Meydan TV işi: "Əgər məhkəmə proseslərində bizim çıxış etməyimizə imkan verilməsə, quru aclığa başlayacağıq"
Xəyalə Ağayeva sərbəst ifadəsi
Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə keçirilən məhkəmə prosesində jurnalist Xəyalə Ağayeva sərbəst ifadəsi ni səsləndirib.
Onun ifadəsi tez-tez hakimlərin etdiyi müdaxilələrlə bölünüb. Sonuncu müdaxilədə hakimlər konvoy əməkdaşlarına Xəyalə Ağayevanın kürsüdən uzaqlaşdıraraq vəkilinin yanına əyləşdirilməsi təlimatı verib. Bu zaman təqsirləndirilən jurnalistlər “Qorxaqlar!” şüarı səsləndirərək etiraz ediblər.
2024-cü il dekabrın 6-da “Meydan TV”-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində açılmış cinayət işi “Meydan TV işi” adlandırılmağa başlayıb. Daha sonra bu işlə bağlı jurnalistlər Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli və Əhməd Muxtar da həbs ediliblər.
Bu ilin avqustunda jurnalistə qarşı ittihamlar ağırlaşdırılıb və işə əlavə maddələr daxil edilib.
“Meydan TV” bəyan edir ki, bu həbslər onların tənqidi fəaliyyətlərinə görədir.
Məhkəmə prosesi başlayarkən Natiq Cavadlı etirazının olduğunu bildirib. O, iki aydır övladlarının ölkə xaricinə getmələri üçün etibarnamə verə bilmədiyini deyib:
“Övladlarım təhsil almağa getməlidirlər. Məhkəmə 2 aydır bir etibarnaməni düzgün qaydada yaza bilmir. Notarius apardığımız etibarnaməni üstümüzə qaytarır ki, bu, çox savadsızca yazılıb. Etibarnamənin düzgün hazırlanmasını dərhal təmin edin!”
Daha sonra Xəyalə Ağayeva sərbəst ifadəsini səsləndirmək üçün kürsüyə gəlib. O, çıxış etməzdən öncə kürsünün yana çevrilməsi üçün məhkəməyə müraciət edib. Jurnalist deyib ki, arxasını məhkəmə prosesini izləməyə gələnlərə çevirərək danışmaq istəmir.
“Bu mümkün deyil. Bura məhkəmədir, təqsirləndirilən şəxslər üzünü hakimə tutaraq danışmalıdırlar”, – hakimlər belə deyiblər.
“Bura bizim üçün məhkəmə deyil, platformadır. Ona görə də kürsüdə istədiyim kimi dayanaraq çıxış edəcəyəm”, – Xəyalə Ağayeva cavabında deyib. Daha sonra o sərbəst ifadəsini səsləndirməyə başlayıb.
“Həbsimdən az əvvəl çəkdiyim, amma yayımlaya bilmədiyim sujet Bayırşəhərlə bağlı idi”
“Bu həftə Bakıda Ümumdünya Şəhərsalma Forumu keçirilir. Xarici ölkələrdən gələn qonaqlar şəhərimizin dekorativ küçələri ilə tanış olur. Ölkə başçısı onlara Bakının tarixinin və memarlıq irsinin qorunmasından danışır. Deyir ki, biz qədim irsimizlə qürur duyuruq. Lakin paytaxtın xatirələrinin necə dağıdılmasından, tarixi binaların yerlə-yeksan edilməsindən sirr vermir.
Onun gizlədiklərindən danışmaq yenə bizə düşür. Həbsimizdən az əvvəl çəkdiyim, amma hakimiyyətin yayımlamağa macal vermədiyi son süjetimiz elə Bayırşəhərlə bağlı idi. Polisin evə basqınla əl qoyduğu görüntülərdə şəhərin məhv edilməsi üçün işarələnmiş tarixi yer alır.
Həmin vaxt Bakını sevməyənlərin üzərinə qara ləkə yaxdığı tarixi binalar sökülmə təhlükəsində idi. Ötən 18 ay ərzində bu mövzu gündəmdən düşmədi. Sakinlər dəfələrlə etiraz etdi, “Bayırşəhəri Qoruyaq” təşəbbüs qrupu söküntülərə mane olmaq üçün prezidentə müraciət etdi. Bütün bu səslərə qulaq qapadıqdan sonra cari ili “Memarlıq İli” adlandırmaq, üstünə bir də şəhərsalma nağılları danışmaq böyük təzaddır”.
