Sovet Azərbaycanında Həcc ziyarəti - tarixçi Cəmil Həsənlinin beşinci yazısı
Sovet həcc ziyarəti
50-ci illərin islahatlarından sonra 60-cı illərin əvvəllərində məhdud sayda müsəlman dindarın Həcc ziyarətinə getməsinə icazə verilmişdi. Lakin SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurası belə hesab edirdi ki, bəzi şəxslərin Məkkəyə göndərilməsi Sovet dövlətinin maraqlarına cavab vermir, belə ki, onlar ziyarətdən döndükdən sonra müsəlmanlar arasında dini fəaliyyəti gücləndirirlər. Eyni zamanda Dini İşlər Şurasının sədri Aleksey Puzin savadsız adamların Məkkəyə göndərilməsinin də SSRİ-nin təbliğati maraqlarına cavab vermədiyini vurğulayırdı.
Lakin respublika dini müvəkkilliyi və ruhani idarəsinin 1960-cı ildə Məkkə ziyarətinə getmək istəyən 9 namizəddən 8-i savadsız (Nardarandan İbrahim Yaxşıbəyov, Buzovnadan Məmmədağa Məmmədov, Kürdəxanıdan Qasıməli Qasımov, Zabratdan Molla Murad Məmmədəli oğlu, Balakən rayonunun Talalar kəndindən Ramazan Qocayev, Nardarandan Zalı Rüstəmov, Binə kəndindən Müslim Cəbrayılov və Əli Əkbərov), yalnız Qax rayonunun İlisu kəndindən olan Kamal Baharov az savadlı idi.
1962-ci il mayın 7-də Moskvadan Qahirə üzərindən Məkkəyə yola salınan SSRİ-nin müsəlman respublikalarından formalaşdırılmış 14 nəfərlik ziyarətçinin bir hissəsi KGB-yə iman gətirənlər idi. Ziyarətçilər içərisində Azərbaycandan da iki nəfər var idi. Bunlardan biri Kirovabaddakı (indiki Gəncə şəhəri – red.) “Şah Abbas” məscidinin xidmətçisi İman Allahverənov, digəri isə neftçi fəhlə idi. İman Allahverənov ziyarətdən döndükdən sonra, iyunun 25-də respublika Dini İşlər Müvəkkilliyinə geniş hesabat yazmışdı.
Cəmil Həsənli tanınmış Azərbaycan tarixçisi, tarix elmləri doktoru və professordur.
O, “Sovet Azərbaycanında din: Allahla KGB arasında” silsilə yazılarını özünün feysbuk hesabında paylaşır.
O, öz hesabatında 9-19 may arası həcc ayinlərinin yerinə yetirilməsi, Məkkədə keçirilən görüşlər, ziyarətdən sonra Livana səyahət, Beyrut və Trablislə tanışlıq və digər məsələlər haqqında, o cümlədən Səudiyyə Ərəbistanında olan Orta Asiya və Tatarıstan mühacirləri ilə görüşlər, onların qohum-əqrəbalarına məktub və hədiyyələr göndərməsi və sair haqqında yazmışdı.
O, qeyd edirdi ki:
“Məkkədə bizə naməlum yaşlı bir türk yaxınlaşdı və söhbət zamanı dedi ki, o, Türkiyədəndir, ali təhsili var və kənd təsərrüfatı ilə məşğuldur. Sonra bizə sual verdi ki, SSRİ-də 40 milyon müsəlman yaşayır, nə üçün cəmisi 14 ziyarətçi gəlib. Əlavə etdi ki, kolxozlarda xalq malının oğurlandığını deyirlər. Biz gördük ki, bu adam dürüst birisi deyil, ona görə də cavab vermədik və ondan uzaqlaşdıq”.
Bu hesabat göstərir ki, 60-cı illərin əvvəllərində Sovet İttifaqında məhdud sayda dindarın Məkkə ziyarətinin dövlət səviyyəsində təşkil edilməsi islam dininə qayğıdan daha çox, ideoloji məqsədlərə xidmət edirdi.
1964-cü ilin həcc ziyarətinə SSRİ-dən 16 nəfər yollandı. Onlardan ikisi Azərbaycandan idi. SSRİ Nazirlər Sovetinin 1964-cü il fevralın 14-də qəbul etdiyi qərara görə respublikadan Məkkəyə göndərilən “Təzə pir” məscidinin icra orqanının sədri Abbasqulu Aydəmirov və “Əzizbəyovneft”in baş montyoru Məmmədkazım Hüseynovun namizədliyi respublika KGB-si ilə razılaşdırıldı. Əvvəlki illərdən fərqli olaraq Moskvadan göstəriş gəldi ki, həcc ziyarətinə göndərilən şəxslər haqqında Azərbaycan KP MK-nın qərarı olmalıdır və həmin qərarın Sov.İKP MK-nın diplomatik kadrlar və xarici iqtisadi orqanlar şöbəsinə göndərilməsi zəruridir.
