Azərbaycanda növbəti müstəqil medianın ofisi möhürlənib, əməkdaşları saxlanılıb
Toplum TV– Azərbaycanda növbəti repressiya
Azərbaycanda daha bir müstəqil mətbuat orqanının redaksiyasında kütləvi həbslər baş verib. Axtarışdan sonra Toplum TV onlayn telekanalının ofisi möhürlənib, iyirmiyə yaxın əməkdaşı polis tərəfindən naməlum istiqamətə aparılıb. Onlardan bəziləri gecə yarısı sərbəst buraxılıb. Onlayn nəşrin həmtəsisçisi və bir neçə əməkdaşı isə qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıqda ittiham olunurlar.
- “Rəqəmlərlə oynayan hökumət”. Bakıdan iqtisadçı şərhi
- Təzminat məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsi kimi. Bakıdan baxış
- Azərbaycanda hər onkoloji xəstənin illik müalicəsinə cəmi 800 manat ayrılır
Medianın ofisi axtarışdan sonra möhürlənib
Martın 6-da saat 18.00 radələrində polis Toplum TV internet nəşrinin redaksiyasında iki saatdan çox davam edən axtarışı yekunlaşdırıb və ofisi möhürləyib.
Polis binaya bütün girişləri əngəlləyib, hətta nəşrin əməkdaşları belə redaksiyaya buraxılmayıb. Həmin an redaksiyada olan hər kəs polis tərəfindən naməlum istiqamətə aparılıb. Onlarla telefonla əlaqə saxlamaq mümkün olmadığından, hara aparıldıqlarını, neçə nəfər olduqlarını, onların arasında konkret kimlərin olduğunu dəqiqləşdirmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyi media əməkdaşlarının hara aparıldığı və saxlanma səbəbi ilə bağlı açıqlama verməyib.
“Baş verənlərin ağlabatan izahı yoxdur. Görünür, ölkədə müstəqil medianı tamamilə sıradan çıxarmaq istəyirlər ki, tənqidi fikirlər üçün platforma qalmasın”, – deyə Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib.
“Biz cinayət fəaliyyəti ilə məşğul deyilik və heç bir qanunsuz fəaliyyət göstərməmişik. Ona görə də baş verənlərin heç bir hüquqi əsası yoxdur”, deyən baş redaktor Daxili İşlər Nazirliyindən heç bir rəsmi məlumat və axtarış aktını ala bilmədiklərini deyib.
Daxili İşlər Nazirliyi Toplum TV onlayn telekanalının ofisində aparılan axtarışla bağlı qısa şərhlə kifayətlənib.
“Bir qrup şəxsin fəaliyyəti barədə daxil olmuş məlumat əsasında polis əməkdaşları Bakının Nərimanov rayonu, Y.V.Çəmənzəminli, bina 98B ünvanında yerləşən ofisdə və digər ünvanlarda əməliyyat keçirib”, – rəsmi məlumatda deyilir.
“Digər ünvanlarda” axtarışlar
Daha sonra məlum olub ki, “digər ünvanlar” dedikdə Toplum TV-nin həmtəsisçisi Akif Qurbanovun təmsil olunduğu III Respublika Platformasının ofisi, onun mənzili, həmçinin Toplum TV-nin əməkdaşları Fərid İsmayılov və Elmir Abbasovun mənzilləri nəzərdə tutulub. Bu ünvanların hər birində axtarış aparılıb.
III Respublika Platformasının ofisində aparılan axtarış zamanı həmtəsisçilər Akif Qurbanov, Araz Əliyev və Ruslan İzzətli saxlanılıb. Son ikisi gecə yarısı sərbəst buraxılıb. Sərbəst qaldıqdan sonra fəallar telefonlarını polisə vermədikləri və kilidlərinin açılması üçün parollarını açıqlamadıqları üçün fiziki təzyiqə məruz qaldıqlarını bildiriblər.
Vəkili Şəhla Hümbətova Akif Qurbanovun ofisində və mənzilində aparılan axtarışda iştirak edə bilməyib. Polis əməkdaşları onu axtarış aparılan məkana buraxmayıblar. Onun sosial şəbəkələrdə paylaşdığı videoda görünür ki, vəkil Qurbanovun axtarış aparılan mənzilinin qapısını uzun müddət döyür, lakin qapını açan olmur. Hümbətova daha sonra bildirib ki, maskalı şəxslər onu kobud şəkildə mənzilin qarşısından uzaqlaşdırıblar.
