Avropa Komissiyası: Gürcüstanın Aİ-yə inteqrasiya prosesi dayandırılıb, son bir ildə vəziyyət daha da pisləşib
Aİ-nin Gürcüstanla bağlı mənfi qiymətləndirməsi
Avropa Komissiyası noyabrın 4-də Aİ-nin genişlənmə prosesi ilə bağlı 2026-cı il üzrə hesabatını dərc edib. Hesabatda bildirilir ki, Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi hələ də dayandırılmış vəziyyətdədir və ölkədə vəziyyət ötən illə müqayisədə daha da pisləşib.
Avropa Komissiyasının qiymətləndirməsinə görə, hesabat dövründə Gürcüstan hakimiyyəti Aİ-yə üzvlüyə namizəd statusu almış ölkə üçün inteqrasiya prosesinin davam etdirilməsi şərti kimi müəyyən edilmiş doqquz tövsiyənin yerinə yetirilməsi istiqamətində heç bir addım atmayıb.
Siyahıya aşağıdakı tövsiyələr daxil idi:
- Dezinformasiya ilə mübarizə: Aİ-yə və onun dəyərlərinə qarşı yönəlmiş informasiya manipulyasiyalarına qarşı tədbirlərin görülməsi.
- Aİ-nin xarici siyasətinə uyğunlaşma: Gürcüstanın xarici siyasət və təhlükəsizlik siyasətinin Avropa İttifaqının qərarlarına və siyasi kursuna uyğunluq səviyyəsinin artırılması.
- Ölkədə siyasi qütbləşmənin aradan qaldırılması, o cümlədən parlamentdə siyasi partiyaların inklüziv və birgə fəaliyyətinin təmin edilməsi.
- Beynəlxalq standartlara uyğun azad və ədalətli seçkilərin keçirilməsinin təmin edilməsi.
- Parlamentin rolunun və dövlət institutları üzərində nəzarətinin gücləndirilməsi, həmçinin həmin institutların müstəqilliyinin təmin edilməsi.
- Məhkəmələrin tam müstəqilliyini və qərəzsizliyini təmin etmək məqsədilə hərtərəfli məhkəmə islahatının həyata keçirilməsi.
- Korrupsiya ilə mübarizə, o cümlədən antikorrupsiya qurumlarının səmərəliliyinin və müstəqilliyinin artırılması.
- Deoliqarxizasiya: özəl maraqların ölkənin iqtisadi, siyasi və ictimai həyatına həddindən artıq təsirinin aradan qaldırılması.
- Vətəndaşların və həssas əhali qruplarının fundamental hüquqlarının müdafiəsi standartlarının yaxşılaşdırılması.
Avropa Komissiyası hesabatda bunun əksinə olan proseslərin baş verdiyini bildirir:
- Demokratik institutların zəifləməsi,
- Siyasi və vətəndaş azadlıqlarının məhdudlaşdırılması,
- Məhkəmə sisteminin müstəqilliyi ilə bağlı problemlər,
- Müxalifət partiyalarının qadağan edilməsinə cəhdlər,
- Korrupsiya ilə mübarizədə irəliləyişin olmaması.
Komissiya həmçinin Gürcüstanın Rusiyaya qarşı sanksiyalara tam qoşulmadığını, bunun əvəzində Rusiya ilə birbaşa aviareyslərin sayının artdığını və Gürcüstan şirkətlərinin Aİ-nin sanksiya siyahılarına daxil edildiyini qeyd edir.
Demokratik geriləmənin davam etməsi səbəbindən Avropa Komissiyası fundamental islahatlarla bağlı sahələr istisna olmaqla, Gürcüstana Aİ-yə üzvlük danışıqlarının fəsilləri üzrə yeni tövsiyələr verməyəcək.
Noyabrın 4-də Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski hesabatı rəsmi şəkildə Gürcüstan hakimiyyətinin nümayəndələrinə təqdim edib. Sənədi xarici işlər nazirinin müavini Giorgi Zurabaşvili qəbul edib. O, noyabr ayında baş nazirin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi təyin edilib.
