Saakaşvili Zelenskiyə “temperamentinə görə” uyğun gəlib? Gürcüstanın eks-prezidenti Ukraynada yüksək vəzifəyə təyin olunur
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynada vəzifəyə təyin ediləcəyini təsdiqləyib.
Saakaşvili DW-in (“Almaniya dalğası”) Ukrayna xidmətinə müsahibəsində bildirib ki, o, Ukrayna prezidenti yanında Milli İslahatlar Şurasının icra komitəsinin rəhbəri vəzifəsində çalışacaq.
Eyni zamanda Saakaşvili bu vəzifəyə təyin olunacağı dəqiq tarixi bildirməyib.
- Şərh: Saakaşvilinin Ukraynaya üçüncü gəlişi
- “Gürcü” Saakaşvilinin “ukraynalıdan” dörd fərqi
- Ukraynalılar hakimiyyətlə zarafat edib. Ukraynada komik aktyorun necə prezident ola bildiyi və onunla bağlı gözləntilər haqda reportaj
“(Ukrayna prezidenti Vladimir) Zelenski Saakaşvilidən katalizator kimi istifadə etmək istəyir ki, hökumət daha sürətlə işləməyə başlasın, islahatlara daha çox köklənsin, daha səmərəli olsun”, – ukraynalı politoloq Vladimir Fesenko “Hromadske” teleşirkətinin efirində bildirib.
Fesenko hesab edir ki, Saakaşvili “temperamentinə görə” Zelenskiyə uyğun gəlib. Eyni zamanda politoloq qeyd edib ki, Saakaşvilinin Zelenskinin nəyinə lazım olduğu haqda çox versiyalar mövcuddur. Bu versiyalardan biri – nüfuzlu daxili işlər naziri Arsen Avakovla “bərabərləşmək” cəhdindən ibarətdir. Amma Fesenko özü hesab edir ki, əgər Zelenskinin belə bir motivi varsa da, bu, ikinci dərəcəlidir.
Daha əvvəl Saakaşvilinin baş nazirin müavini vəzifəsinə namizədliyi nəzərdən keçirilirdi. Amma Ukrayna mediasının məlumatına əsasən, Ali Radada ilkin məsləhətləşmələr zamanı bu qərar parlament çoxluğuna daxil olan deputatlar tərəfindən kifayət qədər dəstək almayıb.
Gürcüstanın hazırki hakimiyyəti Mixail Saakaşvilinin Ukraynada rəsmi vəzifəyə təyin edilməsinin əleyhinə çıxış edir. Tbilisi nümayəndələrinin bəyanatlarına görə, Gürcüstanda haqqında bir neçə ittiham hökmü çıxarılmış şəxsin Ukraynada vəzifəyə təyin olunması qəbuledilməzdir.
Ukraynanın əvvəlki prezidenti Petro Poroşenko dövründə Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığı verilmişdi, əvvəlcə o, prezidentin müşaviri, daha sonra isə Odessa vilayətinin qubernatoru təyin edilmişdi. Bir müddət keçəndən sonra isə Saakaşvili hakimiyyəti korrupsiyada günahlandıraraq istefa vermiş və etiraz aksiyaları təşkil etməyə çalışmışdı. Buna cavab olaraq Gürcüstanın keçmiş prezidenti Ukrayna vətəndaşlığından məhrum edilmiş və ölkədən qovulmuşdu.
Saakaşvili 2019-cu ildə baş verən hakimiyyət dəyişikliyindən sonra Ukraynaya qayıda bilib. Prezident Zelenski onun vətəndaşlığının bərpa edilməsi haqda fərman verib.
Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlişi və əsas nailiyyətləri haqda JAMnews-un materialında – “Mixail Saakaşvili haqda gürcülərə vermək istədiyiniz 6 sual”