“Qeyri-etik mənzərə”: Saakaşvilinin məhkəməsi onun distant iştirakı ilə davam edir
Saakaşvilinin son halı
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin məhkəməsi davam edir və o, videobağlantı vasitəsilə növbəti iclasda iştirak edib. Məhkəməyə həm gürcü, həm də Ukrayna dilində müraciət edərək, yeganə tələbinin “adekvat müalicə imkanlarının təmin edilməsi” olduğunu söyləyib.
Eks-prezident çıxışı zamanı səhhətindən danışıb və fiziki durumunu göstərmək üçün köynəyini yuxarı çəkib. O, bunu “qeyri-etik mənzərə” adlandırıb və üzr istəyib.
Mixail Saakaşvili xeyli arıqlayıb, qabırğalarının görünməsi bunu əyani sübut edir. O, nitqini yavaş-yavaş, fasilələrlə söyləyir və bu pauzalarda ağır-ağır nəfəs alırdı.
“Ukraynanın qələbəsinə əminəm, amma qələbəni görməsəm də, bu yaxındır, mənim ürəyim Kiyevdə dəfn edilməlidir, o, Ukraynaya məxsusdur”, – Saakaşvili deyib.



- Gürcüstan prezidenti Saakaşvilini əfv edəcəkmi? Hamı ona müraciət edir: kim lehinə, kim əleyhinədir?
- Mixail Saakaşvilinin görüntülərini Gürcüstan Penitensiar Xidməti yayıb
- “Atamın həbsdə ölməsinə imkan verməməliyik” – Gürcüstanın eks-prezidentinin oğlu
Ailə üzvlərinin və vəkillərin sözlərinə görə, Mixail Saakaşvilidə sürətli kaxeksiya prosesi başlayıb. Ombudsman Şurasının Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı rəyində 4-cü dərəcəli kaxeksiyaya da toxunulur və onun xaricdəki multidissiplinar klinikaya köçürülməsi qeyd olunur.
2022-ci il dekabrın 29-da Saakaşvilinin məhkəməsində amerikalı toksikoloq Devid Smit şahid qismində dindirilib. Onun sözlərinə görə, Gürcüstanın eks-prezidenti Vivamed klinikasına köçürülməzdən əvvəl həbsxanada ağır metallarla zəhərlənib.
Bizi izləyin – Twitter | Facebook | Telegram
“Bu metallar səhhəti pisləşdirir və pasiyentin xəstəliyi ilə əlaqəlidir. Məncə, Saakaşvilinin ilk intoksikasiyası mart ayında, Vivamed-ə köçürülməzdən əvvəl baş verib və sonradan bu ağır metallar müxtəlif orqanlara ziyan vurub. Onu tibb müəssisəsinə aparanda simptomlar olub. Yəni mən hesab edirəm ki, o, əvvəllər, yəni həbsxanada ağır metallarla zəhərlənib. Güman edirəm ki, bu zəhərli maddələrin dozası o qədər yüksək olub ki, hətta beş aydan sonra da onların konsentrasiyası normadan artıq olub”, – Smit deyir.
Mixail Saakaşvilinin məhkəməsində şahid qismində Vivamed klinikasının nevropatoloqu Tamar Abaşidze də dindirilib. Onun sözlərinə görə, son aylarda Mixail Saakaşvilinin nevroloji vəziyyəti xeyli pisləşib.
Saakaşvili istəyinə baxmayaraq, yanvarın 17-də keçirilən məhkəmə iclasında iştirak edə bilməyib. Məhkəmədə amerikalı həkim, Nobel mükafatı laureatı Ceyms Kobe Mixail Saakaşvilini oktyabrın 8-də müayinə etdiyini bildirib. Onun sözlərinə görə, Mixail Saakaşvili noyabr ayında MRT müayinəsindən keçib və onun bud-çanaq oynaqlarında artrit olduğu üzə çıxıb.
Kobinin sözlərinə görə, Mixail Saakaşvilinin hər iki omba oynaqlarında aşkar edilən artrit zəhərli təsirin nəticəsi ola bilər. O, izah edir ki, Mixail Saakaşvilinin boynunda və sol oynağında əməliyyata ehtiyac var. Bu əməliyyat vaxtında həyata keçirilməsə, Saakaşvili hərəkət qabiliyyətini itirəcək.