Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Dövlət Miqrasiya Xidmətindən onun ölkə ərazisində qalmağının leqal statusa əsaslandığını təsdiqləyən sənəd ala bilib.
Bu haqda o, Facebook səhifəsində yazıb.
“Bu gün nəhayət, Miqrasiya Xidmətindən Ukrayna ərazisində leqal qaldığımı təsdiqləyən sənəd aldım. Əlbəttə ki, mən bununla kifayətlənmirəm, məhkəmə yolu ilə vətəndaşlığımın bərpa olunmasına çalışıram”, – siyasətçi yazıb.
Hromadske-nin bildirdiyinə görə, Saakaşvilinin əldə etdiyi sənədə əsasən, bu status 2017-ci il dekabrın 1-ə qədər qüvvədə olacaq.
Xatırladaq ki, noyabrın 1-də Ukrayna Dövlət Miqrasiya Xidməti ikinci dəfə Saakaşviliyə qaçqın statusu verməkdən imtina etmişdi. Saakaşvilinin özü isə bəyan etmişdi ki, onun Gürcüstana ekstradisiyası üçün Ukrayna Baş Prokurorluğunda sənədlər hazırlanır.
Sentyabrın 10-da Saakaşvili Ukrayna-Polşa sərhədini keçib, o zaman tərəfdarlarından ibarət kütlə hüquq-mühafizə kordonlarını yararaq onu ölkə ərazisinə “daşımışdı”. Məhkəmə Saakaşvilini Ukrayna sərhədini qanunsuz keçməkdə təqsirli bilib.