Bu zaman yan hakim Vüqar Quliyev müdaxilə edib: “Mahiyyəti üzrə danışın, bura çıxış meydanı deyil”.
Xəyalə Ağayeva mahiyyəti üzrə danışdığını deyərək hakimlərə etiraz edib. Aytac Tapdıq da “siz bizim səsimizi kəsə bilməzsiniz” deyərək yerindən etiraz edib.
“Əliyev diktaturası dövründə ərsəyə gətirdiyimiz alternativ media teoriyası…”
Daha sonra Xəyalə Ağayeva ifadəsini səsləndirməyi davam edib.
“Bu həftə foruma gələn xarici qonaqlar Ağ Şəhərdə gəzdirilərkən Bayırşəhərdə tarix artıq dağıntılar altında idi və biz “Meydan TV”-nin 13 yaşını tikanlı məftillər arxasında qeyd edirdik. Çünki eyni mərkəzdən gələn göstərişlə həbs olunmuşuq və saxta məhkəmə qarşısına çıxarılırıq. Bu məhkəmə prosesi illər ərzində olan çalışmalarımızın meyvəsidir.
Bu proses İlham Əliyev diktaturası dövründə ərsəyə gətirdiyimiz alternativ media teoriyasının praktiki nümayişidir”.
Xəyalə Ağayeva son cümləsini səsləndirdikdən sonra onun mikrofonu söndürülüb. Bu səbəbdən o, bir qədər gözləyib. Mikrofon açıldıqdan sonra yenidən son cümləsini səsləndirərək çıxışına davam edib.
Bu zaman yan hakim Vüqar Quliyev yenidən Ağayevanın sözünü kəsib.
“Qışqıraraq danışmayın. Siz elə danışırsınız ki, elə bil mitinqdə çıxış edirsiniz. Siz qışqırırsınız, bu da bizim səhhətimizə pis təsir edir”.
“Məhkəmədəki çıxışların hansı tonda olması ilə bağlı hər hansı bir qayda var?”, – jurnalist Şəmşad Ağa hakimlərə etiraz edərək soruşub.
“Balaca Heydər hələ 9 yaşında ikən adına 75 milyon dollarlıq Dubay mülkləri alınmışdı”
Xəyalə Ağayeva sərbəst ifadəsini ucadan səsləndirməyə davam edib.
“Biz daim iqtidarın siyasi nəzarət şəbəkəsindən sıyrılmağa və məlumat axınının önünə çəkilən səddi dağıtmağa çalışmışıq. Fəaliyyətimiz hökumətin basqı və manipulyasiyasının gözünə silah tək tuşlanıb.
Problemlərdən danışmaqla problem çıxarmış, YAP hakimiyyətinin azərbaycanlıların səsini tamamilə kəsmək planlarını pozmuşuq. Məramımız ölkənin bütün kəsimlərinə xitab etmək, rəsmilərin yalanlarını ifşa etmək, insanlara layiq olduqları və ehtiyac duyduqları doğru xəbəri çatdırmaq olub. Ölkədəki yarıtmaz və cinayətkar idarəetmədən danışarkən heç bir kəsi öz tənqidimizdən yüksəkdə tutmamışıq.
“Meydan TV” işi bu tənqidi səsin – müstəqil mətbuatın tam bağlanması yolunda Azərbaycan hakimiyyətinin ən yüksək səviyyədə verdiyi növbəti siyasi sifarişdir. Bizdən əvvəl – “AbzasMedia”, “Toplum TV” jurnalistlərinin, müstəqil vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının da başına bənzər repressiv tədbirlər gətirilib.
“Meydan TV işi”ni ittiham tərəfi müxtəlif cinayətlərin strukturunu uğursuz qaydada formalaşdırmağa çalışaraq uydurub. İş materiallarının hər sətri “sifarişdir” deyə çığır-bağır salır. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) “Şerlok Holms”ları bu mütəşəkkil dəstənin əleyhinə heç bir sübut tapmadığı üçün xaricə etdiyimiz səfərləri qaçaqmalçılıq kimi qələmə verməyə çalışıb.
Məsələn, mən 28 yaşıma qədər bütün gediş-gəlişlərimdə sərhəd keçid məntəqəsində yoxlanılmışam və heç bir pozuntu aşkarlanmayıb. Gəlin, sizə orada heç yoxlanılmamış bir şəxsdən danışım.
Mənimlə həmyaşıd balaca Heydər hələ 9 yaşında ikən adına 75 milyon dollarlıq Dubay mülkləri alınmışdı.