Müxalifətin qadağan edilməsi cəhdi haqqında
Avropa Komissiyasının hesabatındakı ən sərt qiymətləndirmələrdən biri hakim partiyanın beş müxalifət partiyasının qadağan edilməsi tələbi ilə qaldırdığı iddia üzrə Konstitusiya Məhkəməsində aparılan proseslə bağlıdır.
“Gürcü Arzusu” iddia edir ki, bu partiyalar Konstitusiyanın 23-cü maddəsini pozublar. Həmin maddə ölkədə konstitusiya quruluşunu devirməyi və ya zorakılıq yolu ilə dəyişdirməyi qarşısına məqsəd qoyan partiyaların fəaliyyətini qadağan edir. Hakim partiyanın arqumentlərindən biri müxalifət partiyalarının hazırkı hakimiyyətin legitimliyini tanımaqdan imtina etməsidir. İddia ərizəsində həmin partiyalar hakimiyyəti devirməyə cəhdlərin təşkilində də ittiham olunur.
Avropa Komissiyasının bəyanatına görə, Konstitusiya Məhkəməsində aparılan bu proses Gürcüstanda demokratiyanın fundamental əsaslarına təhlükə yaradır. Məhkəmə sistemindən siyasi məqsədlər üçün mümkün istifadə də ciddi narahatlıq doğurur.
2025-ci ilin oktyabrında keçirilmiş bələdiyyə seçkilərindəki problemlər haqqında
Avropa Komissiyası qeyd edir ki, hakimiyyət uzun illər ərzində verilən tövsiyələrə baxmayaraq, seçki sistemində fundamental islahat həyata keçirməyib.
Hesabata əsasən, 2025-ci ilin oktyabrında keçirilmiş bələdiyyə seçkiləri kəskin siyasi qütbləşmə və repressiyalar şəraitində baş tutub. Bu isə seçki prosesinin rəqabətliliyinə və şəffaflığına ciddi zərbə vurub.
Komissiya hakim partiyaya üstünlüklər verən qanunvericilik dəyişikliklərinə, müxalifət partiyalarının əksəriyyətinin seçkiləri boykot etməsinə, qərəzsiz seçki administrasiyasının olmamasına, seçicilərə təzyiq və hədə-qorxu hallarına diqqət çəkir.
Seçkilərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, eləcə də nüfuzlu müşahidə təşkilatlarının nümayəndələri iştirak etməyiblər.
Vətəndaş cəmiyyəti nümayəndələrinin təqib edilməsi və məhkəmə sisteminin müstəqilliyi ilə bağlı problemlər
Hesabatda vətəndaşların siyasi həyatda iştirakına dair yeni qanunvericilik məhdudiyyətləri xüsusi vurğulanır. Avropa Komissiyasının qiymətləndirməsinə görə, bu dəyişikliklər plüralizm və demokratiya sahəsində beynəlxalq standartlara ziddir.
Avropa Komissiyası cinayət qanunvericiliyindən vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı istifadə olunmasından narahatlığını ifadə edir.
Hesabatda “sabotaj”, “xarici təşkilatlara düşmənçilik fəaliyyətində yardım göstərmək”, “konstitusiya quruluşuna qarşı yönəlmiş fəaliyyətin maliyyələşdirilməsi” və “dövlət maraqlarına zərər vurmaq” ittihamları ilə cinayət işləri üzrə istintaqların başlanmasından bəhs olunur.
Avropa Komissiyasının qiymətləndirməsinə görə, bu cür addımlar demokratik plüralizm prinsiplərinə ziddir.
Hesabatda açıq şəkildə bildirilir ki, belə yanaşma Aİ-yə inteqrasiya prosesi ilə bir araya sığmır.
Hesabata əsasən, məhkəmə sisteminin müstəqilliyinə, qərəzsizliyinə və bütövlüyünə hələ də ciddi xələl dəyib.
