Rusiya ilə Qərbin qarşılıqlı ittihamlarında gözlənilmədən Gürcüstan üzə çıxdı
Rusiya Müdafiə Nazirliyi ABŞ-ı Gürcüstan ərazisində gizli bioloji laboratoriya yaratmaqda ittiham etdi.
Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı İqor Kirillovun sözlərinə görə, söhbət Tbilisinin yaxınlığında yerləşən Riçard Luqar adına İctimai sağlamlığın mühafizəsi mərkəzindən gedir.
General Kirillov iddia edir ki, həmin mərkəz büsbütün Amerika hakimiyyəti tərəfindən idarə edilir və onun Rusiya ilə Çin sərhədlərində yaratdığı çoxsaylı gizli bioloji laboratoriyalardan biridir.
ABŞ Müdafiə Nazirliyi qəti rədd cavabı ilə çıxış edib.
“The New York Times” qəzeti öz məqaləsində diqqəti belə bir təsadüfə cəlb edir.
Rusiya nazirliyinin bəyanatı ABŞ, Böyük Britaniya və Niderlandın Rusiyanı “çoxsaylı və məsuliyyətsiz kiberhücumlar”da ittiham etməsindən dərhal sonra səsləndi.
Buna qədər dörd Rusiya vətəndaşı Niderlanddan deportasiya olunmuşdu ki, burada onlar Suriyada kimyəvi silahdan istifadənin və Böyük Britaniyada rusiyalı kəşfiyyatçı Serget Skripala və onun qızına hücumun araşdırılması ilə məşğul olan “Kimyəvi silahların Qadağan edilməsi üzrə Təşkilat”ın kompüter şəbəkəsini sındırmağa cəhd etmişdilər.
Gürcüstanın reaksiyası
2018-ci ilin oktyabr ayının 5-də jurnalistlər Tbilisidəki Luqar Mərkəzini ziyarət ediblər. Mərkəzin rəhbərliyi Rusiyanın ittihamlarına məhz belə cavab verməyi qərara alıb və jurnalistlərə nümayiş etdirib ki, laboratoriyalarda gizli heç bir şey yoxdur.
Gürcüstan Səhiyyə Nazirliyinin nümayəndələri növbəti dəfə jurnalistlərə bildiriblər ki, laboratoriyada yoluxucu xəstəliklərə epidemioloji nəzarətlə məşğul olurlar və burada bioloji, yaxud kimyəvi silahların hazırlanması barədə şayiələri inkar ediblər.
Həmçinin saytımızda oxuyun: “Güman ki, Gürcüstan üçün o, çox böyükdür. Lakin bioloji silahın gizli tədqiqatları üzrə mülahizələr sərsəmlikdir” – açıq və anonim mənbələrin cəlb edilməsi ilə Luqar laboratoriyası haqqında araşdırma
Luqar laboratoriyası ətrafında növbəti ajiotaj hələ Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri İqor Gorqadzenin 11 sentyabr 2018-ci il tarixli qalmaqallı bəyanatından sonra başlamışdı.
Giorqadze bildirmişdi ki, mərkəz bioloji silahın hazırlanması üzrə gizli bioloji laboratoriyadır. Daha sonra o, guya öz sözlərini təsdiqləyən sənədləri açıqlamışdı.
Gürcüstan XİN bununla bağlı xüsusi bəyanat verdi. XİN-də hesab edirlər ki, Rusiya absurd ittihamları ilə “əsas strateji tərəfdaşımız olan Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığımıza ləkə yaxmaq istəyir”, – bunu Gürcüstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Vladimir Konstantinidi deyib.
“Qiymətimiz bundan ibarətdir ki, bu, Rusiya Federasiyasının daim apardığı və konkret halda Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığlmıza ləkə yaxmağa cəhd etdiyi o yalanın növbəti təbliğatıdır. Təbii ki, xarici siyasət qurumumuzun əlində olan alət və vasitələr nəzərə alınaraq, bizim buna müvafiq reaksiyamız olacaq”, – Konstantinidi bildirmişdi.
Tbilisidə qeyd edirlər ki, Giorqadzenin dərc etdiyi sənədlərdə qalmaqallı heç nə yoxdur. Lakin Gürcüstan Səhiyyə Nazirliyinin rəsmi materiallarının onun əlində olması faktının özü göstərir ki, bunlar quruma haker hücumu nəticəsində oğurlanıb.
Gürcüstanın müxalif siyasi və ekspert cameəsində hesab edirlər ki, prezident seçkiləri ərəfəsində Rusiya Gürcüstana bilərəkdən xoşagəlməz, hədə tərkibli ismarıclar yollayır ki, bununla da seçiciləri qorxutsun və müxalifətin səslərinin sayını azaltsın.