Müvafiq sənədlər hazırlandıqdan sonra zəvvarlar aprelin 17-də Moskva-Qahirə-Xartum-Ciddə marşrutu ilə Məkkəyə yola düşmüşdülər. Abbasqulu Aydəmirov ziyarətdən qayıtdıqdan sonra Dini İşlər Müvəkkilliyinə geniş hesabat hazırlamışdı. Bu hesabatda o, SSRİ-dən gedən heyətə rəhbərlik edən İsmayıl Sattiyevin hərəkətlərindən ciddi narazılıq edir, onu zəvvarlar üçün ayrılmış vəsaiti mənimsəməkdə ittiham edirdi.
Aydəmirov bildirirdi ki:
“Həcc qaydalarına görə hər bir zəvvar Mina dağında bir qoyunu qurban kəsməlidir, əks təqdirdə onun ziyarəti qəbul olunmur. Sattiyev zəvvarlara qoyun almağa pul vermədi. Mən və Hüseynov saatımızı satıb qurban kəsmək üçün qoyun aldıq. SSRİ-dən olan zəvvarların qurban kəsməməsi digər ölkələrdən olan ziyarətçilərdə pis təəssürat yaratdı”.
Öz növbəsində İsmayıl Sattiyev də Aydəmirovun Kəbədə ayaqyalın dolanması haqqında SSRİ Nazirlər Soveti yanında Dini Şuraya məlumat vermişdi. Lakin Aydəmirov izahat verdi ki:
“Kəbənin ətrafında yeddi dəfə ayaqyalın dolanmaq ziyarət rituallarına daxildir və bunu bütün ziyarətçilər edirlər”.
Bu izahatla yanaşı Azərbaycan Dini Müvəkkili Musa Şəmsəddinski Aydəmirovun Məkkə ziyarəti barədə hesabatını da SSRİ Dini İşlər üzrə Şuranın sədri Aleksey Puzinə göndərdi.
Lakin Məkkə və Mədinənin bütün dünya müsəlmanlarının cazibə mərkəzinə çevrilməsi, KGB ekspertlərinin fikrincə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Respublikasının ondan siyasi məqsədlər üçün istifadə etməsi Sovet İttifaqının xüsusi xidmət orqanları tərəfindən diqqətlə izlənilir və qeyd edilən ölkələrin bu məsələdə inhisarına son qoymaq üçün müxtəlif planlar cızılırdı. Afrikada özünə yaxın olan islam təşkilatları vasitəsi ilə Moskva SSRİ-ni də dünya müsəlmanlarının “ziyarət” marşrutuna salmaq istəyirdi.
60-cı illərin əvvəllərində respublikada dinə maraq artdığı üçün ona qarşı mübarizəni gücləndirmək məqsədilə Azərbaycan KP MK 1963-cü il noyabrın 19-da qərar qəbul etdi. Qərara görə kənd yerləri üçün ateist kadrların hazırlanması məqsədilə aylıq kurslar açıldı. MK Bürosu həmin kurslarda oxunan mühazirələrin mövzularını və mühazirəçilərin adlarını təsdiq etdi.
1964-cü il yanvarın 21-də “Elmi-ateizmin təbliği və onu yaxşılaşdırmaq tədbirləri haqqında” geniş bir respublika müşavirəsi keçirildi. Tədbirin keçirilməsi 1964-cü il yanvarın 2-də Sov.İKP MK katibliyinin “Əhalinin ateist tərbiyəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” qəbul etdiyi qərardan irəli gəlirdi.
Müşavirədə şəhər, rayon, kənd təsərrüfatı istehsal birliklərinin ideoloji məsələlərə baxan katibləri, mədəniyyət və maarif şöbələrinin, kinolaşdırma idarələrinin müdirləri, Mərkəzi Komitə, Nazirlər Soveti, Ali Sovetin ideoloji sahəyə baxan rəhbər işçiləri də daxil olmaqla 800 nəfərə yaxın nümayəndə təmsil olunmuşdu. Tədbirdə Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi Xasay Vəzirov geniş məruzə etdi.
Məruzə ətrafında 14 nəfər çıxış etdikdən sonra Mərkəzi Komitə katibi Xasay Vəzirov müşavirəyə yekun vurdu. O, qeyd etdi ki:
“Hazırda “partiya zəhmətkeşlərin ateist tərbiyəsinə çox böyük əhəmiyyət verirəm. Partiya istəyir ki, ateizm tərbiyəsində hücumçu ruh bərpa olunsun və dini ideologiyaya qarşı müntəzəm surətdə, arası kəsilmədən bütün vasitələrlə mübarizə aparılsın… Qəti başa düşməliyik ki, dini ideologiya ilə, din ilə, dini qalıqlarla heç bir barışıq ola bilməz. Hücumçu təbliğat və təşviqat işi aparmalıyıq”.
