"Tortu bizsiz bölüşdürəcəklər". Analitikin Gürcüstanın xarici siyasəti haqqında rəyi
Gürcüstan və Rusiya arasında münasibətlər
Analitik Paata Zakareişvilinin fikrincə, xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvilinin Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi təyin edilməsi Kremlə Gürcüstan Xarici İşlər Nazirliyi ilə birbaşa siyasi əlaqə üçün yeni kanal yaratmaq imkanı verir. Bu isə mövcud danışıqlar formatlarının zəifləməsinə zəmin yarada bilər.
Rusiya artıq yeni xüsusi nümayəndə Giorgi Zurabaşvili ilə əlaqə yaradıb. Danışıqlarda onun rusiyalı həmkarı Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin olacaq. Rusiya tərəfinin məlumatına görə, danışıqların əsas mövzuları iki ölkə arasında ticarət dövriyyəsinin və turizmin artması, nəqliyyat əlaqələrinin genişləndirilməsi və mədəni mübadilələr olacaq.
Paata Zakareişvili xüsusi nümayəndə institutunun Xarici İşlər Nazirliyinin strukturuna daxil edilməsini təhlükəli qərar hesab edir. Onun fikrincə, Baş nazirin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi xarici siyasət idarəsində çalışan yüksəkvəzifəli məmur deyil, müstəqil şəxs olmalıdır.
“Gürcüstan və Rusiya 2008-ci ilin avqust müharibəsindən sonra diplomatik münasibətlər saxlamır. Eyni zamanda, Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi və iki ölkə arasında mövcud siyasi qarşıdurma münasibətlər üçün xüsusi formatın olmasını tələb edir.
Məhz bu şərait nəzərə alınaraq Karasin-Abaşidze formatı yaradılmışdı. Həmin format çərçivəsində Gürcüstanın əvvəlki xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşürdü”, – deyə analitik bildirib.
Zakareişvilinin qiymətləndirməsinə görə, bu formatın əsas əhəmiyyəti ondan ibarət idi ki, Rusiya ilə praktiki məsələlər üzrə danışıqlar münaqişələrlə bağlı mövzulardan ayrı aparılırdı, Gürcüstan Xarici İşlər Nazirliyi isə beynəlxalq danışıqlar çərçivəsində öz mövqeyini ifadə edə bilirdi.
“Rusiya daim Gürcüstanla diplomatik münasibətlərin bərpa olunmasının zəruriliyindən danışır. Gürcüstan hakimiyyəti isə bu məsələdə susur. Belə bir şəraitdə qəfildən Rusiyanın xeyrinə addım atıldı. Çünki Rusiya Gürcüstan Xarici İşlər Nazirliyinə “ayağını uzatmaq” və nazirin birinci müavini ilə danışıqlar aparmaq istəyir”, – deyə Zakareişvili bildirib.
Onu xüsusilə narahat edən məsələ Cenevrə Beynəlxalq Müzakirələri formatının mümkün zəifləməsidir. 2008-ci il müharibəsindən sonra yaradılmış bu danışıqlarda Gürcüstan, Rusiya və ABŞ nümayəndələri ilə yanaşı, Avropa İttifaqı və ATƏT də iştirak edir. Zakareişvili hesab edir ki, Gürcüstan hakimiyyətinin yeni addımları zamanla birbaşa ikitərəfli əlaqələrə üstünlük verilməsi və beynəlxalq formatın əhəmiyyətinin azaldılması ilə nəticələnə bilər.
Analitikin fikrincə, Gürcüstanın Cenevrə danışıqlarındakı nümayəndəsi Laşa Darsaliyanın dəyişdirilməsi də bu prosesdə simvolik məna daşıyır. Zakareişvilinin qiymətləndirməsinə görə, Darsaliya danışıqlarda Gürcüstanın mövqeyini aydın ifadə edir və Rusiyanın hərəkətlərini qiymətləndirərkən “işğal” terminindən fəal istifadə edirdi.