Avropa Komissiyası etiraz aksiyalarının iştirakçılarına çıxarılan sərt və qeyri-mütənasib hökmlərə diqqət çəkir. Komissiyanın fikrincə, bu, məhkəmə sistemindən repressiv mexanizmin həyata keçirilməsi üçün alət kimi istifadə olunduğuna dair şübhələr yaradır.
Hesabatda bildirilir ki, 2025-ci ilin dekabrında məhkəmə sisteminin qanunvericilik bazasına edilən dəyişikliklər onun müstəqilliyini daha da zəiflədib və məhkəmə sisteminin hakimiyyətə tabe etdirilməsi riskini artırıb.
Korrupsiya ilə mübarizədə irəliləyişin olmaması haqqında
Avropa Komissiyasının qiymətləndirməsinə görə, Gürcüstan əvvəllər korrupsiya ilə mübarizədə müəyyən səviyyəyə nail olsa da, hesabat dövründə bu istiqamətdə irəliləyiş qeydə alınmayıb.
Hesabatda qeyd olunur ki, 2020-ci ildən bəri ölkədə antikorrupsiya strategiyası və fəaliyyət planı yoxdur.
Bundan əlavə, qanunvericilik bazasında müstəqil məşvərətçi orqanın fəaliyyəti nəzərdə tutulmur, məlumat verən şəxslərin müdafiəsinə dair qanunvericiliyin isə Aİ standartlarına daha da uyğunlaşdırılmasına ehtiyac var.
Antikorrupsiya Bürosu ləğv edilib, onun korrupsiyanın qarşısının alınması ilə bağlı funksiyaları isə Dövlət Audit Xidmətinə ötürülüb. Avropa Komissiyasının qiymətləndirməsinə görə, bu dəyişikliklər zamanı GRECO-nun və Venesiya Komissiyasının həmin funksiyaların səmərəliliyi və institusional müstəqilliklə bağlı tövsiyələri nəzərə alınmayıb.
Komissiya xəbərdarlıq edir ki, yeni modelin səmərəsiz işləməsi riski mövcuddur.
Hesabatda müsbət məqam kimi qeyd olunur ki, hesabat dövründə vəzifəli şəxslərin əmlak bəyannamələri üzərində monitorinq əhəmiyyətli dərəcədə genişləndirilib, həmçinin korrupsiya ilə mübarizə çərçivəsində baxılan işlərin sayı artıb.
Bununla yanaşı, Avropa Komissiyası bu problemə seçici yanaşmadan narahatlığını ifadə edir.
Prokurorluğun muxtariyyətinə və məhkəmələrin müstəqilliyinə təminat verilməsi ilə bağlı uzun illər ərzində irəli sürülən tövsiyələr də yerinə yetirilməyib.
Deoliqarxizasiya
Hesabata əsasən, bu istiqamətdə heç bir addım atılmayıb.
Avropa Komissiyası qeyd edir ki, dərin kök salmış oliqarx təsiri sistemi dövlət institutlarının ələ keçirilməsinə şərait yaradır və demokratik konsolidasiyaya mane olur.
Vizasız rejim: tövsiyələr yerinə yetirilməyib
Avropa Komissiyasının hesabatının mühüm bölmələrindən biri Gürcüstan vətəndaşları üçün vizasız rejimə həsr olunub.
Avropa Komissiyasının qiymətləndirməsinə görə, Gürcüstan vizasız rejimin dayandırılması mexanizmi çərçivəsində əvvəlki hesabatda əksini tapmış tövsiyələrin demək olar ki, heç birini yerinə yetirməyib.
Tövsiyələr əsasən fundamental hüquqların müdafiəsi, ayrı-seçkilik və korrupsiya ilə mübarizə məsələlərini əhatə edirdi.
Avropa Komissiyası müəyyən edib ki, 2025-ci ilin iyulunda aparılmış rəsmi yoxlamadan sonra Gürcüstan hakimiyyəti zəruri düzəldici tədbirlər görməyib. Əksinə, Gürcüstanın fundamental azadlıqların müdafiəsi sahəsində öhdəliklərinə zidd olan əlavə məhdudlaşdırıcı qanunlar qəbul edilib.
