Robotlar insanlardan daha yaxşı oxuya bilir
Stenford Universitetinin alimləri mətnin oxunması və anlaşılması ilə bağlı xüsusi test həyata keçiriblər. Bu sınaqda Çinin Alibaba şirkəti tərəfindən hazırlanmış süni intellekt (Sİ) insan zəkası ilə müqayisə olunub.
Testin nəticələrinə görə, Sİ ilk dəfədir ki, mətni anlamaq sarıdan insan zəkasını geridə qoyub.
Daha sonra Microsoft-dan olan neyron şəbəkə də eyni testdən keçirilib. Onun da nəticələri insanın nəticələrindən yüksək olub.
Robotlar tədricən ən müxtəlif sahələrdə iş yerlərini tutur. Onlar artıq bir çox anbar fəhlələrini əvəz edib, avtomobil avtopilotu texnologiyasının sürətli inkişafı isə taksiçilər və uzun məsafə sürücüləri üçün parlaq gələcək vəd etmir.
Ekspertlər ehtimal edirlər ki, süni intellekt sistemləri tezliklə daha çox iş yerini insanların əlindən ala biləcək. Məsələn, onlar online rejimdə pasiyentləri konsultasiya edə bilər ki, bu da insanların xəstəxanaya getmək ehtiyacını xeyli azalda bilər.
Süni intellekt sahəsində yarışlar artıq beynəlxalq xarakter alıb. Az əvvəl Rusiya prezidenti Vladimir Putin bununla bağlı fikrini açıqlayıb. O, hesab edir ki, Sİ hazırlanması sahəsində lider ölkə “dünya hökmdarı” olacaq.
Yarım il əvvəl Çin hakimiyyəti plan dərc edib. Bu plana əsasən, 2030-cu ilə qədər ölkə süni intellekt hazırlanması sahəsində lider olmalıdır. Bunun üçün onlar yaxın bir neçə ildə 150 milyard dollar xərcləməyə hazırdır.
Amma Microsoft nümayəndəsi Endryu Pikap bəyan edib ki, “Sİ-in əsl faydası insan imkanları ilə ahəng içərisində istifadə olunanda özünü göstərir”.