Gürcüstanda koronavirusa görə sərt karantin fevralın 1-ə qədər uzadılıb. Daha sonra proqnozlar nikbindir
2020-ci ilin dekabrında sərt karantin elan olunduğu zaman nəzərdə tutulduğu kimi yanvarın 18-də Gürcüstanda ticarət mərkəzləri və əşya/inşaat yarmarkaları açılmayacaq. İctimai nəqliyyatın da hərəkəti hələlik bərpa olunmayacaq.
Koronavirusa yoluxma hallarının kəskin artması səbəbilə qəbul olunmuş bütün məhdudiyyətlər fevralın 1-ə qədər uzadılıb.
“Bizim vəzifəmiz fevralın 1-ə qədər bu iki-üç həftədən bizneslə iş üçün istifadə etməkdən və fevralda maksimum təhlükəsiz açılışa hazırlaşmaqdan ibarətdir”, – Gürcüstanın iqtisadiyyat naziri Natiya Turnava deyib.
Qeyri-ərzaq mallarının ticarəti və nəqliyyat pandemiyanın yayılmasının qarşısının alınması baxımından ən problemli sahələrdir və onlara prioritet diqqət yetirilir – Turnava deyib.
Fevralın 1-dən sərt karantinin ləğv edilməsi üçün əsas şərt koronavirusa yeni yoluxma hallarının azalmasıdır. İndiyə qədər gündəlik min- iki min arası yoluxma halları qeyd olunub və Gürcüstan bir milyon nəfər əhaliyə düşən yoluxma hallarının sayına görə dünyada 12-ci yeri tutur.
Yaxın zamanda azalmaya nail olmağın mümkün olduğu ehtimalı yüksəkdir və Gürcüstan fevralın 1-dən normal ictimai həyata qayıda bilər – səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib.
Yanvarın 12-də Gürcüstanda 1857 yeni yoluxma halı qeydə alınıb, daha 24 nəfər vəfat edib. Pandemiya başlayandan 241 657 nəfər yoluxub, onlardan 2 820 nəfər ölüb, 227 208 nəfər sağalıb. Hazırda 11 609 nəfər koronavirus xəstəsi var.