Bu halları nəzərə alan Avropa Komissiyası 2026-cı il martın 6-dan etibarən ilkin olaraq 12 ay müddətinə Gürcüstanla vizasız rejimin dayandırılması üzrə yenilənmiş mexanizmi işə salıb.
İlk mərhələdə bu mexanizm diplomatik, xidməti və rəsmi pasport sahiblərinə şamil olunub.
2026-cı ilin iyununda Gürcüstanla geniş müzakirələr aparılıb. Lakin hesabata əsasən, bu dialoq Aİ-nin narahatlığına və vizasız rejimin dayandırılması mexanizminin işə salınmasına səbəb olan məsələlərdə irəliləyişə gətirib çıxarmayıb.
Rusiya, sanksiyalar və Gürcüstanın xarici siyasəti
Avropa Komissiyasının hesabatına əsasən, Gürcüstanın Aİ-nin xarici siyasət bəyanatlarına və məhdudlaşdırıcı tədbirlərinə qoşulma səviyyəsi 40 faizdən 38 faizə enib.
Gürcüstan Aİ-nin Rusiya, Belarus və İrana qarşı tətbiq etdiyi sanksiyaların əksəriyyətinə qoşulmur. Hesabatda Gürcüstanla Rusiya arasında birbaşa aviareyslərin sayının əhəmiyyətli dərəcədə artdığı da vurğulanır.
Aİ-nin 21-ci sanksiyalar paketi çərçivəsində Kulevidəki neft emalı zavodunda Rusiya neftinin ticarəti və emalı ilə bağlı əməliyyatlar qadağan edilib.
Zavoda bu fəaliyyətin dayandırılması üçün altı aylıq keçid dövrü verilib. Alternativ neft mənbələrinə keçid halında və bu prosesə müvafiq monitorinqin aparılması şərtilə istisnaya yol verilə bilər.
Hesabatda qeyd olunur ki, Rusiya nefti zavodun idxal etdiyi xammalın ən böyük mənbəyinə çevrilib.
Sanksiya siyahısına həmçinin Gürcüstanda qeydiyyatdan keçmiş və ya son dövrlərdə ölkədə fəaliyyət göstərmiş üç kriptovalyuta xidməti təminatçısı daxil edilib.
Aİ-nin maliyyə yardımı və Avropa proqramları
Demokratik geriləmə səbəbindən Avropa İttifaqı Gürcüstan üçün nəzərdə tutulan maliyyə yardımını da azaldıb.
2024-cü ildən etibarən Aİ-nin “2021–2027-ci illər üçün Qonşuluq, İnkişaf və Beynəlxalq Əməkdaşlıq Aləti” çərçivəsində birbaşa Gürcüstan hakimiyyətinə ayrılmış 121,3 milyon avro məbləğində ikitərəfli maliyyələşdirmə dayandırılıb.
Bundan əlavə, 2024-cü ildən Gürcüstanın Aİ-nin yeni proqramlarına qoşulması da dayandırılıb.
Gürcüstan 2014-cü ildən Avropa İttifaqının müxtəlif proqramlarında iştirak edir. Hazırda ölkə “Horizon Europe”, “Creative Europe”, EU4Youth, gömrük proqramı, Fiscalis və Qara dəniz hövzəsində transsərhəd əməkdaşlıq proqramı olan Interreg-in iştirakçısı olaraq qalır.
Bununla yanaşı, Gürcüstan təşkilatları və fiziki şəxslər Erasmus+ və Avropa Həmrəylik Korpusu çərçivəsində müəyyən imkanlardan hələ də yararlana bilirlər.
Anakliya limanı: dövlət mülkiyyəti və maliyyələşdirmənin azaldılması
Avropa Komissiyası hesabatında Anakliya dərin dəniz limanının tikintisi layihəsinə də toxunur.
Sənədə əsasən, 2026-cı ilin iyulunda layihənin inkişaf modeli dəyişdirilib. Layihə limanın tam dövlət mülkiyyətində olmasını nəzərdə tutan “landlord port” adlanan modelə keçirilib.
