Ruben Vardanyan Qarabağı tərk edib? Bakıdan şərh
Ruben Vardanyan Qarabağı tərk edib
Azərbaycan mediası artıq ikinci gündür ki, Ruben Vardanyanın Qarabağı tərk etdiyini və hazırda Moskvada olduğunu iddia edir. Erməni mənbələri hələlik bu xəbəri şərh etməyiblər. Siyasi icmalçı Hacı Namazov hesab edir ki, bu xəbərin əhəmiyyətini qiymətləndirmək üçün Vardanyanın Qarabağı necə tərk etdiyi və qayıdıb-qayıtmayacağı haqda etibarlı məlumat olmalıdır.
- Azərbaycan və Balkan ölkələri bir-birini nə ilə cəlb edir? Bakıdan təhlil
- Türkiyədə ata zəlzələdən sonra qızını dağıntılar altından tapıb. Amma çox gec
- Müstəqil jurnalistlər “Media haqqında” qanunun ləğvini tələb edirlər
Fevralın 7-də Azərbaycanın hökumətyönlü caliber.az saytı tanınmamış DQR-in dövlət naziri Ruben Vardanyanın Rusiya sülhməramlılarının yük maşını ilə Qarabağı tərk etdiyi və hazırda Moskvada olduğu haqda xəbər yayıb.
Bu xəbər sonradan Azərbaycanda bir çox informasiya saytları tərəfindən tirajlanıb. Erməni mənbələri hələlik bu xəbəri şərh etməyiblər.
JAMnews şərh üçün siyasi icmalçı Hacı Namazova müraciət edib.
İnformasiya nə dərəcədə səhihdir?
“Bu məlumatlara etibar etmək olarmı?” sualına ekspert belə cavab verib:
“Vardanyanın özünün və erməni mənbələrinin reaksiyası, daha doğrusu, tamamən reaksiyasızlığı maraqlıdır.
Heç kimə sirr deyil ki, Qarabağın erməni əhalisinin məskunlaşdığı hissəsində və Ermənistanda Azərbaycan KİV-lərinin və Telegram kanallarının nəşrləri ciddi şəkildə izlənilir. Qarşı tərəfin marağına səbəb olan hər bir məlumat dərhal ya təkzib olunur, ya da təsdiqlənir. Bu, hətta hökumət mənbələrinə də aiddir. Məsələn, Azərbaycan və Ermənistanın müdafiə nazirlikləri bir-birlərinin xəbərlərini demək olar ki, dərhal təkzib edirlər və oxucular artıq belə “informasiya dueli”nə öyrəşiblər.
Amma bu dəfə elə bir şey olmadı. Bu, yalnız o demək ola bilər ki, Vardanyan həqiqətən Qarabağı tərk edib, yaxud onun dəqiq yeri erməni mənbələrinə məlum deyil. Amma Vardanyanın özü də onlayn ünsiyyət qurmağı xoşlayır və Azərbaycan mediasında gedən məlumatlara dəfələrlə şəxsən cavab verib. Bu dəfə cavab yoxdur.
Ona görə də inanıram ki, bu xəbərə etibar etmək olar”.
Vardanyan Qarabağı hansı yolla tərk edib?
Namazovun sözlərinə görə, bu xəbərin əhəmiyyətini qiymətləndirmək üçün Vardanyanın Qarabağı necə tərk etdiyi və qayıdıb-qayıtmayacağı haqda etibarlı məlumat olmalıdır:
“Mən artıq mətbuatda Vardanyanın Qarabağı necə tərk edə biləcəyi ilə bağlı iki versiyaya rast gəlmişəm. Birincisi, Rusiya sülhməramlı kontingentinin avtomobilində, ikincisi isə həmin kontingentin helikopterində.
Əgər birinci halda bu, sülhməramlıların komandanlığı ilə adi razılaşmanın nəticəsi ola bilərdisə, ikinci halda rəsmi Bakının bundan xəbəri olmalı idi. Bu versiyaların heç birini istisna etmək olmaz. Amma nəticələr fərqli olacaq”.
Siyasi icmalçı hesab edir ki, Vardanyan Qarabağı Rusiya sülhməramlılarının təchizat maşını ilə tərk edibsə, o zaman eyni şəkildə geri qayıda bilər.
“Amma bu, Azərbaycanın icazəsi əsasında hava yolu ilə baş veribsə, o zaman qondarma rejimin dövlət naziri adlanan şəxs daha Xankəndiyə qayıda bilməyəcək.
Bunun izahı sadədir: Bakı yalnız bir şərtlə Xankəndidən uçmağa icazə verə bilərdi ki, o, daha geri qayıtmasın. Digər hal praktiki olaraq mümkün deyil”, – politoloq qeyd edib.
Hansı nəticələr ola bilər?
“Əgər Bakının özü Vardanyanın getməsinə icazə versə və ya sadəcə olaraq buna göz yumsa, o zaman belə bir addımın nəticələri özünü çox gözlətməyəcək.
Araik Harutyunyan və Qarabağın erməni əhalisini təmsil edən digər şəxslərlə, demək olar ki, rəsmi Bakı işgüzar əlaqələr qurub. Azərbaycanın yeganə tələbi Ruben Vardanyanı Xankəndidəki hakimiyyətdən uzaqlaşdırmaq idi.
Əgər bu yolla erməni tərəfi bu tələbi yerinə yetirmək qərarına gəlibsə, o zaman yaxın günlərdə Qarabağın bu hissəsi ətrafında bizi çox səs-küylü hadisələr gözləyir. Bu, Laçın yolunda etiraz aksiyasına son qoyulması, azərbaycanlı mütəxəssislərin yataqların monitorinqi və döyüşən tərəflərin mövqelərinin yaxınlaşması istiqamətində atılan digər addımlar ola bilər”, – deyə Namazov öz sözlərini yekunlaşdırıb.