ünsiyyəti mətbuat konfransı formatında davam etdirib və imzalanmış sənədlərin detallarını açıqlayıb.
Əsas məqamlar: Rubio və Mirzoyanın dedikləri, həmçinin erməni politoloqun şərhi.
- “Ermənistan sıxışdırılıb çıxarıldığı areala qayıdır”: Sülh Şurasına üzvlük barədə fikirlər
- Rəy: “Ermənistan Rusiyanın TRIPP layihəsində iştirak edə bilməyəcəyinə işarə edir”
- “Bakıdan Yerevana tranzit jesti”: Ekspert rəyləri və geosiyasi kontekst
Rubio: “Əməkdaşlığımız TRIPP layihəsi ilə məhdudlaşmır”
ABŞ dövlət katibi aşağıdakı bəyanatlarla çıxış edib:
- ABŞ-Ermənistan əməkdaşlığı “Tramp marşrutu” layihəsi ilə məhdudlaşmır. Tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığı inkişaf etdirməyə davam edirlər.
- Hərtərəfli strateji tərəfdaşlıq xartiyası ikitərəfli münasibətlərin çərçivəsini müəyyən edir, həm ermənilərin, həm də amerikalıların faydalanacağı yeni yol açır.
- Hər iki ölkə möhkəmlənən münasibətlərinin üstünlüklərini görməlidir. Tərəflər gələcəyə dair baxışı bölüşdükdə və ona nail olmaq üçün bir-birinə kömək edə bildikdə tərəfdaşlıq strateji xarakter alır.
- Faydalı qazıntıların hasilatı və emalı gələcək rifah üçün mühüm əhəmiyyət daşıyır. Bunu bacaran ölkələr iqtisadi müstəqilliyə nail ola və XXI əsr innovasiyalarının mərkəzində yer ala biləcəklər.
- ABŞ və Ermənistan hər iki ölkənin, hər iki iqtisadiyyatın ən mühüm faydalı qazıntılara etibarlı çıxışını təmin etmək üçün birlikdə işləyə bilər.
Mirzoyanın mətbuat konfransından əsas tezislər
TRIPP üzrə saziş bir neçə həftə ərzində imzalanacaq
Ermənistanın xarici işlər naziri hesab edir ki, imzalanan hər üç sənəd “bir-birindən vacibdir”. Lakin uzun müddətdir məhz TRIPP layihəsinin icrasına dair saziş üzrə irəliləyiş gözlənilirdi:
“Paraflama çox tezliklə imzalanma mərhələsinə gətirib çıxaracaq. Mətn tam razılaşdırılıb, siyasi anlaşma və razılaşma var. Sadəcə, hər iki ölkədə hələ baş tutmalı olan texniki prosedurlar var”.
O izah edib ki, “Tramp marşrutu” ilə bağlı hələ hazır olmayan başqa sənədlər də var. Xüsusilə, nizamnamə üzərində iş hələ başa çatmayıb.
Mirzoyan bütün məsələlərin bir neçə həftə ərzində həll olunacağını ehtimal edir. Bundan sonra sənəd imzalanacaq və sahədə işlər başlayacaq:
“Həm ABŞ administrasiyası, həm də Ermənistan hökuməti bu layihə üzərində diqqətlə işləyir. Onlar TRIPP-in həyata keçirilməsinə böyük əhəmiyyət verirlər. Bu, bütün geosiyasi və regional, həmçinin fəal daxili siyasi vəziyyət kontekstində baş verir. Üstəlik, ABŞ-ın guya layihəyə marağını itirməsi barədə spekulyasiyalar fonunda”.
Rusiya, İran və digər ölkələrin TRIPP-ə cəlb olunması barədə
Jurnalistləri Moskva və Tehranın narahatlıq və narazılıqlarının “Tramp marşrutu” layihəsinin həyata keçirilməsinə mane olub-olmayacağı maraqlandırıb. XİN rəhbəri bildirib ki, Ermənistan hökuməti bu ölkələrin həm rəsmi mövqeyi, həm də ekspert rəyləri ilə tanışdır. O vurğulayıb ki, İranda layihənin “təhlükəsizlik komponenti” ilə bağlı narahatlıqlar səsləndirilirdi. Lakin müvafiq sənədlərin dərcindən sonra bu narahatlıqlar aradan qalxıb. Onun fikrincə, indi də “suallar olacaq, onlar sənədləri oxuyacaq və narahatlıq üçün səbəb olmadığını görəcəklər”.
Mirzoyanın sözlərinə görə, “Tramp marşrutu” Rusiya və İran üçün də yeni imkanlar açacaq:
“Çünki TRIPP sayəsində İran, məsələn, Qara dənizə çıxış əldə edə biləcək. Faktiki olaraq, Fars körfəzindən Qara dənizə yeni dəmir yolu bağlantısı yaradılır”.