On nəfərə yaxın adam qaçaqmalçılıqda şübhəli bilinir
Gecə yarısına yaxın Toplum TV-nin martın 6-da saxlanılan 10-a yaxın əməkdaşı Bakı şəhər Baş Polis İdarəsindən sərbəst buraxılıb. Bu barədə nəşrin baş redaktoru Xədicə İsmayıl məlumat verib.
Gecə yarısına yaxın Toplum TV-nin martın 6-da saxlanılan 10-a yaxın əməkdaşı Bakı şəhər Baş Polis İdarəsindən sərbəst buraxılıb. Bu barədə nəşrin baş redaktoru Xədicə İsmayıl məlumat verib.
Toplum TV-nin əməkdaşları Elmir Abbasov, Taleh Bədəlov, Xanlar Əlizadə, Müşviq Cabbarov və Fərid İsmayılov, o cümlədən Demokratik Təşəbbüslər İnstitutundan (IDI) Əli Zeynal və İlkin Əhmədov, III Respublika Platformasının və Toplum TV-nin həmtəsisçisi Akif Qurbanov polis idarəsində alıblar.
Akif Qurbanov və Fərid İsmayılov barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq, bir qrup şəxsin qabaqcadan əlbir olması ilə törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Bu barədə onların vəkilləri bildiriblər.
Axtarış zamanı Qurbanovun ofisində 30 min avro, İsmayılovun mənzilində isə təxminən 3 min avro “tapılaraq, müsadirə edildiyi” bildirilir.
Vəkil Zibeydə Sadıqovanın sözlərinə görə, İsmayılov bəzi sənədləri imzalamaq üçün ona psixoloji və fiziki təzyiq göstərildiyini bildirib. O, bundan imtina etdi. Müdafiə tərəfi şikayət verəcək.
Ən son məlumata görə, hazırda polis idarəsində saxlanılan Müşfiq Cabbarov, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əhmədov da qaçaqmalçılıqda şübhəli bilinirlər.
Toplum TV-nin Youtube kanalı sındırılıb
Elə həmin gün Toplum TV-nin YouTube kanalının adı dəyişdirilib. Eyni zamanda onlayn telekanalın videoreportajları və verilişlərin video-yazıları silinməyə başlayıb.
Ümumilikdə, 92 000 abunəçisi olan səhifədə 3600 video var idi.
Hüquq müdafiəçilərinin fikrincə, hüquq-mühafizə orqanları hesaba giriş əldə edib və ya səhifə administratorunu jurnalist komandasının uzunmüddətli əməyini məhv etməyə məcbur ediblər.
Birləşmiş Ştatlar “dərin narahatlıq keçirir”
Dövlət Departamentinin sözçüsü Metyu Miller Birləşmiş Ştatların polisin müstəqil Toplum TV-nin ofisinə basqın etməsi, eləcə də bir neçə müstəqil jurnalistin və vətəndaş cəmiyyəti fəalının həbsi ilə bağlı xəbərlərdən “dərin narahatlıq keçirdiyini” bildirib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller Birləşmiş Ştatların polisin müstəqil Toplum TV-nin ofisinə basqın etməsi, eləcə də bir neçə müstəqil jurnalistin və vətəndaş cəmiyyəti fəalının həbsi ilə bağlı xəbərlərdən “dərin narahatlıq keçirdiyini” bildirib.
“Jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını və müxalifət xadimlərini qorxutmaq, sıxışdırmaq və cəzalandırmaq cəhdlərinə qarşı kəskin etirazlarımızı bildiririk”, – Miller TURANın sorğusuna cavab olaraq brifinqdə deyib.
“Biz Azərbaycanı fundamental azadlıqlarından istifadə edənlərə qarşı təqiblərə son qoymağa və siyasi motivli işlərdə haqsız yerə həbs edilmiş bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq. Heç kəs ifadə azadlığından istifadə etdiyinə görə həbs və ya başqa cəzalarla üzləşməməlidir”.
“İndiyə qədər beynəlxalq ictimaiyyətin belə reaksiyasına məhəl qoymayan hökumətin niyə bu çağırışlara qulaq asacağını düşünür?” sualının cavabında Miller deyib:
“Başqa nəticə çıxarmayacağam, sadəcə olaraq deyəcəyəm ki, onlar ifadə azadlığını boğmağı dayandırmalıdırlar, çünki bu, öz xalqının maraqlarına zıddır.
Mən sizi əmin edə bilərəm ki, biz Azərbaycan rəsmiləri ilə özəl diplomatik müzakirələr apararkən — dövlət katibinin keçən ay etdiyi kimi, biz məhz bu məsələləri qaldırırıq”.