“Vaxt gələcək və yeni bir nəğmə oxumağa başlayacaqlar: Gürcüstan Xarici İşlər Nazirliyi onsuz da Rusiya ilə işləyir, Cenevrə bizə nəyə lazımdır?! Onlar ilk növbədə gözümüzün qarşısında zəifləyən Cenevrə formatını daha da zəiflətmək istəyirlər”, – deyə Zakareişvili proqnozlaşdırır.
Onun qiymətləndirməsinə görə, Giorgi Zurabaşvili ilə Mixail Qaluzin arasında ilk görüşün harada keçiriləcəyi də xüsusi əhəmiyyət daşıyacaq. Analitik Moskvada keçiriləcək görüşü fəlakətli siyasi addım hesab edir. Çünki bu, Rusiyaya prosesə nəzarət etdiyini simvolik şəkildə nümayiş etdirmək imkanı verəcək.
Zakareişvilinin fikrincə, görüş üçün ən məntiqli məkan Karasin və Abaşidzenin illərlə görüşdüyü Praqadır.
“Rusiyaya uğur rəmzləri lazımdır. Görüş Moskvada keçirilərsə, bununla verilən mesaj o olacaq ki, prosesi Rusiya idarə edir. Buna isə heç bir halda yol vermək olmaz”, – deyə analitik bildirib.
Zakareişvili Gürcüstan hakimiyyətinin Rusiya ilə münasibətlərə yeni yanaşmasını ölkənin Qərbə inteqrasiya kursunun dəyişməsi ilə də əlaqələndirir. Onun qiymətləndirməsinə görə, ölkə rəhbərliyinin siyasəti tədricən Avropa İttifaqı və NATO-dan uzaqlaşır. Bununla yanaşı, hakimiyyət Moskva ilə birbaşa inteqrasiya və əməkdaşlıq üzrə rəsmi öhdəliklər götürmədən Rusiya ilə münasibətlər qurmağa çalışır.
Analitik bu kontekstdə Gürcüstan Konstitusiyasının 78-ci maddəsinin mümkün ləğvini də nəzərdən keçirir. Həmin maddə dövlət orqanlarının ölkənin Avropa İttifaqına və NATO-ya tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirləri görmək öhdəliyini təsbit edir.
Zakareişvilinin fikrincə, müxalifət partiyalarının qadağan edilməsi təşəbbüsü və Gürcüstan hakimiyyətinin konstitusiya çoxluğu əldə etmək istəyi daha geniş siyasi prosesin tərkib hissəsidir. Bu proses nəticəsində ölkənin Qərbə inteqrasiyası ideyasının institusional əsasları sarsıdıla bilər.

“Bidzina İvanişvili Rusiyanın layihəsi deyil, Rusiya İvanişvilinin layihəsidir. Lakin hazırda bu vəziyyət Rusiyanı qane edir. İndi Rusiyanın başı Gürcüstana qarışacaq halda deyil. Gürcüstan məsələsində Rusiya deyil, İvanişvili Rusiya üçün işləyir”, – deyə Zakareişvili bildirib.
Onun qiymətləndirməsinə görə, Gürcüstan hakimiyyətinin Kremlə verdiyi mesaj belədir: Gürcüstan artıq Avropa İttifaqı və NATO istiqamətində irəliləmək niyyətində deyil, lakin Rusiyanın yaratdığı siyasi və iqtisadi birliklərə qoşulmağı da planlaşdırmır. Zakareişvilinin fikrincə, hakimiyyət bu yanaşma ilə həm siyasi manevr imkanlarını qorumağa, həm də açıq şəkildə Rusiyaya yönəlməyin cəmiyyətdə yarada biləcəyi narazılıqdan yayınmağa çalışır.
Analitik hesab edir ki, hakimiyyətin hazırkı siyasəti davam edərsə, Bidzina İvanişvilinin siyasi təsirinin sona çatacağı vaxta qədər Gürcüstanda Aİ və NATO-ya üzvlük ideyası xeyli zəifləyə, siyasi meydanda isə neytrallığın tərəfdarı olan qruplar üstünlük qazana bilər.
