Silah qalmaqalından sonra Serbiya hökumət nümayəndələri Bakıya gəlib
Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç bu gün Azərbaycanın hökumət nümayəndələri ilə görüş keçirib.
Görüşün əsas səbəbi, iyul ayında Serbiyanın Ermənistana Tovuz döyüşləri zamanı etdiyi silah dəstəyi olub.
Bugünkü görüşdə Serbiyanın Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq, dostluq münasibətləri olduğunu xüsusi vurğulayıb.
O deyib ki, bu səfəri və keçirilən görüşlər vasitəsilə iki ölkə arasındakı əlaqələr və əməkdaşlıq yüksək səviyyəyə qalxacaq: “Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir”.
N.Stefanoviç onu da deyib ki, Serbiyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin fəaliyyətindən razıdırlar.
Bakıda keçirilən görüşdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Xarici İşlər nazirinin müavini Araz Əzimov və Təhlükəsizlik Şurasının katibi Ramil Usubov iştirak edib.
Jurnalistlərin qarşısında çıxış edən serbiyalı nazir silah satışı məsələsinə toxunmayıb.
Xatırladaq ki, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç İlham Əliyevlə telefonla zəngi zamanı Tovuz döyüşlərində Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüfləndiyini bildirib.
Elə həmin vaxt A.Vuçiç vəziyyətin araşdırılması ilə bağlı Azərbaycana Serbiyanın nümayəndə heyətinin göndəriləcəyini bildirmişdi.
Ermənistan-Azərbaycan sərhədində baş verən kəskin eskalasiya zamanı Serbiyadan Ermənistana mümkün silah təchizatı rəsmi Bakının qəzəbinə səbəb olub. Azərbaycanın haqqın.az nəşri silahın Gürcüstan ərazisindən daşındığı haqda yazandan sonra bu ölkədə qalmaqala səbəb olub.