Azərbaycanın XİN rəhbəri: “Dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq”
“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Bu o deməkdir ki, həyati əhəmiyyətli müstəqil quru dəhlizi fəaliyyətə başlaya bilər”, – Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 42-ci iclasında çıxış edib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Qara dəniz ətrafı və Cənubi Balkanın 12 dövlətini (Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna) birləşdirən beynəlxalq təşkilatdır. 1999-cu il mayın 1-də təsis olunub. Katibliyi İstanbulda yerləşir.
“Münaqişələr, uzun sürən xarici işğalçılıq və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhlükə altına qoyur. Bu həm də regional əməkdaşlığı əngəlləyir. Şuranın diqqətinə məmnunluqla çatdırmaq istərdim ki, bu ilin 9 noyabrında Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzaladığı bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni səhifə açdı.
…Münaqişənin həllində yeni mərhələyə, yenidənqurma və reabilitasiya mərhələsi, dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır və QDİƏT yeni reallıqları qiymətləndirməli və onlardan faydalanmalıdır.
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatında əks olunduğu kimi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Bu o deməkdir ki, Asiya ilə Avropa arasında ticarətdə regionumuzun rolunun gücləndirilməsinə imkanlar yaradacaq həyati əhəmiyyətli müstəqil quru dəhlizi fəaliyyətə başlaya bilər, – Bayramov qeyd edib.