Çox vaxt və pul itirmədən hara getməklə bağlı qeyri-adi məsləhətlər və ətraflı izahat" />

Praqa küçələrinə fotolu gəzinti: bir günə necə hər şeyi görmək olar?

Çox vaxt və pul itirmədən hara getməklə bağlı qeyri-adi məsləhətlər və ətraflı izahat

Bir çoxlarımız üçün məzuniyyət ilin ən yaxşı dövrüdür. Onu biz uzun müddət gözləyir, əvvəlcədən hazırlaşırıq. Çamadanları yığandan əvvəl internetdə məlumatları ətraflı öyrənir və getməyə hazırlaşdığımız yerlərə artıq səfər edənlərin məsləhətlərini axtarıb tapmağa çalışırıq.

Bu dəfə isə biz Praqaya yollanırıq.

Gəlib çıxandan dərhal sonra vurnuxma başlayır: standart turist marşrutu ilə və ilkin planımıza uyğun hərəkət edirik. Karlov körpüsünü, köhnə şəhərin astroloji saatını, saray kompleksini görmək lazımdır… sonra da çayda gəzinti və təbii ki, çex çaxırı. Əsası da hər yerə selfi çəkdirməyi unutmamaq, WiFi tapıb, fotoları bütün mümkün sosial şəbəkələrdə yerləşdirməkdir.

Və birdən artıq qayıdarkən biz başa düşürük ki, bu qaçaqaçda və selfi çəkilişlərində biz Praqanın necə şəhər olduğunu, burada kimlərin yaşadığını, bu insanların gündəlik həyatlarının nədən ibarət olduğunu və mədəniyyətlərini öyrənə bilmədik.

Praqanı daha dərindən hiss etmək istəyənlərə məsləhət verə bilərəm: ən azı bir gününüzü qeyri-standart turizmə həsr edin, buna heç çoxlu pul və vaxt sərf etməli də olmayacaqsız.

Əlbəttə siz bu cür dəbdəbəli retroavtomobil də kirayə edə bilərsiz, bu maşın da sizi saatda 100 dollara bütün görməli yerlərə aparacaq.

Mənsə sizə başqa – daha ucuz və səmərəli turizm növünü təklif edirəm.

Tramvayla tur

Qiyməti 310 kron (17 dollar) olan ictimai nəqliyyat üçün üç günlük kart alırsız. Şəhərin mərkəzi ilə gedən tramvaylardan birini seçirsiz (mən 22 nömrəni məsləhət görürəm) və səyahətinizə başlayırsız. Praqada ictimai nəqliyyat, o cümlədən də tramvaylar şəhəri nəzərdən keçirmək və yaxından tanımaq üçün gözəl imkandır.

Həyətlərə girin

Hər dayanacaqda da olmasa azı ikinci dayanacaqda diqqətinizi maraqlı yerlər və binalar cəlb edəcək, onların xətrinə də tramvaydan düşüb, piyada gəzişməyə dəyər.

Həyətlərə və dalanlara girin. Burada qotika və intibah dövrünə aid binaların yanında müasir heykəltəraşlıq abidələri gizlənib. Heykəltəraş David Çerninin ağlasığmaz işləri sayəsində Praqanın bu gün yeni üslubu var.

Dobrý den, děkuji, na shledanou

Yerli sakinlərlə söhbət edin. İlk baxışdan, onlar sizə soyuq və yovuşmaz görünə bilər, amma çex dilində bir-iki söz onların qəlbini əridəcək. Dobrý den (salam), děkuji (sağ olun), na shledanou (salamat qalın) – bu sözlər kifayətdir ki, onlar sizinlə ingilis dilində olmasa da jestlər dilində danışmağa və bütün suallarınıza cavab verməyə hazır olsun. Çox güman ki, insanlar və onlarla ünsiyyət binalar və görməli yerlərdən daha çox yadınızda qalacaq.

Turist tələsinə düşməyin

Burada hər yerdə sizə Şeyk və Kafkanı “sırıyırlar – hər yerdə onların adlarına olan kafe və suvenirlər var. Adətən bu turist tələsi o qədər də keyfiyyətli olmayan malları daha baha satmaq imkanı verir.

Yerli sakinlər brend olmayan restoranlar və mağazalar, istirahət günləri isə pivə festivallarını tərcih edirlər. Burada əsl Çexiyanı hiss etmək olar. Burada pivə və qəlyanaltı yeməklərinin məst edən qoxusu yayılır və insanlarla açıq ünsiyyət üçün yaxşı ab-hava var.

Pulsuz əyləncələrdən yaxşı heç nə yoxdur

Burada addım başı Motsart, Vivaldi, Bax və Dvorjakın “yüksək səviyyəli konsertlərini təklif edirlər. Çox güman ki, bahalı biletlər və qotika məbədində səsləndirilən keyfiyyətsiz musiqi turistlərin hesabına qazanmağın daha bir yoludur.

Əslində isə Praqada pulsuz musiqi dinləmək, tamaşaya və sirk çıxışına baxmaq üçün milyon imkan var. İstəsəz pul verə, istəməsəz də sadəcə durub, əl çala bilərsiz.

Küçələri də dolanmaq – bir şoudan başqasına getmək olar. Bəxtiniz gətirsə, küçələrdə öz xanımı və məiyyəti ilə gəzişən Dördüncü Karla rast gələ və hətta onun tacqoyma mərasimində iştirak da edə bilərsiz.

Şəhərin yüksək yerlərində gəzərkən, şəhərə yuxarıdan baxın. Orada, aşağıda o qədər maraqlı şeylər baş verir ki.

Şəhərdə gəzişəndə də mütləq yuxarı baxın. Orada nəyə rast gəlmək mümkün deyil ki…

Belə uzun gəzintidən sonra hələ də gücünüz qalıbsa, parka gedin, bu qoca ağacların altında oturub, növbəti pivə markasından həzz ala-ala sizin keçirdiyiniz bu günün onlar üçün adi həyat olduğuna görə yerli sakinlərə qibtə edin.

Facebook Comments

More on JAMnews