Brüsseldən uzaqlaşma və Gürcüstanın tranzit rolunun zəifləməsi təhlükəsi
Zakareişvilinin tənqid etdiyi digər mühüm məsələ Gürcüstanın Brüsseldə keçirilmiş təhlükəsizlik və qarşılıqlı əlaqələrə həsr olunmuş nazirlər görüşündə iştirak etməməsidir.
Görüşdə Avropa İttifaqının, Mərkəzi Asiya ölkələrinin, Ermənistanın və Azərbaycanın nümayəndələri iştirak ediblər. Zakareişvili Gürcüstanın bu görüşdə iştirak etməməsini sadəcə diplomatik səhv deyil, həm də ölkənin uzunmüddətli iqtisadi və geosiyasi maraqları baxımından ciddi itki kimi qiymətləndirir.
Onun sözlərinə görə, qarşılıqlı əlaqələrə həsr olunmuş nazirlər görüşündə Avropa İttifaqının genişlənməsi məsələsi müzakirə edilmirdi. Əsas mövzu regionda nəqliyyat, enerji və iqtisadi əlaqələrin inkişafı idi. Gürcüstan coğrafi mövqeyinə görə bu prosesdə mühüm rol oynaya bilərdi.
Avropa Komissiyasının 2026-cı il üzrə genişlənmə hesabatına əsasən, Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi hələ də dayandırılmış vəziyyətdədir və ölkənin vəziyyəti ötən illə müqayisədə daha da pisləşib. Avropa Komissiyasının qiymətləndirməsinə görə, hesabat dövründə Gürcüstan hakimiyyəti ölkənin Aİ-yə üzvlük prosesinin davam etdirilməsi üçün müəyyən edilmiş doqquz tövsiyənin yerinə yetirilməsi istiqamətində heç bir addım atmayıb.
Zakareişvili diqqəti beynəlxalq nəqliyyat və ticarət marşrutlarının daim dəyişməsinə yönəldir. Onun fikrincə, müvafiq danışıqlarda iştirak etməyən ölkə nəticədə hətta öz coğrafi üstünlüklərindən istifadə etmək imkanını da itirə bilər.
“Gürcüstan iştirak etmirsə, onun yerinə başqası iştirak edir və payı da başqası bölüşdürür! Ziyafətə gəlməsən, ziyafət buna görə baş tutmamış qalmayacaq. Sənin yeməli olduğun tort dilimini başqası yeyəcək”, – deyə o bildirib.
Analitikin qiymətləndirməsinə görə, Gürcüstan Ermənistan üzərindən yeni nəqliyyat dəhlizinin, o cümlədən Cənubi Qafqazın tranzit coğrafiyasını əhəmiyyətli dərəcədə dəyişə biləcək “Tramp marşrutu” adlanan layihənin inkişafına xüsusi diqqət yetirməlidir.
Zakareişvili narahatdır ki, Gürcüstan regional nəqliyyat və kommunikasiya layihələrində fəal iştirak etməsə, beynəlxalq yükdaşımaların əhəmiyyətli hissəsi ölkədən yan keçən marşrutlara yönələ bilər. Bu halda Gürcüstan Qara dəniz limanlarının, dəmir yolunun, boru kəmərlərinin və “Şərq-Qərb” tranzit dəhlizinin onilliklər ərzində ölkəyə qazandırdığı iqtisadi və siyasi üstünlükləri itirəcək.
Analitik Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə tarixi paralel aparır. Onun sözlərinə görə, Ermənistanın o dövrdə qəbul etdiyi siyasi qərarlar nəticəsində bu layihələr Gürcüstan üzərindən həyata keçirilib. Lakin bu gün vəziyyət dəyişə bilər: regionda yeni marşrutların inkişafı Ermənistana Gürcüstandan yan keçməklə tranzit ölkəyə çevrilmək imkanı yarada bilər.
Zakareişvilinin qiymətləndirməsinə görə, bu prosesdə Türkiyənin rolu xüsusilə mühüm olacaq. Yeni marşrutların inkişafı və nəqliyyat axınlarının yenidən bölüşdürülməsi Türkiyə limanlarının və Aralıq dənizi istiqamətinin əhəmiyyətini artıra bilər. Bu isə Gürcüstanın Qara dəniz limanlarının rəqabət qabiliyyətinə təsir göstərəcək.