O bildirib ki, “Tramp marşrutu”na digər ölkələr də maraq göstərir. Mirzoyan bunun Ermənistan-ABŞ layihəsi olduğunu xatırladıb. Bununla belə, ayrı-ayrı komponentlər, məsələn, elektrik xətləri, boru kəmərləri və sair üzrə üçüncü tərəflərlə əməkdaşlıq mümkündür. Müxtəlif ölkələrdən olan tərəfdaşlarla ilkin danışıqlar artıq aparılır. Lakin nazir onların adlarını açıqlamayıb.
Nadir faydalı qazıntılarla bağlı ilkin planlar var
Mirzoyanın sözlərinə görə, kritik əhəmiyyətli minerallar və nadir torpaq elementləri sahəsində əməkdaşlıq ABŞ-la münasibətlərdə yeni istiqamətdir:
“Bəzi nadir metallar çiplər yarımkeçiricilər kimi çox spesifik məhsulların istehsalı üçün son dərəcə vacibdir. Hazırda biz, əslində, əməkdaşlığın halqalarını birləşdirməyə çalışırıq”.
O xatırladıb ki, ölkələr daha əvvəl süni intellekt, yarımkeçiricilər və energetika sahələrində əməkdaşlığa başlayıblar.
Nazir qeyd edib ki, bütün dünyada nadir mineralların tədarükünə maraq müşahidə olunur. İndi isə Ermənistanın bu logistika marşrutlarının ən mühüm qovşaqlarından birinə çevrilmək şansı yaranıb.
O əmin edib ki, bu sektora investisiyalar və mineral növləri ilə bağlı artıq ilkin planlar var. Mirzoyan yaxın gələcəkdə əldə olunmuş razılaşmaların “çox konkret təzahürləri” olacağını vəd edib.
Rubionun səfəri hakim partiyaya dəstəkdir?
Ermənistan müxalifəti və bəzi analitiklər ABŞ dövlət katibinin Ermənistanda qarşıdan gələn seçkilər ərəfəsində səfərini hakim partiyaya və onun lideri Nikol Paşinyana dəstək kimi qiymətləndiriblər.
Buna Rubionun Yerevanda Ararat Mirzoyana müraciətlə səsləndirdiyi bəyanat da əsas verib:
“Siz, baş nazir və bütün komanda Ermənistanın daha parlaq, müstəqil gələcəyinə yol açırsınız. Biz bu baxışa, bu cəsarətə, ölkənin gələcəyi naminə fədakarlığınıza və işləmək əzminizə dəstəyimizi ifadə etməkdən məmnunuq. Bütün bunların bir hissəsi olmaqdan qürur duyuruq. Və birlikdə daha çox iş görməyə hazırıq”.
Dəstəklə bağlı suala cavabında nazir jurnalistlərə bildirib ki, hakim partiyanın reytinqini artırmaq üçün Rubionun səfərinə ehtiyac olduğunu düşünən hər kəs “reallıqdan uzaqdır”.
“Reytinqimiz kifayət qədər yüksəkdir. Ermənistan vətəndaşları ilə birbaşa dialoqumuz var. Daha artığını deyə bilərəm: biz vətəndaşların apardığımız sülh gündəliyinə, demokratikləşməyə və suverenliyin möhkəmləndirilməsinə çox güclü, çox açıq dəstəyini görürük”, -deyə o bildirib.
Şərh
Politoloq Narek Minasyan, xüsusilə, “Ermənistan və ABŞ arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında” xartiyanı şərh edib. Onun fikrincə, sənəd “tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini” göstərir.
Politoloq, xüsusilə, bunları vurğulayıb:
- “2025-ci il sənədi əməkdaşlığın ümumi çərçivəsini müəyyən edirdisə, yeni sənəd onun institusional və proqram arxitekturasını təsbit edir;
- hərtərəfli strateji tərəfdaşlığın əsasını ilk növbədə dəyərlər deyil, faydalar təşkil edir ki, bu da Tramp administrasiyası üçün xarakterikdir;
- TRIPP ikitərəfli əməkdaşlığın infrastruktur dayağına çevrilir;
- ikitərəfli münasibətlər “yardım göstərən – alan” (benefisiar) modelindən yeni, “tərəfdaşlıq” modelinə keçir;
- iqtisadi gündəm yüksək texnologiyalı və strateji sahələrə doğru dəyişir, Ermənistan artıq ABŞ üçün təchizat zəncirinin bir hissəsi kimi nəzərdən keçirilir;
- Ermənistan üçün müxtəlif istiqamətlər üzrə diversifikasiya üçün yeni imkanlar açılır”.
Marko Rubio Yerevanda: imzalanan sənədlər haqqında