Azərbaycanda distant təhsilin müddəti ilin sonuna qədər uzadılıb
Azərbaycanda şagirdlər və tələbələr 2020-ci ilin sonuna qədər distant təhsilə davam edəcəklər. Sabahdan orta və ali məktəblər tədris prosesini adi formatda bərpa etməli idi, amma son gün hökumət yeni qərar qəbul edib.
Azərbaycanın Nazirlər Kabineti “ Karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr qərarına dəyişiklik edib.
Baş nazir Əli Əsədovun imzaladığı dəyişikliyə əsasən, qərarın müddəti dekabrın 1-dən 30-a qədər uzadılıb.
Qeyd edək ki, xüsusi karantin rejimi dövründə bütün təhsil müəssisələrində noyabrın 2-dən tədris-tərbiyə prosesinin distant formatda təşkil olunmasını təmin etmək göstərişi verilib.
Bütün Azərbaycan ərazisində koronavirus pandemiyasına görə karantin dekabrın 28-ə qədər uzadılıb. Bu tarixə qədər Bakı metropoliteni, istirahət günlərində isə ictimai nəqliyyat işləməyəcək, həftəsonları ərzaq mağazalarından və apteklərdən başqa bütün satış obyektləri də bağlı olacaq.
Azərbaycanda pandemiya başlayandan 121 176 nəfər koronavirusa yoluxub. 1 392 nəfər vəfat edib, 74 902 nəfər sağalıb, 44 882 nəfər COVID-19 xəstəsinin müalicəsi isə davam edir.