“Nə qədər ki, boru kəmərləri və limanlar mövcuddur, Gürcüstanın haradasa iştirak etmək, hansısa qapıdan ayağını içəri qoymaq və tortdan pay ala bilməsə də, heç olmasa, masa arxasında bir stul əldə etmək şansı var, buyurub bu proseslərdə iştirak etsinlər. Əks halda, proseslər Gürcüstan olmadan davam edəcək!”, – deyə Zakareişvili bildirib.
Onun fikrincə, hakimiyyətin ölkənin ləyaqətini və suverenliyini qorumaq bəhanəsi ilə beynəlxalq görüşlərdə iştirakdan imtina etməsi əslində Gürcüstanın iqtisadi maraqlarına zərər vura bilər.
“Aİ-yə namizəd statusu formal xarakter alır”
Zakareişvili Gürcüstanın Brüsseldən uzaqlaşmasının əsas səbəblərindən biri kimi hakimiyyətin Avropa İttifaqı ilə siyasi dialoqu dayandırmaq qərarını göstərir.
2024-cü ilin noyabrında Baş nazir İrakli Kobaxidze bəyan edib ki, Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük danışıqlarının başlanması məsələsini gündəmə gətirməyəcək. Bu qərardan əvvəl Aİ Gürcüstanın üzvlük prosesini faktiki olaraq dayandırmış, hakimiyyətin siyasətinə qarşı tənqidlər isə güclənmişdi.
Zakareişvili hesab edir ki, Gürcüstan hakimiyyəti Avropa İttifaqının müəyyən etdiyi şərtləri yerinə yetirmək əvəzinə, siyasi qarşıdurma yolunu seçib. Onun sözlərinə görə, namizəd statusunun olması özlüyündə üzvlük prosesində irəliləyiş demək deyil və ölkə konkret öhdəlikləri yerinə yetirməlidir.
Analitik buna nümunə olaraq Avropa İttifaqına yaxınlaşma prosesində müvafiq islahatları davam etdirən Ukrayna, Moldova, Albaniya və Monteneqronu göstərir.
“Avropa İttifaqı ‘Gürcüstana üzv olmaq istəyirəm’ deyə ərizə yazmayıb. Gürcüstan Aİ-yə üzv olmaq istədiyini bildirib. Avropa İttifaqına üzv olmaq istəmək çox yaxşıdır, amma Aİ-nin standartlarının, iqtisadiyyatının və münasibətlər sisteminin necə olduğuna baxmaq lazımdır. Aİ-nin şərtləri arasında məhkəmə sistemi, deoliqarxizasiya və hakim ‘Gürcü Arzusu’ partiyasının xoşuna gəlməyən bir çox başqa məsələlər var”, – deyə Zakareişvili bildirib.
Onun qiymətləndirməsinə görə, Avropa İttifaqının Gürcüstana siyasi diqqətinin azalması yalnız diplomatik münasibətlərin pisləşməsi ilə məhdudlaşmır. Ölkə coğrafi mövqeyinin və tranzit potensialının əvvəllər ona mühüm üstünlük qazandırdığı regional proseslərdən də tədricən kənarda qala bilər.
Analitik xəbərdarlıq edir ki, Gürcüstanın beynəlxalq rolu təkcə coğrafi mövqeyi ilə müəyyən olunmur. Xəritədə tranzit dəhlizinin bir hissəsi olmaq mümkündür, lakin real iqtisadi və siyasi fayda əldə etmək üçün regionun gələcək nəqliyyat, enerji və müdafiə arxitekturasının formalaşdığı proseslərdə iştirak etmək lazımdır. Əks halda, Gürcüstan elə bir vəziyyətlə üzləşə bilər ki, onun yaxınlığında yeni siyasi və iqtisadi əlaqələr qurular, ölkənin özü isə bu proseslərdən kənarda qalar.
Gürcüstan və Rusiya arasında münasibətlər