Hesabatda qeyd olunur ki, tikinti işləri bir neçə ay müddətinə dayandırılıb, hesabat dövründə dövlət büdcəsindən layihəyə ayrılan vəsaitin həcmi isə 60 faiz azaldılıb.
Gürcüstan hakimiyyətinin Avropa Komissiyasının hesabatına reaksiyası
Parlamentin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze sənədin reallığı əks etdirmədiyini və qərəzsiz olmadığını bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyasının Gürcüstan dövlətinin fəaliyyəti, nazirlik və qurumların Aİ-yə yaxınlaşmaq üçün həyata keçirdiyi islahatlar barədə təsəvvürü yoxdur.
Samxaradze bunu Avropa Komissiyası ilə Gürcüstanın dövlət qurumları arasında lazımi əlaqələrin olmaması ilə izah edib.
Xarici işlər naziri Maka Boçorişvili bildirib ki, Gürcüstan hakimiyyəti sənədin hazırlanması üçün Avropa İttifaqına bütün zəruri məlumatları təqdim edib. Lakin bu məlumatların hesabatın yekun versiyasında necə əks olunacağı məlum deyil.
Boçorişvili qeyd edib ki, Aİ ilə dialoqun, o cümlədən texniki və siyasi səviyyələrdə təmasların olmaması ölkədə baş verən proseslərin düzgün təhlilini və qiymətləndirilməsini qeyri-mümkün edir.
Gürcüstanın avrointeqrasiya prosesi necə dayandırıldı?
Gürcüstan 2022-ci ilin martında Avropa İttifaqına üzvlük üçün müraciət edib. Həmin ilin iyununda namizəd statusu alan Ukrayna və Moldovadan fərqli olaraq, Gürcüstana Avropa perspektivi verilib. Namizəd statusunu əldə etmək üçün ölkəyə əsasən demokratiya, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi ilə bağlı 12 prioritet vəzifəni yerinə yetirmək tövsiyə olunub.
2023-cü ilin dekabrında Gürcüstan Aİ-yə üzvlüyə namizəd ölkə statusu alıb.
Lakin 2024-cü ilin iyununda “xarici agentlər haqqında” qanunun qəbulundan və hakimiyyətin digər qərarlarından sonra Avropa İttifaqı Gürcüstanın üzvlük prosesini faktiki olaraq dayandırıb. İyunun 27-də Avropa İttifaqı Şurası bəyan edib ki, Gürcüstan hakimiyyətinin addımları ölkənin Avropaya inteqrasiya yolunu təhlükə altına qoyur və üzvlük prosesini faktiki olaraq dayandırır.
Vəziyyət 2024-cü il noyabrın 28-də daha da gərginləşib. Baş nazir İrakli Kobaxidze bəyan edib ki, Gürcüstan hökuməti 2028-ci ilin sonunadək Aİ-yə üzvlük danışıqlarının başlanması məsələsini gündəliyə gətirməyəcək və Avropa İttifaqının büdcə qrantlarından imtina edir.
Bu bəyanat genişmiqyaslı etirazlara səbəb olub.
Hakimiyyət aksiya iştirakçılarına qarşı güc və xüsusi vasitələr tətbiq edib, yüzlərlə insan saxlanılıb. Nümayişçilərə qarşı güc tətbiqi, saxlanılan şəxslərlə qəddar rəftar və dinc toplaşmaq hüququnun məhdudlaşdırılması beynəlxalq təşkilatların və hüquq müdafiə qruplarının tənqidinə səbəb olub.
Bundan sonra vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarını daha da məhdudlaşdıran yeni qanunvericilik dəyişiklikləri edilib.
Avropa Komissiyasının 2026-cı il üzrə hesabatı bu proseslərin davam etdiyini göstərir: Gürcüstanın Aİ-yə üzvlük prosesi hələ də dayandırılıb, tövsiyələr yerinə yetirilməyib, demokratiya, məhkəmə sisteminin müstəqilliyi və fundamental hüquqların müdafiəsi sahələrində geriləmə davam edir.
Aİ-nin Gürcüstanla bağlı mənfi qiymətləndirməsi