Rəy: Necə oldu ki, Rusiyada vətəndaş cəmiyyətinin yerinə dövlət cəmiyyəti çiçəklənir
∗ Olqa Romanovanın şərhi Rusiyanın Republic nəşrində dərc olunub.
_______________________________________________
Bir vaxtlar Rusiyada özəl neft, özəl banklar və özəl televiziya vardı. Hazırkı Rusiyada xalq təsərrüfatının dövlətin nəzarətindən kənar sahələrinin mövcudluğu barədə danışmaq mümkün deyil.
Hələ bu yaxınlarda Rusiyada müstəqil vəkillik, qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri vardı. Lakin indi bunların hamısı ləğv olunub.
Rəsmi olaraq elan edilib ki, ölkədə əsas hüquq müdafiəçiləri Putin, prokurorluq və məhkəmədir.
Başqa sözlə, indi dövlət əsas hüquq müdafiəçisi mövqeyini tutur. Yəni arılar bala qarşı çıxış edirlər. Məmurlar vətəndaşların hüquqlarının başqa məmurlar tərəfindən pozulmasına qarşıdır.
•«Çox insani insan» — Rusiya TV-sində Putin haqqında sevən veriliş
Məxsusi olaraq bütün bunlar üçün dekabrın 10-da, İnsan hüquqları günündə, Moskvada Zurab Seretelinin heykəli ilə bəzədilmiş əməlli-başlı saray – İnsan hüquqları evi açılıb.
Burada hər şey mərkəzləşdirilib: elektron növbə, talonlar, parlaq mərmər və qızıl suyu.
Lakin bu da kifayət etmir. Hələ [hakim] «Vahid Rusiya» partiyasında xüsusi Hüquq müdafiə mərkəzi də yaradılıb. Ona “Russia Today”in [Rusiyanın hökumətyönlü telekanalı] redaktoru Marqarita Simonyan başçılıq edir.
Bəs, belə demək mümkünsə, ənənəvi hüquq müdafiəçiləri nə etsinlər? Dövlətdən olmayanlar.
Onların üç çıxış yolu var: dövlətə birləşmək, çıxıb getmək, yaxud da həbs olunmaq.
Yeri gəlmişkən, çox sayda insan hər üç yolu keçib.
Hər şey də elə buna doğru gedirdi.
•Əvvəlcə prezident qrantları və onların əsasında qonqo [saxta] hüquq müdafiəsinin həyata keçirilməsi.
•Sonra – başa düşməyənlər üçün – xarici agent statusu.
•Bundan sonra da başa düşməyənlər üçün – müflisləşdirici cərimələr və ya məhkəmə, həbs.
Bu da prezident Putinin müstəqil hüquq müdafiəçiləri ilə bağlı fikri, burada o, “İnsan haqları uğrunda” təşkilatının rəhbəri, məşhur Lev Ponomaryov haqqında danışır:
«O, Krım üzrə ABŞ-la həmrəyləşdi, Kuril adalarının verilməsi üzrə yaponlarla danışıqlar apardı, bu kimdir, beynəlxalq ekspertdir? Məgər bu hüquq müdafiə fəaliyyətidir?»
Putindən daha bir sitat:
«Bütün dünyada bu [iğtişaşlar] baş verir, biz nə ilə fərqlənirik. Baxın, Fransada nə baş verir, ABŞ-da hər zaman nələr olur… Deyirlər ki, [etirazların iştirakçısı] hakimiyyət orqanlarının nümayəndəsinə plastik stəkan atıb. Atıb – heç nə. Sonra plastik butılka – yenə heç nə. Sonra isə şüşə butılka atacaq, daha sonra daş. Sonra atəş açmağa və mağazaları dağıtmağa başlayacaqlar. Biz buna yol verməməliyik».
Dərhal yada Ağıllı Elza haqqında rəvayət düşür:
«Hansa ərə gedəcəyəm, uşağımız anadan olacaq, böyüyəcək, onu zirzəmiyə pivə süzməyə göndərəcəyik, birdən başına külüng düşər və onu öldürər».
Gəlin külüngü, pivəni və Hansı qadağan edək. Kimya dərslərini də, birdən nəsə edərlər, bomba-filan düzəldərlər. Oxumağı da qadağan etsək yaxşıdır, bu ümumiyyətlə, ən zərərli işdir.
Hakimiyyətlə cəmiyyətin heç bir dialoqu olmayacaq.
Navalnı [Rusiya müxalifətinin lideri] söhbət etmək üçün Moskva şəhər dumasına [Moskvadakı şəhər parlamenti] gəlib? Yox.
Siz sosial şəbəkədə kimin postunu paylaşmısınız? “Deutsche Welle”, ВВС, «Azadlıq Radiosu»? Layk qoymusunuz? İndi siz artıq fiziki şəxs – xarici agentsiniz, özünüz pencəyinizin yaxasına işarə tikin, bu da sizə başlanğıc üçün cərimə, sonra isə yenə səsinizi kəsməsəniz, 15 sutkaya qədər həbs.
Sizin üçün İnsan hüquqları evi tikiblər – ora gedin, yaxşı evdir, xalis Luna-parkdır. Özünüzə talon götürün və orada danışın. Biz sizi uçota götürərik.
Hələlik gedin. Sərbəstsiniz.