Vaksinin bir, yoxsa iki dozası? Azərbaycanda yeni məhdudiyyətlər qüvvəyə minib
Sentyabrın 1-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiyadan keçməyən vətəndaşlar üçün yeni məhdudiyyətlər qüvvəyə minib. Amma səhər vaksinin hər iki dozasını vurdurmayanların qapalı məkanlara buraxılmayacağı elan olunsa da, axşama doğru şərtlər dəyişdi. Hər şey haqda sırası ilə.
- “Bu, Gürcüstan üçün artıq yaşam və ölüm məsələsidir” – həkimlər məhdudiyyətlərə əməl olunmasını tələb edirlər
- İri məbləğdə cərimə, yaxud həbs: Azərbaycanda vaksinasiya tələbləri sərtləşir
- “Uşağın olmayacaq, əvəzində trombun olacaq” – Ermənistanda COVID-19 vaksinasiyası haqda miflər
Avqustun 20-də Azərbaycanın Nazirlər Kabineti yanında koronavirusla mübarizə üzrə Operativ Qərargahın brifinqində 2021-ci il sentyabrın 1-dən karantin rejimi qaydalarında yeni məhdudiyyətlər elan olunmuşdu. Müvafiq olaraq sentyabrın 1-dən COVID-pasportu olmayan vətəndaşların böyük ticarət mərkəzləri, kafe və restoranlara (qapalı məkanlara), mehmanxanalara buraxılması qadağan edilmişdi.
COVID-pasport iki qrup vətəndaşlara verilən elektron sənəddir. Birinci qrup – koronavirusa qarşı vaksinin hər iki dozasını vurduranlar müddətsiz COVID-pasport əldə edir. İkinci qrupa – virusa yoluxmuş və sağalmış insanlara altı aylıq COVID-pasport verilir. Yarım ildən sonra bu şəxslər vaksinasiyadan keçməlidirlər.
DİN-in çoxları üçün gözlənilməz bəyanatı
Avqustun 23-də isə Azərbaycanın Daxili İşlər Nazirliyi vətəndaşları arxayın etdi. DİN-dən bildirildi ki, sentyabrın 1-dən vaksinin ən azı bir dozasını vurduranlar qapalı məkanlara buraxılacaqlar.
Sentyabrın 1-də səhər Daxili İşlər Nazirliyi tam fərqli bəyanatla çıxış etdi: qapalı məkanlara yalnız vaksinin hər iki dozasını alanlar, yəni COVID-pasportu olanlar buraxılacaq.
Sentyabrın 1-də ticarət mərkəzlərinin qarşısında böyük növbələr düzülüb: nəzarətçilər vətəndaşların COVID-pasportalarını yoxlamaqda çətinlik çəkiblər. Hərçənd heç də bütün müəssisələrdə əməkdaşlar vaksinasiyadan keçənlərin elektron sənədinin QR-kodunu yoxlamaq üçün xüsusi proqramla təchiz edilib və bu cür kafe və restoranlarda COVID-pasportun çap edilmiş kağız versiyasını tələb ediblər.
Kazussuz da ötüşməyib. Bakı sakini Eşqin Əliyev Bakının mərkəzində yerləşən ticarət mərkəzində vaksinasiyadan keçmək üçün növbəyə yazılıb (vaksinasiya məntəqələri bəzi böyük ticarət mərkəzlərində də təşkil olunub). Amma COVID-pasport təqdim edə bilmədiyi üçün Əliyevi ticarət mərkəzinə buraxmayıblar.
Axşam nə baş verib?
Sosial şəbəkə istifadəçiləri sentyabrın 1-də səhər bu qərardan narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, qərar avqustun 20-də qəbul edilib və sentyabrın 1-ə qədər onlar istəsəydilər də vaksinin hər iki dozasını vurdura bilməzdilər.
Axşama doğru Azərbaycan prezidentinin köməkçisi, Operativ Qərargah üzvü Şahmar Mövsümov Daxili İşlər Nazirliyinin səhərki məlumatından tam fərqlənən bəyanatla çıxış edib.
Mövsümov qeyd edib ki, sentyabrın 1-dən vaksinin ən azı bir dozasını vurduran vətəndaşlar ictimai iaşə müəssisələrinin qapalı məkanlarına və ticarət mərkəzlərinə buraxılacaqlar. Oktyabrın 1-dən isə ikinci doza da mütləq olacaq.
Bu xəbər sosial şəbəkələrdə sürətlə yayılıb. Amma nəticədə kimin bəyanatı həlledici olacaq – Daxili İşlər Nazirliyinin, yoxsa prezident köməkçisinin – hələlik məlum deyil.
Müxalifət etiraz edir
“Bu gündən “kovid-pasport”larla bağlı Konstitutsiyaya zidd, vətəndaşların bərabərlik hüququnu pozan qaydalar qüvvəyə minib.
Tam əminəm ki, bu mənasız qaydalar tezliklə ləğv ediləcək, hələ ki, qüvvədədir, heç olmasa, qaydalara doğru əməl edilməsini tələb edək. Məsələn, kafe və restoranların ancaq qapalı hissələrində “kovid-pasport” tələb edilə bilər – açıq havada olan masalarda əyləşmək üçün bu mənasız tələb qoyula bilməz!
Hüquqi prosedur başlamışıq, bu qayda ilə bağlı Konstitutsiya Məhkəməsinə sorğu verəcəyik, görək necə izah edəcəklər. Belə bir müraciət hüquq üçün, tarix üçün lazımdır”, – müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli Facebook səhifəsində yazıb.