Şərh: Vilnüsdə təəccübləndirən 7 nəsnə
Çay göbələyi – köhnə tanış yeni qiyafədə
Vilnüs supermarketlərində parlaq etiketli şüşələrdə Kombuça adlı turşməzə içki satılır – bu, çay göbələyi əsaslı alkoqolsuz “dəmləmə”dir. Bu qəribə bitki, yaxud da canlı bir vaxtlar hər iki sovet ailəsindən birinin mətbəxində olardı. Çay göbələyini şüşə balonlarda saxlayırdılar və zahiri görünüşünə görə, o, çox iri, amma büzülmüş ilbizə oxşayırdı. Göbələk suyu kvasla limonad arasında özünəməxsus bir içkiyə çevirirdi.
Bakıda 80-ci illərin sonlarında anadan olmuş nəsil bu içkini artıq xatırlamır, amma Litvada onu sənaye üsulu ilə istehsal edirlər.
• Əcnəbiləri Gürcüstanda təəccübləndirən nəsnələr haqda – burada da söhbət içkilərdən gedir
• Batumidə heyrətamiz • Minskdə • İstanbulda • Praqada
Ujüpis respublikası, yaxud Vilnüs Monmartrı
Müqəddəs Anna kostyolunun yanından ötüb körpü ilə Vilenka çayını keçəndən sonra “Ujüpis respublikası”na düşürsən.
Bu, rəssamların və digər bohem nümayəndələrinin məskunlaşdığı xüsusi rayondur. Hardasa Vilnüs Monmartrı kimi.
1997-ci ildə yerli sakinlər zarafatyana Ujüpisi ayrıca respublika elan ediblər, onun öz bayrağı, prezidenti və konstitusiyası mövcuddur ki, bu konstitusiyada başqa maddələrlə bərabər, belə bir şey də yazılıb: “Hamının xoşbəxt olmaq hüququ var”.
Burada baş meydanda mələk heykəli ucaldılıb və istənilən tağa daxil olub, Möcüzələr ölkəsinə, yaxud Güzgülərin o tayına düşə bilərsən, müxtəlif görkəmli köşklərdə isə şaman amuleti, köhnə kitablar, yaxud da tiryəkdən hazırlanmış məhsullar almaq olar. Amma bu, sizin düşündüyünüzdən fərqli olaraq, kənd təsərrüfatı tiryəkidir, ondan ip və yağ düzəldirlər. Halbuki, elə sizin düşündüyünüz tiryəki də Vilnüsdə çox asanlıqla əldə etmək olar və bəzən küçədə onun qoxusunu aydınca hiss edə bilərsiniz.
Tibet parkı
Belə görünə bilər ki, Şərqi Asiya ənənələri Baltikyanı dövlət üçün yaddır. Lakin Litva Çindən müstəqillik uğrunda mübarizə aparan Tibeti olduqca yaxından dəstəkləyir. Müvafiq olaraq, Çinlə münasibətləri o qədər də isti deyil.
Həmrəylik əlaməti olaraq, 2010-cu ildə Vilnüsdə “Tibet parkı” açılıb. Onun mərkəzində şəbəkəli mandala yerləşdirilib ki, bunu səfərlərindən birində Dalay-lamanın özü təqdis edib.
“Xarabalıqların musiqisi”
Vilnüsün dəmiryol vağzalında bəzən konsertlər təşkil olunur. Məsələn, dekabrın sonlarında burada açıq səma altında ukraynalı müğənni Luna çıxış edirdi. On dərəcə şaxta, qlintveyn üçün uzun növbə və məhəbbət haqqında qəmgin mahnılar. Romantika.
Qapalı bazarda – vağzaldan bir qədər aşağıda – pendir və kolbasa satılan piştaxtaların arasında elektron musiqi heç də az təəssürat yaratmır.
Bütün bunlar vağzalyanı rayonun “mədəniləşdirilməsi” üzrə proqramın bir hissəsidir. Şəhər hakimiyyəti bu yolla bir çox şəhərlərdə bu cür məhəllələrə xas “xarabalıq ruhu”nu qovmağa çalışır.
Yeməli dirijabllar və çuğundur çörəyi
Elə buradaca, bazarda Litvanın əsas milli təamını – tseppelinanı dadmaq olar. Bu, hardasa içərisi qiymə ilə doldurulmuş və kartofdan hazırlanmış pirojkini xatırladır. Bunlar zahirən bənzədikləri alman dirijabllarının (Zeppelin) şərəfinə belə adlandırılıblar.
Vilnüsdə həm də əla bişintilər və çörəyin min bir növü var, misal üçün, burada çuğundur çörəyi, yaxud da zeytun yağlı və sarımsaqlı baget mövcuddur.
Orta əsrlər vahiməsi
Vilnüs orta əsrlər şəhəridir və bəzi köhnə küçələr hələ də özünəməxsus qorxunc tərzini qoruyub saxlayır. Əyri-üyrü və qəzəbli, az qala kar divarlar arasında olan bu küçələr elə təəssürat oyadır ki, sanki indi 13-cü əsrdir və bir azdan tindən bir gecə gözətçisi çıxıb maraqlanacaq ki, burda nə itirmisiniz.
Bakıda şəhər rəhbərliyinin ciddi-cəhdlə köhnəliyi dəf etməsini – evlərin qaralmış daşlarını cilalayıb işıqlandırmasını xatırlayanda bütün bunlar daha təəccüblü görünür. Bizdə əcinnə üçün göz qoymalı heç nəyi qalmayıb.
One bulka
– Please, one coffee and one… (ingiliscə bunun adını necə demək olar?)
– One coffee və one bulka? – bar əməkdaşı gülür.
Sovet İttifaqının dağılmasından otuz il sonra da Litvada rus dili istifadə olunur. Elə Azərbaycandakı kimi. Amma bizdə belə bir fikir formalaşıb ki, Baltikyanı ölkələrdə səninlə rus dilində heç pulla da danışmazlar. Doxsan faiz hallarda rus dilində danışanı anlayır və ona cavab verirlər.
– Bəli, one coffee və оne bulka, zəhmət olmasa.