Bu, həmin 2006-cı ildə baş verib ki, hökumətimiz ölkədə uşaqpulunun verilməsini dayandırıb. Bəs eyni vaxtda öz uşaqları üçün milyonlarla pulu xaricə necə çıxarmışdılar? Bu qaçaqmalçılıq deyilmi?”.
Bu zaman hakimlər yenidən Xəyalə Ağayevanın çıxışına müdaxilə ediblər.
“Bizim mühakiməmizdə hökumətin sifarişini icra edən dövlət ittihamçısı Ergün Qafarov versin bu sualları Heydər Əliyevə. O artıq böyüyüb, cavab vermək iqtidarındadır”, – Xəyalə Ağayeva çıxışına davam edib.
Hakimlər isə təkrar müdaxilə edərək onun sözünü kəsiblər.
“Hakimiyyət AŞPA deputatlarına 3 milyard dollar rüşvət verib”
O, hakimlərin müdaxiləsinə reaksiya verməyərək ifadəsini səsləndirməyə davam edib.
“Meydan TV-nin və digər müstəqil media mənsublarının çoxsaylı təhqiqatlarında Azərbaycanın ən yüksək vəzifəlilərinin milyonlarla dəyəri olan London mülkləri barədə məlumat verilib.
Prokurorluq əməkdaşları, polislər, hakimlər bu mülklərin hansı vəsaitlər hesabına xaricə çıxarıldığını araşdırıblarmı? Daha doğrusu, heç olmasa bunu düşünmək cəsarətinə sahibdirlərmi?
“Meydan TV”-nin yaydığı digər bir məlumat Azərbaycan hakimiyyətinin Avropa Şurasındakı deputatları pulla ələ almasına həsr olunub. Bu cinayətkar məqsədlər üçün hökumət təribən 3 milyard dollar məbləğində pulu rüşvət qismində deputatlara verib və ləyaqətini satışa çıxaran həmin deputatlar gizli yolla Azərbaycan hökuməti ilə eyni mövqedən çıxış ediblər.
Baş Prokurorluq 3 milyardı ölkədən çıxaranlara sual veribmi ki, həmin pullar onların əlinə necə düşüb və hansı yollarla çıxarılıb?”.
Bu zaman hakimlər yenidən “siz mahiyyəti üzrə danışmırsınız, burda belə danışa bilməzsiniz” – deyərək jurnalistin çıxışına müdaxilə ediblər.
“Bizi İlham Əliyev hakimiyyəti şərləyib, biz də ondan danışacağıq. Kəsin səsinizi, qulaq asın!”, – Aytac Tapdıq hakimlərə etiraz edərək deyib.
Hakimlər Xəyalə Ağayevanın çıxışını davam etdirməsinə imkan verməyiblər.
“Konvoy, onu kürsüdən aparıb yerinə əyləşdir!” – yan hakim Elmin Rüstəmov konvoy əməkdaşına göstəriş verərək deyib. Bu zaman konvoy əməkdaşları kürsüyə yaxınlaşaraq jurnalistin çıxışını davam etdirməsinin qarşısını alıblar.
Təqsirləndirilən jurnalistlər ayağa qalxaraq “Qorxaqlar!” şüarı deməyə, əlləri ilə masalara və şüşə qəfəsə döyəcləməyə başlayıblar. Şüarın səsləndirilməsi fasiləsiz davam etdikdən sonra hakim heyəti heç bir açıqlama vermədən iclas zalını tərk edib.
“Bizim məhkəmələrəmiz süni şəkildə uzadılır. Bütün bunlar məhkəməmizi uzatmaq üçün edilir”, – Ülviyyə Əli zaldakılara üzünü tutaraq deyib.
“Bizi şərləyən İlham Əliyevdir. Bu məhkəmə proseslərində onun adı çəkiləcək və hər kəs də bunu dinləməlidir”, – Fatimə Mövlamlı deyib.
“Əgər məhkəmə proseslərində bizim çıxış etməyimizə imkan verilməsə quru aclığa başlayacağıq”, – Aytac Tapdıq deyib.
Meydan TV işi üzrə son məhkəmə prosesi aprelin 3-də keçirilib. Həmin prosesdən sonra aprelin 17-nə və mayın 1-nə təyin olunan proseslərin hər ikisi təxirə salınıb.
Bu gün keçirilən prosesin isə hansı tarixə təxirə salındığı açıqlanmayıb.
Xəyalə Ağayeva sərbəst ifadəsi