Lakin o, etiraf etdi ki, qanun müəyyən çərçivədə dini fəaliyyət göstərməyə icazə verir və ölkədə 23 məscidin fəaliyyət göstərdiyini, həmin məscidlərdə cəmi 72 adama dini fəaliyyətlə məşğul olmaq icazəsi verilməsini də bununla izah edib. O, məscidlərdə məhərrəmlik mərasimlərinin qeyd olunmasına toxunaraq əlavə etdi ki:
“Deyirlər baş yarırlar, göz yumuruq. Ələmdar olur, göz yumuruq və sairə və sairə. Gərək elə edək ki, daha baş yarmasınlar. Ümumiyyətlə, qeydə alınmış məscidlər müəyyən nəzarət altında olmalıdır. Gərək biz çalışaq dindarlar qeyd olunmuş məscidlərə də az getsinlər və yaxud qəti olaraq getməsinlər”.
Məscidlərin və mollaların sayına toxunaraq Vəzirov dedi:
“Bizdə cəmi 30 molla vardır. Bunlara dövlət tərəfindən icazə verilmişdir ki, dini ayinləri icra etsinlər. Bunların içərisində 6 nəfər təhsilli molladır, 4-ü isə ali təhsillidir, İranda, İraqda təhsil almışlar. Lakin ruhani idarəsi başçıları təlaş içərisindədir. Çünki bu mollaların yaşı 60-dan keçmişdir, bu mollalar öldükdən sonra məscidlərin müqəddəratı necə olacaq?”
Ateistlərin respublika müşavirəsi belə bir ritorik sualla öz işini başa çatdırdı.
Bu müşavirədən az sonra MK katibi Xasay Vəzirov 1964-cü il iyulun 2-də əhalinin ateist tərbiyəsinin gücləndirilməsi istiqamətində görülmüş işlər barədə Sov.İKP MK-ya geniş arayış göndərdi.
O, Sov.İKP MK iyun (1963-cü il) plenumundan, xüsusilə MK katibliyinin 2 yanvar qərarından sonra respublikada görülən işləri sadaladıqdan sonra mürtəce islam adəti olan “Məhərrəmlik” mərasiminə qarşı aparılan tədbirlərdən bəhs edir, 1964-cü ilin fevral-iyun ayları dövründə dini qalıqlara qarşı ateist mühazirəçilər tərəfindən 8157 mühazirə oxunmasına və söhbət aparılmasına toxunur, elmi ateizm mövzusunda 45 adda kitab və broşur nəşr olunduğunu, mətbuat səhifələrində dinə qarşı mübarizənin gücləndirildiyini, bu məqsədlə respublika televiziyasında “Ateistin tribunası”, “Ateistin ekranı” kimi verilişlərin yer aldığını qeyd edirdi.
Ancaq bu ateist mühazirəçilərin respublikanın müxtəlif şəhər, rayon və kəndlərində oxuduğu 8157 mühazirə bir nəticə vermədi. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov ateist mühazirələrinin toplantıntısında dedi ki, siz gedib yerlərdə yaşlı adamları klublara yığım mühazirə oxuyursunuz və siz hər dəfə Məhəmməd peyğəmbərin adını çəkəndə onlar da salavat çevirir. Nəticədə 1968-ci ilin aprelinə təsadüf edən Aşura günü Kirovabadın (Gəncə) “Göy İmam” məscidinə gələn dindarların sayı 15 min nəfərdən artıq olmuşdu. Bu say 10 il əvvəllə müqayisədə 3-4 dəfə çox idi.
1967-ci ildə Şeyxülislam Mirmöhsün Həkimzadənin vəfatından sonra ruhani idarəsi bir müddət sədrsiz qalsa da 20 ilə yaxın “Təzə pir” məscidinin Axundu işləyən 83 yaşlı Əliağa Süleymanzadə 1968-ci ildə Zaqafqaziya müsəlmanlarının qurultayında ruhani idarəsinin sədri seçildi. O, 1911-1919-cu illərdə Məşhəddə və Nəcəfdə yüksək dini təhsili alməş bir ruhani idi.
1964-cü ilin payızında Nikita Xruşşov rəhbərlikdən uzaqlaşdırıldıqdan sonra ölkədə dina qarşı kampaniyalar bir qədər səngidi. O, artıq “üfüqdə görünən” komunizmə gedən yolda dini ciddi maneə hesab edirdi. Lakin Xruşşovdan sonra da ateist təbliğat və dinin təqibi SSRİ-də davam etməkdə idi. Fərq onda idi ki, 50-ci illərdə Azərbaycanın cənub rayonlarında gizli və yarımleqal təşkil olunan şəbihlərdə (dini teatr) Yezid rolunu rus malakanlarının içindən seçilmiş adamlar oynayırdı, 60-cı illərin ikinci yarısında isə artıq öz “milli Yezid” kadrlarımız yetişmişdi.
Son.
Sovet həcc ziyarəti